AZ

BP 6 ayın hesabatını verdi

Prezident İlham Əliyevin Vaşinqton sülh sammitində qalib ölkənin lideri kimi iştirakı Azərbaycanın qələbələr silsiləsinin növbəti bəndi, haqq işimizin dünyada qətiyyətlə qəbul etdirilməsinin daha bir təntənəli təsdiqi oldu. Bu tarixi hadisə 1988-ci ildən üzü bəri xalqımızın apardığı və çox çətinliklərdən, sınaqlardan keçən milli mübarizənin cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü və uzaqgörən siyasət sayəsində öz  məntiqi və haqq etdiyi zirvəyə ucaldılması kimi mühüm anlam daşıyır.  

30 ilə yaxın davam edən mənasız sülh danışıqlarını nəhayətə yetirərək torpaqlarını hərb yolu ilə işğaldan qurtaran, ərazi bütövlüyünü, suverenliyini tam təmin edən Azərbaycanın diktə etdiyi şərtlər əsasında sülh müqaviləsinin imzalanmasına çox yaxınıq. ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə sülh gündəliyinin nizamlanması, normallaşma istiqamətində real nəticələrin əldə olunması üçün Azərbaycan-Ermənistan liderlərinin Vaşinqton görüşü Cənubi Qafqazda dayanıqlı sülhə gedən yolda təkanverici rol oynayacaq. 

33 ildən sonra haqq öz yerini tapdı

Prezident İlham Əliyevin Vaşinqtona işgüzar səfəri ABŞ-Azərbaycan əlaqələrində yeni və parlaq üfüqlər açmaqla yanaşı, bölgəyə davamlı sülh və sabitlik gətirəcəyi də reallıqdır. Dünya gündəmini zəbt edən və hər kəsin böyük maraqla izlədiyi bu səfər çərçivəsində "Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu" imzalandı. Azərbaycan-ABŞ strateji tərəfdaşlığı aşağıdakı üç istiqaməti əhatə edir:

- Enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar;

- Süni intellekt və rəqəmsal infrastrukturun da daxil olduğu iqtisadi sərmayə;

- Müdafiə sahəsində satış, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın da daxil olduğu təhlükəsizlik sahəsində əməkdaşlıq.

Yaradılan Strateji İşçi Qrupu regional bağlantılar infrastrukturunun və enerji sahəsində sərmayələrin genişləndirilməsi, eləcə də regional iqtisadi-ticari əməkdaşlığın irəlilədilməsi, həmçinin süni intellektin inkişafı kimi vacib məsələlərlə məşğul olacaq.

Məlum olduğu kimi, 1992-ci ildə "Azadlığı Müdafiə Aktı" adlı qanunun 907-ci bölməsinə düzəlişə əsasən ABŞ hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərilməsi qadağan olunub. Azərbaycana qərəzli yanaşma nümayiş etdirən Bayden adminstrasiyası dövründə 907-ci düzəlişin yenidən canlandırılması və bundan ölkəmizə qarşı təzyiq mexanizmi kimi istifadə edilməyə çalışılması kimi bədnam fəaliyyətlə üz-üzə qalmışdıq. Ancaq Prezident İlham Əliyevin həyata keçirdiyi məharətli diplomatik siyasət sayəsində bu təzyiqlər real nəticələrə gətirib çıxarmadı.

Bu baxımdan, dövlətimizin başçısının ABŞ-yə işgüzar səfəri zamanı Prezident Donald Trampın "Azadlığı Müdafiə Aktı"na 907 saylı düzəlişin icrasının dayandırılması haqqında sənəd imzalaması, həm iki ölkə arasında münasibətlərin dostluğa əsaslanması, həm də 33 illik haqsızlığa son verilməsi kimi mühüm anlamlar daşıyır. 

Dünya üçün tarixi gün

Ağ Ev rəhbəri davamlı olaraq Azərbaycanın regionla bağlı sülh səylərini dəstəkləyir. Bu baxımdan Prezident İlham Əliyevin Birləşmiş Ştatların Prezidenti Donald Trampın rəsmi dəvəti ilə ABŞ-yə tarixi səfəri də yalnız ölkələrimiz arasındakı münasibətlərin dərinləşməsi baxımından deyil, həm də regional sabitlik baxımından xüsusi əhəmiyyət daşıyır.

