Bolu Abant İzzet Baysal Universitetində beyin xərçəngi müalicəsi üçün effektiv nanomolekul hazırlanıb.
E-saglam.az-ın məlumatına görə, molekul həm xərçəng hüceyrələrini hədəf alır, həm də yara sağaldıcı və antibakterial təsirlərə malikdir. Bu, Türkiyədə bu sahədə alınan ilk patentdir.
Layihə 2020-ci ildə başlayıb. Məqsəd – beyinə nüfuz edə bilən, az zərərli və təsirli bir müalicə forması yaratmaq olub. Nanomolekul quercetin, xitosan və nano gümüş kimi təbii maddələrin birləşməsindən hazırlanıb.
Tədqiqatı aparan Prof. Dr. Akif Hakan Kurt bildirib ki, bu molekul beynin qoruyucu baryerini keçərək birbaşa xərçəng hüceyrələrinə çata bilir və onları yox edir.
Bundan əlavə, molekul antibiotiklərə davamlı bakteriyalara qarşı da təsirlidir və diabetik yaralar daxil olmaqla bir çox yara növünün sağalmasını sürətləndirə bilər.
Hazırda bu molekulun dərman və krem formasında istifadəsi üçün tədqiqatlar davam edir. Məqsəd, həm xərçəng, həm də infeksiya və yara müalicəsində yeni bir vasitə təqdim etməkdir.
Tərcümə: Könül Oruc
E-saglam.az