AZ

Səməd Seyidov: Prezident İlham Əliyev müharibədə qalib gəldi, Vaşinqtonda isə sülhə nail oldu

BAKI, 9 avqust. TELEQRAF

Düşünürəm ki, dünyanın ən qüdrətli ölkəsi və onun qüdrətli prezidenti tərəfindən özünün yaratdığı yeni reallığın hərtərəfli tanınmasına nail olan Prezident İlham Əliyevin tarixi nitqini izləyən və dinləyən hər bir vətəndaşımız öz ölkəsi və xalqı üçün sonsuz qürur hissi keçirdi. Bu tarixi hadisə avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə getdiyi Vaşinqtonda baş verdi.

Bu sözləri Teleqraf-a Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, deputat Səməd Seyidov deyib.

Onun fikrincə, ümumiyyətlə, Prezident İlham Əliyevin Vaşinqton gündəliyini 2 əsas istiqamətə bölmək olar:

“Bu ilk növbədə Azərbaycan-Amerika münasibətləri və Azərbaycan-Ermənistan sülh gündəliyi ilə bağlı idi. Bir neçə il əvvəl yuxarıda qeyd olunan gündəmlə ABŞ-yə belə yüksək səviyyədə səfəri təsəvvür etmək belə çətin olardı. Amma Prezident İlham Əliyevin daxili və xarici siyasətində qazandığı tarixi uğurları onun həyata keçirilməsi üçün bütün zəruri şərait və ilkin şərtləri yaradıb. Onun rəhbərliyi ilə ölkə qarşıya qoyduğu bütün məqsədlərə nail olub.

2020-ci il Vətən Müharibəsi nəticəsində Azərbaycan öz ərazilərini azad etdi və Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. Tarixi qələbəsini möhkəmləndirən Azərbaycan bir sıra əməliyyatlar, o cümlədən “Qisas əməliyyatı” həyata keçirdi və bu əməliyyatlar zamanı Ermənistan ordusunun qalıqları və ermənilərin qanunsuz silahlı birləşmələri kritik vəziyyətlə üzləşdi. Öz uğurlarına əsaslanaraq, separatçılar və onlara rəğbət bəsləyən ünsürlərin təxribatlarının qarşısını almağa çalışan Azərbaycan Laçında sərhəd-keçid məntəqəsi yaratdı.

Təəssüflər olsun ki, bütün bu addımlar separatçıları cinayətkar əməllərindən dayandıra bilmədi və Azərbaycanı 2023-cü ildə 24 saatlıq antiterror əməliyyatı keçirməyə məcbur etdi ki, bu da bizə ölkəmizin suverenliyini tam bərpa etməyə imkan verdi”.

Komitə sədri bildirib ki, II Dünya müharibəsindən sonrakı son 80 ildə belə tam və qeyd-şərtsiz qələbəyə nail olmuş bir ölkə nümunəsi tapmaq üçün çətindir: “Lakin müharibədə qalib gələrək ölkənin tam suverenliyini bərpa edən Prezident İlham Əliyev Azərbaycanın həmişə səy göstərdiyi sülh proqramının müəllifinə çevrildi, çünki o, heç vaxt müharibənin qızışdırıcısı olmayıb, əksinə, ölkəsinin müstəqilliyi və suverenliyini müdafiə etməyə məcbur olub.

Məhz buna görə də 2022-ci ilin əvvəlində Azərbaycan Ermənistana Azərbaycanın təklif etdiyi sülh müqaviləsinin əsasını təşkil etməli olan 5 əsas sülh prinsipini təqdim etdi. Bu prinsiplər qarşılıqlı suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının tanınması, bir-birinə qarşı ərazi iddialarının rədd edilməsi, güc tətbiq etməkdən imtina, sərhədlərin demarkasiyası və delimitasiyası, diplomatik münasibətlərin qurulması, kommunikasiyaların açılmasını özündə ehtiva edirdi.

