ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vaşinqtona səfəri ABŞ Prezidenti Donald Trampın dəvəti ilə baş tutdu və həm ikitərəfli əlaqələr, həm də regiondakı sülh prosesləri baxımından mühüm tarixi əhəmiyyət daşıyır. Bu səfərin gündəliyini iki əsas istiqamət üzrə qruplaşdırmaq olar: İlk olaraq Azərbaycan – ABŞ əlaqələrinin yüksək səviyyəyə çatması və ikitərəfli münasibətlərdə yeni dövrün başlanması istiqamətini qeyd etməliyik. İkinci istiqamət isə təbii ki, Azərbaycan – Ermənistan arasındakı sülh gündəliyi və regional sabitlik məsələsidir”.
Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib:
“Azərbaycan – ABŞ əlaqələrindən bəhs edərkən, onu vurğulamaq lazımdır ki, 2024-cü ilin noyabrında ABŞ-da keçirilən prezident seçkilərindən bir müddət əvvəl Şuşada baş tutan Qlobal Media Forumunda İlham Əliyev ABŞ-dakı seçki prosesi ilə bağlı sualı cavablandırarkən o dövrdə prezidentliyə namizəd olan Donald Tramp haqqında müsbət fikirlər səsləndirmiş, onun siyasətini dəyərləndirmişdi. Prezidentin bu çıxışı diplomatik baxımdan Trampın namizədliyinə verilmiş bir dəstək kimi qəbul olunmuşdur. D.Tramp ABŞ Prezidenti seçildikdən sonra da hər iki ölkə arasında telefon danışığı, eləcə də çoxsaylı məktub mübadiləsi həyata keçirilmişdir.
Səfər çərçivəsində imzalanan mühüm sənədlərdən biri “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu” oldu. Bu sənəd iki ölkə münasibətlərini keyfiyyətcə yeni mərhələyə daşıyır. Bu strateji tərəfdaşlıq Azərbaycan – ABŞ arasında əsasən enerji, ticarət və tranzit də daxil olmaqla regional bağlantılar, süni intellekt, rəqəmsal infrastruktur və iqtisadi sərmayə, müdafiə sənayesi, terrorizmə qarşı mübarizə və təhlükəsizlik sahəsində əməkdaşlıq istiqamətlərini əhatə edəcək”.
Deputat qeyd edib ki, səfərin diqqətçəkən məqamlarından biri də 1992-ci ildə qəbul olunmuş və Azərbaycana ABŞ-dan dövlət yardımını məhdudlaşdıran ‘Azadlığı Müdafiə Aktı’na edilmiş 907 saylı düzəlişin icrasının dayandırılması idi:
“Xatırladaq ki, bu düzəliş Ermənistanın torpaqlarımızı işğal etdiyi dövrdə Azərbaycana qarşı əsassız ittihamlarla qəbul edilmişdi. Son illərdə Bayden-Blinken administrasiyası bu düzəlişi yenidən gündəmə gətirərək təzyiq vasitəsinə çevirməyə çalışmışdı. Trampın qərarı isə münasibətlərin müsbət istiqamətdə dəyişməsinin göstəricisidir.
Azərbaycan-Ermənistan sülh gündəliyi ilə bağlı isə onu qeyd etmək lazımdır ki, Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən görüşdə nəticədə birgə Bəyannamə imzalanmışdır. Məlumdur ki, Azərbaycan sülh müqaviləsi imzalamaq üçün Ermənistana iki əsas şərt irəli sürmüşdür. Həmin şərtlər, Minsk Qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət və Ermənistan Konstitusiyasındakı Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması idi. Bu şərtlər artıq nəzərə alınmışdır. Bu, yekun sülh sazişinin imzalanması üçün mühüm addımdır.
Bundan başqa, sənəddə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz nəqliyyat əlaqəsinin yaradılması barədə razılıq əldə olundu ki, bu da Zəngəzur dəhlizinin reallaşması deməkdir. Vaşinqtonda həmçinin ABŞ ilə Ermənistan arasında Zəngəzur dəhlizinin işə düşməsinə dair saziş imzalandı və ABŞ bu layihənin qarantı rolunu üzərinə götürdü. Beləliklə, Zəngəzur dəhlizinin reallaşması Azərbaycan Prezidentinin çox önəmli bir qələbəsidir. 100 ildən sonra ilk dəfə olaraq Azərbaycanın Naxçıvanla itirilmiş quru xətti bərpa olunur.
Vaşinqton görüşündə daha bir əlamətdar hadisə – Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh müqaviləsinin mətnini paraflaması oldu. Bu, hələ yekun imza demək olmasa da, razılaşdırılmış mətnin təsdiqi baxımından mühüm mərhələdir. 2026-cı ildə Ermənistanda keçiriləcək konstitusiya referendumu ilə birlikdə sazişin imzalanması gözlənilir. Hesab edirəm ki, bütün bu nailiyyətlər, Azərbaycan Prezidentinin dövlətçilik tariximizdə son 300-400 ilin ən mühüm diplomatik qələbələrindən birinə imza atmasıdır. Cənab Prezident, müharibədə əldə etdiyi zəfəri sülh masasında da davam etdirərək, regionda və beynəlxalq hüquq müstəvisində yeni bir mərhələnin əsasını qoymuşdur”.
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.