AZ

Dünyanın “Sülh günəşi”nə ehtiyacı var

Vaşinqton görüşünün razılaşdırılmış gündəliyi və Ağ evin siyasi qətiyyəti okeanın o tayında gerçəkləşən xoş məramı ifadə edir

 “Mən Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı Ağ evdə tarixi sülh sammiti üçün qəbul etməyi səbirsizliklə gözləyirəm”. Bu barədə ABŞ Prezidenti Donald Tramp dünən “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb. 

Ardınca iki xalqın uzun illər müharibə apardığını və minlərlə insanın öldüyünü diqqətə çatdıran ABŞ lideri üçtərəfli görüşün nəticələri ilə bağlı pozitiv fikirlərini dilə gətirib: “Bir çox liderlər indiyədək müharibəni bitirməyə çalışdılar, lakin uğur əldə edə bilmədilər. Mənim administrasiyam uzun müddətdir ki, hər iki tərəflə işləyir”.

Həqiqətən də ən yüksək səviyyədə təşkil edilmiş bu təmaslar Ermənistan–Azərbaycan münasibətlərinin bütün müstəvilərdə normallaşması üçün rəsmi Vaşinqtonun göstərdiyi səylərin, atdığı konkret və kəsərli addımların nəticəsində mümkünə çevrildi. Məhz bu prizmadan yanaşanda Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfəri yalnız Azərbaycan–ABŞ ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, eyni zamanda, regional sabitlik və qlobal təhlükəsizlik kontekstində xüsusi əhəmiyyət kəsb edir. 

Birləşmiş Ştatların Prezidenti Donald Trampın rəsmi dəvəti ilə gerçəkləşən bu səfər həqiqətən də tarixi xarakter daşıyır. Bu görüş 2020-ci ildən sonra bölgədə yaranmış yeni reallığa adekvat olmaqla yanaşı, danışqlar prosesində Azərbaycanın üstün tərəf oldğuna dəlalət edir. Rəsmi Vaşinqton bu prosesdə uzun müddət vasitəçi qismində iştirak etsə də, bu dəfə danışıqlar masasında ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş güclü Azərbaycan oturur. Digər tərəfdən, Vaşinqton–Bakı münasibətləri kontekstində sülh təşəbbüslərinə verilən siyasi dəstək həm də Ermənistan daxilindəki revanşist qüvvələrə ciddi xəbərdarlıq sayıla bilər. Bu səfərin, həmçinin ölkəmizin beynəlxalq nüfuzunun daha da artması, regionda balanslı, praqmatik xarici siyasət kursunun davam etdirilməsi baxımından mühüm mərhələ kimi qiymətləndirilməlidir. İrəvan və Bakı arasında konkret razılaşmaların əldə ediləcəyinin gözlənildiyi Vaşinqton sammiti həm regional sabitlik və dayanıqlı əməkdaşlıq üçün yeni imkanların yaranmasına, həm də ABŞ–Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni fazaya keçməsinə səbəb olacaq.

Ağ evin yeni sahibinin İsraillə İran, Kamboca ilə Tailand, Hindistan və Pakistan arasındakı hərbi qarşıdurmalara son qoyulması ilə bağlı tərəfsiz və məqsədyönlü fəaliyyəti, bu coğrafiyalarda əldə olunan müsbət nəticələr yaşı 40-a çatmış Ermənistan–Azərbaycan münaqişəsinin də sülhə qovuşacağına ümidləri xeyli artırıb. Hamı Vaşinqton görüşünün tərəflərin sülhə gələrək əlsıxma səhnəsi ilə yekunlaşacağını gözləyir. Bəli, bu dəfə Cənubi Qafqazda sülhün bərqərar olacağına ümidlər həmişəkindən daha böyükdür. Nə gizlədək, ABŞ Prezidenti Donald Trampın ikinci prezidentliyi dövründə intensivləşən Qafqaz təşəbbüsləri bu ümidlərin gerçəkləşəcəyinə şübhə yeri qoymur.

***

Azərbaycan lideri İlham Əliyevin Vaşinqtona işgüzar səfəri təkcə ikitərəfli münasibətlərinin qeyd etdiyimiz yeni fazaya keçməsi baxımından deyil, həm də regional sabitlik və qlobal təhlükəsizlik müstəvisində böyük strateji əhəmiyyətə malikdir. Artıq heç kəsə sirr deyil ki, D.Tramp prezident seçiləndən sonra Bakı–Vaşinqton münasibətlərində yeni dinamika formalaşmağa başladı. Co Bayden administrasiyası dövründəki ikili yanaşma səbəbindən yaranmış yersiz gərginlikdən fərqli olaraq, hazırda iki ölkə arasında qarşılıqlı etimad və siyasi dialoq mühiti hökm sürür. Prezident İlham Əliyevin səfəri bu münasibətlərin yenidən dirçəlməsinə və tərəflər arasında strateji əməkdaşlığın genişlənəcəyinə səbəb olacaq.

