AZ

Novruzəli Aslanov: “ATƏT Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair qərar Azərbaycan diplomatiyasının növbəti uğurudur”



“Ölkə Prezidenti cənab İlham Əliyevin avqustun 7-də ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfəri bir çox aspektlərdən 2025-ci ilin ən mühüm hdisələrindən biri kimi tarixə düşəcək. Əlbəttə ki, ilk növbədə bu səfər Azərbaycan-ABŞ münasibətlərində yeni səviyyəyə yüksəlişin başlanğıcı kimi qiymətləndirilməlidir. Bu baxımdan avqustun 8-də Azərbaycan və ABŞ prezidentləri tərəfindən Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunun imzalanması xüsusi əhəmiyyət kəsb edən bir nailiyyətdir. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev Vaşinqtonda Azərbaycan mətbuatına verdiyi müsahibəsində ABŞ ilə strateji əməkdaşlıq formatına keçidin tarixi hadisə olduğunu vurğulayıb. Bütün bunlar Bayden administrasiyasının son dörd il ərzində azərbaycanofobiya prinsipləri əsasında yaratdıqları yanlış və ziyanlı stereotiplərin artıq qırıldığını və ölkələrimiz arasında qarşılıqlı faydalı əlaqələrin dinamik inkişafı üçün möhkəm zəmin yaradıldığını deməyə əsas verir. Əlbəttə ki, bu, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Azərbaycan diplomatiyasının növbəti böyük uğurudur.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Fikirlərini davam etdirən millət vəkili cənab Prezident İlham Əliyevin Vaşinqton səfərinin nəticələri kimi əldə olunan nailiyyətlərdən bəhs edərək, 1992-ci ildə ABŞ Konqresi tərəfindən Azadlığa dəstək haqqında akta əlavə edilən və Azərbaycana ABŞ-nin birbaşa dövlət yardımını qadağan edən 907-ci düzəlişin ləğv edilməsini xüsusi olaraq diqqət mərkəzinə çəkib: “Cənab Prezident İlham Əliyevin Vaşiqtona səfəri çərçivəsində əldə olunan nailiyyətlər təkcə ölkəmiz üçün deyil, eyni zamanda bütün Avrasiya məkanı üçün də mühüm əhəmiyyət kəsb edəcək. Möhtərəm dövlət başçımızın dediyi kimi, avqustun 8-i bütün region üçün çox müsbət nəticələr verəcək dövlətlərarası münasibətlərdə tarixi gündür. Şübhəsiz ki, həmin gün Azərbaycan və Ermənistan arasında baş verənlər həm də bütün region, Cənubi Qafqazda sülh, sabitlik və firavanlıq istəyən hər kəs üçün çox əhəmiyyətli olacaq. Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin imzaladıqları Birgə Bəyannamədə ATƏT Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair Azərbaycan Respublikasının xarici işlər naziri və Ermənistan Respublikasının xarici işlər naziri tərəfindən ATƏT-ə birgə müraciətin imzalanması ilə bağlı müddəanın yer alması da artıq Azərbaycan ilə Ermənistan arasında 30 il davam edən və faktiki olaraq 2020-ci ildə başa çatan münaqişənin bu gün nəhayət ki, beynəlxalq səviyyədə də bitməsinin qəbul olunduğunu göstərən mühüm nailiyyətdir. Əbəs yerə deyildir ki, Azərbaycan Ermənistanla sülh sazişinin imzalanması üçün bu tələbi zəruri şərt kimi önə çəkmişdi. Əlbəttə ki, daha bir önəmli nailiyyət Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək dəhlizin açılmasıdır ki, bu məqam da öz əksini Birgə Bəyannamədə aydın şəkildə tapmışdır. Bütün bunlarla yanaşı əlbəttə ki, məlum 907-ci düzəlişin ləğv edilməsini xüsusi vurğulamaq lazımdır. Ədalətin məhz bu şəkildə, yəni birbaşa Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə ləğv olunması xüsusi siyasi əhəmiyyət kəsb edir. ABŞ Prezidentinin bu qərarı cənab Trampın Azərbaycana və bilavasitə cənab Prezident İlham Əliyevin şəxsiyyətinə bəslədiyi hörmət və ehtiramın bariz göstəricisidir” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Seçilən
7
aia.az

1Mənbələr