AZ

Deputat: İki ölkə bu qənaətə gəldi ki, Trampın rəhbərlik etdiyi platforma daha etibarlıdır

BAKI, 10 avqust. TELEQRAF

“44 günlük müharibə nəticəsində Azərbaycan Ermənistan və onun arxasında dayanan məkirli qüvvələr üzərində qələbə qazandı. Lakin müharibədən sonra da ölkəmizə qarşı ciddi təzyiqlər oldu. Həm Qərb, həm İran, həm də Rusiya tərəfindən müxtəlif siyasi və diplomatik basqılar müşahidə olundu. Rusiya qoşunları sülhməramlı adı altında bölgəyə yerləşmiş, bölgədə özünü buranın “sahibi” kimi aparmağa başlamışdı”.

Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Elşad Musayev deyib.

O vurğulayıb ki, bu zamana qədər sülh sazişinin imzalanması ilə bağlı məsələ müxtəlif platformalarda - Rusiya, ABŞ və Avropa İttifaqı çərçivəsində müzakirə olunub:

“Həmin dövrdə ABŞ-da Bayden hakimiyyətdə idi və münasibətlər kifayət qədər gərgin keçirdi. Haqq və ədaləti müzakirə etmək istəmirdilər, əksinə Ermənistana dəstək verməklə süni balans yaratmağa çalışırdılar. Ona görə də biz hesab edirdik ki, bu məsələ vasitəçilərsiz, birbaşa danışıqlar yolu ilə həll olunmalıdır. Xeyli müddət danışıqlar bu cür oldu. Ermənistan da güzəştə getməyə məcbur qaldı, onların başqa seçimi olmadı”.

Deputat hesab edir ki, Azərbaycan və Ermənistan siyasi hakimiyyətləri uzun danışıqlardan sonra bu qənaətə gəldi ki, ABŞ prezidenti Donald Trampın rəhbərlik etdiyi platforma daha etibarlı təminatçıdır.

“Nəzərə almaq lazımdır ki, dünya siyasətinə ən çox təsir edən ölkə ABŞ-dır. Onun həm Rusiya, həm İran, həm də Avropa ölkələrinə təsir imkanları mövcuddur. Məhz bu səbəbdən sülhə dair birgə bəyannamənin Vaşinqtonda imzalanması qərara alındı. Bu, tarixi hadisədir.

Paraflanmanın detalları ilə bağlı birgə görüş də keçirildi. Bundan sonrakı mərhələdə də görüləcək işlər çoxdur. Düşünürəm ki, bu, birinci mərhələ üçün uğurlu addımdır. Prezidentin apardığı uğurlu və qətiyyətli xarici siyasəti dəstəkləmək vacibdir. Eyni zamanda növbəti mərhələyə ehtiyatla yanaşmaq lazımdır. Çünki bu, daha çətin və gərgin mərhələ olacaq. Bu prosesdə qıcıqlanan müəyyən ölkələr var. ABŞ-nin bu bölgədə təmsilçiliyi Rusiyanın buradan təxminən 100 illik müddətinə kənara çəkilməsi deməkdir. Həmçinin bu, İranın bölgə ilə bağlı məkirli planlarının qarşısının alınması anlamına gəlir.

Hesab edirəm ki, bundan sonrakı mərhələdə müəyən gərginliklər olacaq. Bütün bunlara baxmayaraq, Azərbaycan bu gərginliyi aşmaq iqtidarındadır. Ermənistan isə verdiyi vədlərə əməl etməlidir. Dünən baş verən tarixi hadisəni hazırkı dövr üçün müsbət qiymətləndirmək lazımdır” , - Elşad Musayev qeyd edib.

Seçilən
21
teleqraf.com

1Mənbələr