AZ

Nağılçının tənha həyatı: Kiçik evdən böyük dünyaya çıxış

Odens - köhnə balaca evləri, gözəl yaşıl parkları, maraqlı muzeyləri və möhtəşəm sarayları olan füsunkar küçələrlə əhatələnən şəhərdir. Skandinaviya tanrısı Odinin şərəfinə adlandırılan şəhər min il əvvəl qurulub. Amma şəhəri dünyada daha çox tanıdan böyük nağıl ustası Hans Xristian Andersenin doğulduğu yer olmasıdır.

Odens - Kopenhagendən 2 saatlıq məsafədədir. Dəmiryol stansiyasından çıxıb kiçik rəngli avtobusa yaxınlaşıb muzeyin ünvanını soruşuram. Bu şəhərdə “hop on-hop off” avtobusları turistləri pulsuz gəzdirir. Sürücü muzeyin yerləşdiyi əraziyə yaxın yerdə saxlayır: “Buradan düz gedin, muzey qarşınızda olacaq!”

Kasıb ailənin yeganə övladı

Andersen Muzeyi ilə yazıçının doğulduğu ev bir-birinə yaxın məsafədə yerləşir. Bir biletlə hər ikisini gəzmək mümkündür (Muzeyə giriş bileti 28 AZN-dir). Hər gün muzeyi yüzlərlə insan ziyarət edir. Muzeydə ən müasir avadanlıq, o cümlədən kitabxana fonduna qoşulmuş multimedia ekranları, Andersenin nağıllarını dinləmək üçün çoxsaylı məntəqələr var.
Andersenin doğulduğu ev çox kiçikdir, bir neçə balaca otaqdan ibarətdir. Bu balaca ev dünyaya dahi bir yazıçı bəxş edib. Kasıb ailənin yeganə övladı Hans bu balaca otaqlarda böyüyüb. Çəkməçi atası dünyadan köçəndən sonra evlərdə paltar yuyan anasına kömək etmək üçün erkən yaşlarında işləməyə başlayıb. Ancaq yaşadığı həyatın sərtliyi onun nağıllar uydurmasına mane ola bilməyib. O, uydurduğu nağılları danışmağı və adamları inandırmağı xoşlayırmış. Həyatla döyüşərkən ağlına da gəlməzdi ki, bir gün bu nağıllar kitab səhifələrinə köçəcək, teatrların səhnəsinə çıxacaq, sərhədlər aşacaq. Bütün dünya “Çirkin ördək balası”, “Çaxmaq daşı”, “Qalay əsgər”, “Düyməcik”, ”Su pərisi”, “Qar kraliçası”, “Kralın təzə libası”, “Noxud üstündə yatmış şahzadə qız”dan bəhs edəcək...

Dahi nağılçıya həsr olunmuş ilk muzey

Andersen Muzeyi 1908-ci ildə açılıb. Bu, dünyada böyük nağılçıya həsr olunmuş ilk muzeylərdən biridir. Muzeyin eksponatları yazıçının uşaqlıq illərindən, kasıb bir çəkməçinin oğlu olduğu dövrdən başlayaraq bütün həyat yolunu əhatə edir.

Sonradan muzey əşyaları müasir muzey binasına köçürülüb. Yapon memarı Kenqo Kuma və muzey dizaynı üzrə konsaltinq şirkəti “Event Communications” Andersen Muzeyi üçün yeni “Nağıl evi” konseptinin layihələndirilməsi üzrə beynəlxalq müsabiqədə qalib gəlir.

Muzey sərgisi bir neçə tematik hissəyə bölünür

Qeyri-adi muzey sərgisi bir neçə tematik hissəyə bölünür. “Əsr” - Andersenin dövründən bəhs edir. “İnsan” – yazıçının özü haqqında, zahiri görkəmindən tutmuş xarakter xüsusiyyətlərinə, vərdişlərinə qədər eksponatlardan ibarətdir. “Həyat” və “İş” sərgilərindən əlavə, yazıçının vizual yaradıcılığına həsr olunmuş ayrıca “İncəsənət” sərgisi də maraq doğurur: burada nağılçının rəsmləri və kəsilmiş kağız siluetləri yer alıb. Ekspozisiyada yazıçının kağızdan fiqurlarını kəsmək üçün istifadə etdiyi nəhəng qayçı nümayiş etdirilir. Onların ölçüsünü və fiqurların təfərrüatını nəzərə alsaq, Andersenin nəinki nəhəng yaradıcılığa, həm də heç də az səbrə malik olmadığı aydın olur.

Seçilən
19
publika.az

1Mənbələr