AZ

Zəngəzur dəhlizinin açılması İrəvana Cənubi Qafqazın regional nəqliyyat infrastrukturuna inteqrasiya imkanı verəcək EKSPERT

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 10 avqust, Tamilla Məmmədova, AZƏRTAC

AZƏRTAC tarix elmləri üzrə fəlsəfə doktoru, dosent, Şərq Mədəniyyət Mərkəzinin rəhbəri və Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Rusiya Dövlət Humanitar Universitetinin Şərqşünaslıq və Afrikaşünaslıq kafedrasının dosenti, həmçinin Milli Tədqiqat Universiteti “Ali İqtisadiyyat Məktəbi”nin Müasir İran üzrə Elmi-Tədqiqat Laboratoriyasının aparıcı elmi işçisi Lana Rəvəndi-Fədai ilə müsahibəni təqdim edir.

– İran ilə Cənubi Qafqaz ölkələri, xüsusilə Azərbaycan arasındakı iqtisadi münasibətlərin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz? Sizin fikrinizcə, əməkdaşlığın genişləndirilməsi üçün ən perspektivli sahələr hansılardır?

- Ümumilikdə, İran ilə Cənubi Qafqaz ölkələri, o cümlədən Azərbaycan arasındakı iqtisadi münasibətlərin səviyyəsi qənaətbəxş sayıla bilər. Lakin bu münasibətlərin daha da genişləndirilməsinə və dərinləşdirilməsinə ciddi ehtiyac var. Məsələn, əgər 2023-cü ildə İran ilə Azərbaycan arasında ticarət dövriyyəsi 480 milyon dollar təşkil edirdisə, 2024-cü ildə bu rəqəm 580 milyon dollara çatıb. Cari ilin ilk yarısında da artım tendensiyası davam edir. Bu isə ikitərəfli ticarətdə hələ də tam reallaşdırılmamış əhəmiyyətli potensialın mövcudluğundan xəbər verir. Məhz buna görə də Tehran və Bakı qarşıdakı beş il ərzində qarşılıqlı ticarət dövriyyəsini 10 milyard dollara çatdırmaq kimi iddialı bir hədəf qarşıya qoyub. İran və Azərbaycan arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün ən perspektivli sahələrə gəldikdə isə, mənim fikrimcə, nəqliyyat, energetika və kənd təsərrüfatı bu baxımdan xüsusi önəm daşıyır.

Bundan əlavə, Azərbaycan sənaye sektorunun yüksək inkişaf səviyyəsi sayəsində İrana maşınqayırma məhsulları ixrac etmək imkanına da malikdir ki, bu da əməkdaşlıq üçün yeni imkanlar açır.

– İran regionda nəqliyyat marşrutlarının müzakirəsində fəal iştirak edir. Sizcə, İran yeni logistika zəncirlərinin formalaşmasında, xüsusilə TransXəzər marşrutu kontekstində hansı rolu oynaya bilər?

- İran, ilk növbədə, inşası davam edən “Şimal–Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə əsas diqqət yetirir. İran üçün bu layihə əsl “qızıl mədəninə” çevrilə bilər. İran rəsmilərinin qiymətləndirmələrinə görə, dəhlizin tam şəkildə reallaşacağı təqdirdə tranzit gəlirləri hazırkı 1 milyard dollardan 20 milyard dollara qədər artacaq. Tehran üçün bu dəhlizin Xəzər istiqaməti xüsusilə əhəmiyyətlidir, çünki İran Xəzər dənizi limanlarının, eyni zamanda Körfəz limanlarının yük dövriyyəsinin əhəmiyyətli dərəcədə artacağını gözləyir. Bununla yanaşı, bu marşrutun dayanıqlığını təmin etmək üçün infrastrukturun modernləşdirilməsi istiqamətində genişmiqyaslı işlər görülməlidir ki, bu da layihənin mərhələli və uzunmüddətli şəkildə həyata keçirilməsini tələb edir.

TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (TBNM) gəldikdə isə, bu istiqamət də İran üçün əhəmiyyətlidir, baxmayaraq ki, “Şimal–Cənub” dəhlizi ilə müqayisədə prioritet baxımından ikinci planda dayanır. Bununla belə, İran TransXəzər marşrutunun inkişafında da fəal iştirak edir və bu çərçivədə dəmir yolu əlaqələrinin genişləndirilməsinə xüsusi diqqət yetirir. Bu, xüsusilə Sərəxs (Türkmənistan) – Sərəxs (İran) və Akyayla (Türkmənistan) – İnçeburun (İran) sərhəd keçid məntəqələri vasitəsilə həyata keçirilir.

– Zəngəzur dəhlizi İran üzərindən keçən ənənəvi nəqliyyat marşrutlarına necə təsir göstərə və regionda maraqlar balansını necə dəyişə bilər? Sizcə, bu dəhlizin açılması İran və bütövlükdə region üçün hansı imkanlar yarada bilər?