ABŞ-yə işgüzar səfəri çərçivəsində Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşünün mühüm əhəmiyyət kəsb etməsi və ondan böyük gözləntiləri olduğunu avqustun 7-də ABŞ Prezidenti Donald Tramp öz "Truth" hesabında bu fikirlərlə ifadə edib: 

"Mən Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı sabah Ağ Evdə tarixi Sülh Sammiti üçün qəbul etməyi səbirsizliklə gözləyirəm".

Tramp hər iki xalqın uzun illərdir ki, müharibə apardığını və bunun da minlərlə insanın ölümü ilə nəticələndiyini bildirib.

"Bir çox lider bu müharibəni dayandırmağa çalışıb, amma indiyə qədər heç bir nəticə əldə olunmayıb. Bu isə "Trump" sayəsində mümkün oldu. Mənim administrasiyam uzun müddətdir ki, hər iki tərəflə təmasdadır. Sabah Prezident Əliyev və baş nazir Paşinyan Ağ Evdə rəsmi sülh sazişinin imzalanması üçün mənə qoşulacaqlar" deyə Tramp qeyd edib.

O bildirib ki, Birləşmiş Ştatlar həmçinin hər iki ölkə ilə ikitərəfli sazişlər imzalayacaq ki, bu da iqtisadi imkanları birgə araşdırmağa və Cənubi Qafqaz regionunun tam potensialını ortaya çıxarmağa imkan verəcək: "Mən bu cəsarətli liderlərlə Ermənistan və Azərbaycanın böyük xalqları üçün düzgün iş gördüklərinə görə çox fəxr edirəm. Bu, Ermənistan, Azərbaycan, ABŞ və dünya üçün tarixi gün olacaq", - deyə Tramp əlavə edib.

Qeyd edək ki, Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Vaşinqton görüşünün nəticəsi olaraq Birgə Bəyannamə imzalanıb. Sənəd ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanıb. 

Məlum olduğu kimi, Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanması üçün İrəvanın Bakının beynəlxalq hüquqa dayanan tələblərini yerinə yetirməsi lazımdır. Bəlli olduğu kimi, Ermənistan konstitusiyasının preambula hissəsində müstəqillik bəyannaməsinə istinadən ərazi iddiaları yer alır.

Həmçinin Qarabağ münaqişəsi artıq həll edildiyi üçün ATƏT-in Minsk qrupunun fəaliyyəti de-fakto dayanıb. Bu məsələnin de-yuri də təsdiqini tapması, yəni adıçəkilən qrupun ləğvi üçün iki ölkə birgə müraciət etməlidir. 

Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin imzaladığı Birgə Bəyannamədə Minsk qrupunun ləğv edilməsi üçün iki ölkənin ATƏT-in Baş katibinə birgə müraciət edəcəyi təsdiqlənir.

Eyni zamanda Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin və sülhün qurulmasına dair Sazişin mətni paraflanandan sonra adıçəkilən "sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün növbəti addımların atılması"nın zəruriliyi tanınır. Yəni yekun sülh sazişinin imzalanması üçün əsas tələblərdən biri - Ermənistan konstitusiyasının dəyişdirilməsinin zəruriliyi təsdiq olunur.

Həmçinin bölgədə kommunikasiyaların açılması məsələsi də öz həllini tapır. 44 günlük müharibədən sonra Prezident İlham Əliyevin bəyanatlarında  Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidinin təmin edilməli olduğu öz əksini tapırdı. Dövlət başçımızın bu qəti tələbi də Ermənistan tərəfindən qəbul edildi.

Belə ki, imzalanan Birgə Bəyannamədə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəliş təsdiq olunur. Yəni Zəngəzur dəhlizi reallaşır.

Bütün bunlar isə nəyi, necə, nə vaxt etməyi yaxşı bilən İlham Əliyevin 22 illik prezidentliyi dövründə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, beynəlxalq aləmdə nüfuz qazanması, qlobal proseslərin həllində həlledici gücə çevrilməsi istiqamətində atdığı praqmatik və nəticəyönümlü addımların öz məntiqi sonluğuna yetməsi deməkdir. 

Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Seçilən
76
azerbaijan-news.az

1Mənbələr