Şahbaz Şərif və Tokayevdən Vaşinqton görüşünə reaksiya
Pakistan, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə keçirilən sammitdə Azərbaycan və Ermənistan arasında imzalanmış tarixi sülh sazişini alqışlayıb.
Bunu Pakistanın Baş naziri Şahbaz Şərif “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, bu hadisə onilliklər boyu münaqişələr və insan əzabları yaşamış Cənubi Qafqazda yeni sülh, sabitlik və əməkdaşlıq erasının başlanğıcıdır.
“Biz Prezident İlham Əliyevi və Azərbaycan xalqını, regionun sülhsevər gələcəyini müəyyənləşdirən bu tarixi saziş münasibətilə təbrik edirik. Pakistan hər zaman qardaş Azərbaycan xalqının yanında olub və tarixinin bu şərəfli məqamında da onun yanındadır. ABŞ Prezidenti Donald Trampın rəhbərliyi altında əldə edilən bu razılaşma ticarət, əlaqə və regional inteqrasiya üçün yeni imkanlar açır. Ümid edirik ki, bu dialoq ruhu digər münaqişəli regionlar üçün nümunə olacaq”, – Şahbaz Şərif vurğulayıb.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev isə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanmış sülh razılaşmasını tarixi əhəmiyyətli nailiyyət adlandırıb.
Tokayev bildirib ki, sənəd iki dövlət arasında uzunmüddətli hərbi münaqişəyə son qoyub, diplomatik münasibətlərin qurulmasına və davamlı sülhə əsaslanan əməkdaşlığın inkişafına yol açıb. Onun sözlərinə görə, bu unikal saziş ABŞ Prezidenti Donald Trampın enerjili və səmərəli vasitəçiliyi sayəsində mümkün olub.
Qazaxıstan Prezidenti həmçinin xatırladıb ki, ölkəsi sülh müqaviləsinin əsas parametrləri üzrə danışıqların yeri kimi Almatı şəhərini təklif etməklə prosesə töhfə verib.