Eyni prinsiplərə əsaslanaraq Azərbaycan sülh müqaviləsinin mətnini özü hazırlayıb. Lakin Ermənistan özünü son dərəcə qeyri-səmimi apararaq, sülh müqaviləsinin mətninə Qarabağda yaşayan erməni millətindən olan sakinlərlə bağlı bənd daxil etməyə çalışıb. Azərbaycanın Ermənistanı bu cür yanaşmanın qeyri-sabitliyinə, daxili məsələlərin dövlətlərarası sənəd predmeti ola bilməyəcəyinə inandırmaq üçün etdiyi bütün cəhdlər Ermənistanın sərt müqaviməti ilə üzləşdi. Yalnız 2023-cü ildə antiterror əməliyyatından sonra bu məsələ gündəmdən çıxarıldı.

Təkcə pozucu olan Ermənistan deyildi, Bayden-Blinken administrasiyası (ABŞ-nin sabiq prezidenti Cozef Bayden və dövlət katibi Entoni Blinken-red.) Fransa Prezidenti Makron da Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində öz sifarişlərini tətbiq etməyə çalışırdılar. Bunun üçün çirkin eyhamlara, təzyiqlərə, siyasi və diplomatik təxribatlara əl atsalar da, məqsədlərinə nail ola bilmədilər. Bütün bu cəhdlərin nəticəsizliyi Ermənistanı real, substantiv danışıqlara başlamağa məcbur etdi və bu danışıqlar 2025-ci ilin martında uğurla başa çatdı”.

Səməd Seyidov hesab edir ki, dünən Vaşinqtonda imzalanmış birgə bəyannamə Azərbaycanın və Prezident İlham Əliyevin növbəti qələbəsi oldu: “Çünki Ermənistan ölkəmizin bütün şərtlərini qəbul edib. Minsk Qrupunun mümkün qədər tez ləğv edilməsinin zəruriliyi ilə bağlı ATƏT-in baş katibinə birgə məktub imzalanıb. Ermənistan öz konstitusiyasindan ölkəmizə qarşı ərazi iddialarını ehtiva edən bəndin çıxarılmasına razılıq verib.

Amma biz yaxşı xatırlayırıq ki, dünən İrəvan bunun Ermənistanın daxili işi olduğunu və konstitusiya məsələsinin sülh müqaviləsi ilə heç bir əlaqəsinin olmadığını iddia edirdi. Zəngəzur dəhlizi üzrə Vaşinqtonda əldə olunan nəticələri də tarixi adlandırmaq olar. Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin açılmalı olduğunu dəfələrlə necə vurğuladığını yaxşı xatırlayırıq. İndi biz bunu öz gözümüzlə görürük - açılacaq. Bunun fonunda ötən gecə əldə edilən birgə bəyannamə də Azərbaycanın regionda yaratdığı status-kvonu təsbit edir və beynəlxalq ictimaiyyət, o cümlədən Amerika Birləşmiş Ştatları bu yeni reallığı tanıyır.

Prezident İlham Əliyevin Vaşinqtona səfəri və imzaladığı birgə sənədlər Fransa prezidenti Emmanuel Makronun aludə olduğu azərbaycanofobiyanın iflasıdır, bu, separatizmi müdafiə edən fransalı deputatların süqutudur. Eyni zamanda bu, Avropa Parlamentinin, Qərb mediasının, “Amnesty International”, “Human Rights Watch”, erməni lobbisinin, “ANCA”-nın qərəzli və korlanmış siyasətinin tam iflasıdır.

Sözsüz ki, bu Azərbaycanı sanksiyalar və təcridlə hədələyən o borrellərin, pallonelər və adam şiftlərin məğlubiyyətidir. Çünki Prezident İlham Əliyev müharibədə qalib gəldi, Vaşinqtonda isə sülhə nail oldu”.

Seçilən
70
37
teleqraf.com

10Mənbələr