AZ

Saç “yeyən” uşaqlar — Onları necə çəkindirməli?

Psixoloqdan bu xəstəliklə bağlı valideynlərə xəbərdarlıq.

Qax rayon sakini olan 9 yaşlı qız iyulun 30-da ürəkbulanma, iştahsızlıq və qarın ağrısı şikayətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Xəbər verdiyimiz kimi, aparılan radioloji müayinələrdən sonra ona tirixofagiya diaqnozu (mədədə saç kütləsi bezoar) qoyulub və Uşaq Cərrahiyyə şöbəsinə yerləşdirilib. Şöbənin müdiri İlqar Haqverdiyev və həkim Binnət Sofiyevin iştirakı ilə qastrotomiya əməliyyatı icra edilib. Azyaşlının mədəsində aparılan cərrahi əməliyyat uğurla bitib və saç kütləsi xaric edilib. Hazırda onun müalicəsi Uşaq Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.

Tirixofagiya adlandırılan xəstəlik əslində psixoloji problemdir. Uşaqlar öz saçlarını və ya yerə düşən tükləri götürüb yeyir. Bu zaman mədədə tük topası yığılır, tükdən ibarət böyük kütlə əmələ gəlir. Kütlə mədəni tam tutduqda artıq qidalana bilməmək, qusma və mədə nahiyəsində şişkinlik kimi əlamətlər ortaya çıxır.

Qeyd edək ki, bu, ilk belə hal da deyil. Bəs saç “yeyən” uşaqları bu vərdişdən necə çəkindirməli? Valideynlər daha çox nəyə diqqət etməlidir? Daha çox hansı yaşda bu patologiya özünü göstərir və niyə məhz qız uşaqları?



Psixoloq Azad İsazadə “Yeni Müsavat”a açıqlama verib ki, saç yemək davranışı (trixofagiya) yalnız uşaqlarda deyil, böyüklər arasında da müşahidə olunur. Onun dediyinə görə, bu hal xüsusilə qız uşaqları arasında daha çox yayılıb. “Saç yemək davranışı, bəzən saç yolmaq (trixotillomaniya) vərdişinin daha ağır və dərinləşmiş forması kimi meydana çıxır. Bu, sıradan bir vərdiş deyil, ciddi psixiatrik problemdir və mütləq mütəxəssis müdaxiləsi tələb olunur. Həm dərman müalicəsinə, həm də uzunmüddətli psixoloji terapiyaya ehtiyac duyulur. Bu davranış artıq diaqnoz səviyyəsində qəbul olunmalıdır və müalicə olunmalıdır”, - deyə Azad İsazadə bildirib.

Psixoloqun sözlərinə görə, bu problemin yaranmasının səbəbləri müxtəlif ola bilər: “Bəzən uşağın psixoloji gərginlik, ailədaxili konflikt və ya emosional ehtiyaclara cavab tapa bilməməsi nəticəsində belə vərdişlər formalaşır. Müəyyən mərhələdən sonra bu davranış vərdişə çevrilir və davamlılıq qazanaraq asılılıq formasını alır. Biz çox zaman vərdişlərin bir qismini asılılıq kimi qəbul edirik. Saç yemək də bu baxımdan psixoloji asılılıqdır. Valideynlərin davranışı bu məsələdə olduqca önəmlidir. İlk mərhələdə valideynlər övladlarının davranışlarına diqqət etməli, onları müşahidə etməli və dəstək göstərməlidirlər. Təəssüf ki, çox hallarda bu hal gözardı edilir və nəticədə davranış psixi pozuntu səviyyəsinə qədər inkişaf edir. Bu nöqtədən sonra isə artıq peşəkar psixiatrik yardım qaçılmaz olur”.

Psixoloq deyib ki, valideynlər bu tip davranışları yalnız tərbiyə və ya intizam problemi kimi deyil, eyni zamanda, bir siqnal - uşağın daxilindəki problemin göstəricisi kimi qəbul etməlidirlər: “Ola bilər ki, uşaq evdə və ya sosial mühitdə yaşadığı hər hansı bir problemi sözlə ifadə edə bilmir və nəticədə bu cür destruktiv vərdişlərə yönəlir. Ona görə də vaxtında diaqnostika və psixoloji müdaxilə çox önəmlidir”.

Seçilən
1
1
demokrat.az

2Mənbələr