ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
“Vaşinqtonda imzalanmış üçtərəfli Bəyannamə sözün tam mənasında tarixi sənəddir. Bu sənəd 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi hərbi qələbəni geosiyasi, beynəlxalq hüquqi və diplomatik müstəvidə tam rəsmiləşdirir”.
“AzPolitika” xəbər verir ki, bunu keçmiş deputat, BDU-nun Hüquq fakültəsinin müəllimi Qulamhüseyn Əlibəyli bildirib.

O, vurğulayıb ki, Bəyannamədə bir neçə əsas istiqamət var:
“Birincisi, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasıdır. Əvvəllər Ermənistan müxtəlif bəhanələrlə sazişi imzalamaqdan faktiki imtina edirdi, lakin indi sazişin imzalanması və ratifikasiyası üçün maneələri aradan qaldırmaq öhdəliyini götürüb.
İkincisi, Azərbaycanın suverenliyi və sərhədlərinin toxunulmazlığının beynəlxalq müstəvidə təsbitidir. Bəyannamə BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə istinad edərək sərhədlərin toxunulmazlığını təsdiq edir.
Üçüncüsü, postmünaqişə dövründə Azərbaycanla Ermənistan arasında münasibətlərin əsas prinsiplərinin müəyyən edilməsidir. Ərazi əldə olunması üçün güc tətbiq edilməsinin yolverilməzliyi prinsipi Ermənistanda revanşizm cəhdlərinə qarşı hüquqi baza yaradır.
Dördüncüsü, adı dəyişdirilsə də, Zəngəzur dəhlizinin açılmasıdır. Bu, Ermənistanın dəhlizin açılmaması üçün bəhanələrini aradan qaldırır və bölgədə yeni əməkdaşlıq modelinin formalaşmasına gətirib çıxaracaq.
Beşincisi, ATƏT-in Minsk Qrupunun ləğvidir”.
Qulamhüseyn Əlibəyli qeyd etdi ki, Minsk Qrupunun saxlanması münaqişəni “dondurmaq” funksiyasını yerinə yetirirdi və onun ləğvi Azərbaycanın qələbəsinin vasitəçilik predmetindən çıxmasıdır.
O deyib ki, bu Bəyannamə Azərbaycanın və müttəfiqlərinin regionda yaratdığı geosiyasi reallıqların beynəlxalq miqyasda etirafı, Cənubi Qafqazda uzunmüddətli sülhə gedən yolda mühüm addımdır: “Bu, Azərbaycanın hərbi qələbəsinə bərabər geosiyasi və diplomatik qələbədir. Əlbəttə, Ermənistanda revanşizm əhvalının güclü olduğunu, həmçinin Rusiya və İran kimi qonşu dövlətlərin mövqeyini nəzərə alaraq bəzi risklərin olduğu da da qeyd olunmalıdır. Lakin bu risklər sənədin əhəmiyyətinə təsir göstərə bilməyəcək”.
Qulamhüseyn Əlibəyli Azərbaycan xalqına, dövlət başçısı İlham Əliyevə və diplomatiyaya haqq etdikləri növbəti qələbə münasibətilə təbriklərini çatdırıb.
Rasim Əliyev
“AzPolitika.info”
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.