Neftçalanın Aşağı Surra kəndində Vətən müharibəsi şəhidi baş leytenant Xalid Orucovun doğum günü qeyd olunub.
Tədbirdə rayon rəhbərliyi, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhid ailələri, müharibə iştirakçıları, rayon ağsaqqalları, din xadimləri iştirak ediblər. Öncə şəhid Xalid Orucovun məzarı ziyarət olunub, məzarı önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov tədbirdə çıxış edərək bildirib ki, Vətən müharibəsində qazanılan qələbə xalqımızın həmrəyliyi, ordumuzun gücü və vətənpərvər oğullarımızın fədakarlığı sayəsində mümkün olub: "Bu Zəfərdə Xalid Orucov kimi igid zabitlərimizin rolu əvəzsizdir. Xalid öz şücaəti, əqidəsi və vətən sevgisi ilə bir gəncin nə qədər böyük tarix yaza biləcəyini sübut etdi". Qeyd olunub ki, Azərbaycan dövləti hər zaman şəhidlərin ruhuna və onların ailələrinə yüksək ehtiramla yanaşır: "Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş torpaqlarda bu gün genişmiqyaslı quruculuq işləri aparılır. Bu işlərin əsasında şəhidlərimizin canı və qanı bahasına əldə olunmuş qələbə dayanır. Xalqımız şəhidlərimizin xatirəsini daim uca tutur. Onların qəhrəmanlıq nümunəsi isə gənc nəsillər üçün əsl vətənpərvərlik örnəyidir".
Tədbirdə şəhidin atası Saleh Orucov, bacısı Sevinc Orucova, Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun anası Filarə İsmayılova, şəhid Şahlar Məmmədovun anası Əzizə Məmmədova və digərləri çıxış edərək şanlı qələbəmizdən, dövlət, xalq, ordu birliyindən söz açaraq şəhid Xalid Orucovun Vətən uğrunda göstərdiyi qəhrəmanlıqdan danışıb, şəhid ailələrinə göstərilən diqqət və qayğıya, şəhidlərin xatirəsinin ehtiramla yad edilməsinə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Tədbirdə məktəblilər tərəfindən hazırlanan ədəbi-bədii kompozisiyalar dinlənilib, Vətəni, vətənpərvərliyi vəsf edən və şəhidə həsr olunan şeir və musiqilər səsləndirilib, şəhidin doğulub boya-başa çatdığı evin qarşısındakı xatirə bulağına gül dəstələri düzülüb.
Vətən müharibəsi şəhidi baş leytenant Xalid Saleh oğlu Orucov 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda göstərdiyi qəhrəmanlığa görə Prezidentin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "İgidliyə görə", "Xocavəndin azad olunmasına görə" medalları və "Vətənə xidmətə görə" 3-cü dərəcəli ordeni ilə təltif edilib.
Seyran CAVADOV,
"Azərbaycan"