Yeri gəlmişkən, Trampın yenidən prezident seçilməsindən sonra iki ölkənin liderləri arasında baş tutan telefon danışıqları, məktub mübadilələri, məmnunluq ifadə edən qarşılıqlı onlayn paylaşımlar münasibətlərin həm də şəxsi etimada əsaslandığını göstərir. İlham Əliyevin ABŞ-a bu səfəri ikitərəfli dialoqun diplomatik müstəviyə keçərək konkret nəticələr doğura biləcək əməkdaşlıq mərhələsinə daxil olduğunu müjdələyir. Deməli, bu, Vaşinqton–Bakı diplomatik trekində siyasi təmasların dərinləşməsinin, qarşılıqlı hörmətə söykənən strateji münasibətlərin institusional xarakter almasının əyani göstəricisidir.

***

Oxuculara xatırladaq ki, Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin əvvəlcə ikitərəfli təmaslarından (Bakı vaxtı ilə 8 avqustda–red.) sonra təşkil olunan üçtərəfli görüş (Bakı vaxtı ilə 9 avqustda – red.) çərçivəsində sülh sazişi mətninin paraflanması, ATƏT Baş katibinə Minsk qurupundan çıxmaqla bağlı Azərbaycan və Ermənistan rəhbərlərinin birgə müraciətinin təsdiqlənməsi və “Azadlığa dəstək Aktı”na 907-ci əlavənin aradan qaldırılması gözlənilirdi. Bundan başqa, üçtərəfli görüşdə Zəngəzur dəhlizi də müzakirə mövzusu idi. Son məsələ ı̇yulun əvvəlində Əbu-Dabidə baş tutan ikitərəfli görüşdə də müzakirəyə çıxarılmışdı. Həmin görüşdən sonra tərəflər rəsmi şəkildə danışıqların konstruktiv keçdiyini və bundan sonra təmasları davam etdirməyə hazır olduqlarını bəyan etmişdilər. Bu kimi dialoq-görüşlərin baş tutması o deməkdir ki, sülh prosesində irəliləyiş əldə olunub. Ona görə də hazırda Vaşinqton görüşündən təkcə İrəvan və Bakının deyil, bütün dünyanın müsbət gözləntiləri var. 

***

Bir faktı da qeyd etməyimiz və unudanlara xatırlatmağımız çox vacibdir: Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbə ilə Cənubi Qafqazda yeni geosiyasi reallıq formalaşdırdı. Prezident İlham Əliyev məhz bu yeni reallıqlara əsaslanaraq, regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunması üçün ədalət və beynəlxalq hüquq zəminində yeni prinsiplər təklif etdi. İndi Azərbaycan bu gündəliyi uğurla sona çatdırmağa yaxındır.

ABŞ lideri Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla birlikdə Ağ evdə sülhə dair sənədin imzalanma mərasimi olacağını vurğulayıb. D.Tramp bildirib ki, Birləşmiş Ştatlar, həmçinin Cənubi Qafqaz regionunun potensialını tam şəkildə açmaq və iqtisadi imkanları birlikdə həyata keçirmək üçün hər iki ölkə ilə ikitərəfli sazişlər imzalayacaq. “Mən böyük Azərbaycan və Ermənistan xalqları üçün düzgün iş gördüklərinə görə bu cəsarətli liderlərlə çox fəxr edirəm. Bu, Azərbaycan, Ermənistan, ABŞ və dünya üçün tarixi gün olacaq”, – deyə o vurğulayıb.

Etiraf edək ki, bugünədək tərəflər sülhə bu qədər yaxınlaşmamışdırlar. Vaşinqtonda  Bakı vaxtı ilə saat saat 00.15-də üçtərəfli görüşün yekununda imzalanacaq sənədlər yeni günün başlandığını müjdələyəcək. Eləcə də ümidlərlə dolu günün və gecənin ardından səhər obaşdan Xəzərlə yanaşı, Atlantik okeanın üzərində də sülh Günəşinin doğacağına əmin olmaq istərdik. İndi sülh rəmzinə çevriləcək yeni, ağ rəngli Günəşə Azərbaycan və Ermənistandan savayı, Cənubi Qafqazın, Şərqin və bütün dünyanın ehtiyacı var. 

İmran BƏDİRXANLI 
XQ

 

Seçilən
25
1
xalqqazeti.az

2Mənbələr