İri qabarit, yüksək çəki və uzun tormoz məsafəsi bu nəqliyyat vasitələrinin idarəsini digər avtomobillərə nisbətən daha çətin və məsuliyyətli edir. Bu xüsusiyyətlər nəzərə alınmadan hərəkət edilməsi qəza riskini dəfələrlə artırır.
Moderator.az xəbər verir ki, bu barədə BDYPİ-nin sürücülərə müraciətində qeyd olunub.
Bildirilib ki, sürət həddinin seçilməsi zamanı hava şəraiti, yol örtüyünün vəziyyəti və daşınan yükün ağırlığı nəzərə alınmalı, qəfil yaranan vəziyyətlərdə vaxtında reaksiya vermək üçün təhlükəsiz məsafə qorunmalıdır:
"Zolaq dəyişmə, dönmə və digər manevrlər yalnız kifayət qədər yer və vaxt təmin edildikdən sonra icra olunmalıdır.
Yol kənarında dayanma yalnız qanunvericiliklə müəyyən edilmiş yerlərdə həyata keçirilməli, görünüş sahəsini məhdudlaşdıran, hərəkət zolaqlarını daraldan və qəza riskini artıran hallara yol verilməməlidir.
Fasiləsiz hərəkətin uzun müddət davam etməsi sürücünün diqqətini və reaksiya qabiliyyətini azaldır. Bu səbəbdən vaxtaşırı dayanaraq istirahət etmək, səhhətində problem olduğu halda sükan arxasına keçməkdən imtina etmək hər bir sürücünün borcudur".