- Mənim fikrimcə, Zəngəzur dəhlizinin açılması halında təkcə Azərbaycan deyil, Ermənistanın özü də bu prosesdən faydalana bilər. Bu, İrəvana Cənubi Qafqazın regional nəqliyyat infrastrukturuna inteqrasiya olunmaq imkanı verər və ölkənin cənub bölgələrinin iqtisadi inkişafını sürətləndirə bilər. Qeyd etmək lazımdır ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yüklərin çatdırılma müddətini təxminən 40 faiz azalda bilər ki, bu da logistik baxımından olduqca cəlbedicidir.

– İran, Azərbaycan və Türkiyə arasında nəqliyyat layihələri və enerji sahəsində üçtərəfli əməkdaşlığın perspektivlərini necə qiymətləndirirsiniz? Regionda “yeni geoiqtisadi ox”un formalaşması mümkündürmü?

– İran, Azərbaycan və Türkiyə arasında nəqliyyat və enerji sahələrində əməkdaşlıq perspektivləri kifayət qədər müsbət görünür, xüsusilə də nəzərə alsaq ki, İran Prezidenti Məsud Pezeşkiyanın administrasiyası hər iki ölkə ilə münasibətləri yaxşılaşdırmaq üçün ciddi səylər göstərir. Yaxınlaşma prosesi sürətlə gedir və artıq bir sıra istiqamətlər üzrə ilk nəticələrini verməyə başlayıb. Bu kontekstdə, həqiqətən də, regionda “yeni geoiqtisadi ox”un formalaşmasından danışmaq olar. Bu oxun əsasında üç ölkənin logistika, enerji və regional inkişaf sahələrində ortaq maraqları dayanır.

— Enerji sahəsində əməkdaşlığın fəallaşdığını nəzərə alaraq, ölkələrimiz arasında "yaşıl energetika" və ya enerji infrastrukturunun modernləşdirilməsi sahəsində ikitərəfli təşəbbüslərin genişləndirilməsini nə dərəcədə vacib hesab edirsiniz?

— Şübhəsiz ki, İran və Azərbaycan su elektrik enerjisinin, xüsusilə də Araz çayı üzərində hidroenergetika sahəsində, eləcə də günəş enerjisinin inkişafı istiqamətində əməkdaşlıq üçün əhəmiyyətli potensiala malikdir. Prezident Məsud Pezeşkiyan Araz çayının yaşıl enerji istehsalında istifadəsinin vacibliyini dəfələrlə vurğulayıb. Öz növbəsində, Azərbaycan 2030-cu ilə qədər bərpaolunan enerji istehsal gücünü 6,5 giqavata çatdırmağı planlaşdırır ki, bu da regional əməkdaşlıq üçün geniş imkanlar açır.

Türkiyə Azərbaycandan "yaşıl elektrik" enerjisinin idxalına maraq göstərir. Lakin bu layihənin reallaşması üçün iki ölkənin enerji sistemlərinin qarşılıqlı uyğunlaşdırılması tələb olunur. Bütün bu proseslər istər-istəməz üç ölkənin enerji infrastrukturunun modernləşdirilməsinə təkan verəcək. Bu xüsusilə İran üçün aktualdır, çünki bu ölkədə enerji infrastrukturunun böyük bir hissəsi investisiya çatışmazlığı səbəbindən köhnəlmiş vəziyyətdədir.

– İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) çərçivəsində region ölkələri arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini necə qiymətləndirirsiniz? Sizin fikrinizcə, hansı sahələrdə – məsələn, nəqliyyat, ticarət, energetika və ya rəqəmsal iqtisadiyyat – praktiki irəliləyiş üçün daha böyük potensial mövcuddur?

– İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində iqtisadi əməkdaşlığın dərinləşdirilməsi perspektivləri olduqca əhəmiyyətli görünür. Ən perspektivli sahələr arasında ilk növbədə nəqliyyat infrastrukturunun inkişafını qeyd etmək olar. Bu baxımdan, regionun əlaqələndirilməsində açar rol oynayan “Şimal–Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi xüsusilə mühüm əhəmiyyət kəsb edir. Energetika sahəsində də geniş imkanlar mövcuddur – burada həm ortaq enerji şəbəkələrinin inkişafı, həm də neft və qazın tranziti nəzərdə tutulur. Bu, enerji təhlükəsizliyini möhkəmləndirə və davamlı inkişafa töhfə verə bilər. Həmçinin investisiya əməkdaşlığı sahəsində də böyük potensial var. Burada həm dövlət, həm də özəl investisiyaların ECO üzvü olan ölkələrin iqtisadiyyatının strateji sahələrinə yönəldilməsi vacibdir.

Nəhayət, rəqəmsal iqtisadiyyat mühüm istiqamətlərdən biri olaraq çıxış edir. Bu sahənin inkişafı milli iqtisadiyyatların transformasiyasını sürətləndirə, ticarətin səmərəliliyini artıra və regionda əməkdaşlığın yeni formalarının yaranmasına imkan verə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
78
50
azertag.az

10Mənbələr