Natəvan Yəhyayeva: “Ermənilərin bir neçə canlı qüvvəsini məhv edib və 25 nəfərdən çox əsgərimizi ölümdən və əsir düşməkdən xilas edib”
Qonaqkəndli qəhrəman adını Vətən tarixinə yazan oğullardandır. 1992-ci ilin 11 avqustunda Quba rayonunun Qonaqkənd qəsəbəsində doğulan Azayev Sadiq Xubyar oğlu ailəsinin, döyüş yoldaşların, onu xatırlayan insanların yaddaşında vətənə hədsiz sevgisi və sədaqəti ilə qalıb. Sadiq Vətəni təmənnasız sevib.
Sadiqin bacısı Natəvan Yəhyayeva ilə Qubada yaradıcılıq ezamiyyətində olarkən tanış olub söhbətləşdik.
Nəzakət Məmmədovanın rəhbərlik etdiyi Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının araya-ərsəyə gətirdiyi “44 gün-Tarixi Zəfər” kitabının II və III cidlərinin Quba şəhərində keçirilən təqdimatına şəhid Sadiqin vəfalı bacısı da gəlmişdi. Gözlərində qardaş nisgili, ürəyində qardaş dağı var Natəvan xanımın.
Üç bacının tək qardaşı olan Sadiq atasını erkən itirib. Bacılarına həm qardaş, həm də ata olub. Sadiqin uşaqlığı dağlarda, at belində keçib. Natəvan xanım deyir ki, atasının tüfəngini fürsət tapdıqca götürüb, güllə atarmış Sadiq. Elə hərbidə də ən yaxşı atıcılardan biri kimi özünə ad-san qazanmışdı qəhrəmanımız.
Sadiq Azayev A.Aslanov adına Qonaqkənd tam orta məktəbini bitirdikdən sonra 2010-cu ildə hərbi xidmətə çağırılıb və Bakı şəhərində Daxili Qoşunlarda hərbi xidmət keçib, 2012 ci ilin aprel ayında xidmətini başa vurub.
“Özü isə başından, boğazından və gözündən aldığı güllə yaraları nəticəsində şəhadətə yüksəlib”
Natəvan xanım deyir ki, Sadiq hərbi xidmət zamanı silahla sərbəst davranışına, dəqiq nişan aldığına və qüsursuz xidmətinə görə sertifikat alıb: “Xidmətdən döndükdən sonra bir sıra işlərdə çalışsa da, hərbiyə olan marağı və Vətənə sevgisi, düşmənə bəslədiyi nifrət onu yenidən hərbiyə dönməyə sövq etdi. Milli Orduda gizir rütbəsində Beyləqan rayonunun Haramı düzündə vətənə xidmətə başladı. Üç il yarımlıq xidməti dövründə (döyüş hazırlığının yüksəlməsində, hərbi intizamın möhkəmlənməsində eldə etdiyi nailiyyətlərə görə və 26 iyul - Silahlı Qüvvələr günü) görə 26 iyun 2019-cu ildə “N” saylı hərbi hissənin komandiri General-mayor Mayis Bərxudarov tərəfindən Fəxri Fərmanla təltif olunmuşdu. 27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlayan andan Füzuli rayonunun Qaraxanbəyli kəndində döyüşlərə qatılaraq yüksək igidlik və qəhrəmanlıq göstərmişdi.
Qardaşım düşmənin qəfil basqın etdiyi digər posta köməyə gedərək, bir an düşünmədən özünü güllənin qabağına atıb və ermənilərin bir neçə canlı qüvvəsini məhv edərək, 25 nəfərdən çox əsgərimizi ölümdən və əsir düşməkdən xilas edib. Özü isə başından, boğazından və gözündən aldığı güllə yaraları nəticəsində şəhadətə yüksəlib. Qardaşım 2020-ci il oktyabrın 3-də Quba rayon Qonaqkənd qəbirstanlığında atamızın məzarının yanında dəfn olunub”.
Bacı danışdıqca kövrəlir, haldan-hala düşür, bir tərəfdən igid bir Azərbaycan oğlunun bacısı olmaqla öyünsə də, o biri tərəfdən ata ocağının sönən çırağının sızıltısını içində yaşadır.
Natəvan xanım danışır: “Hələ uşaq ikən Sadiq cox cəsur, heç nədən qorxmayan bir uşaq idi, daima at belində idi. At, it və silah onun ayrılmaz dostları idi. Atamızın qoşalülə tüfəngi vardı və imkan düşən kimi güllə atar, dəqiq nişan almağı bacardığını bizə göstərərdi. Atamız onun bu hərəkətindən narahat olsa da, Sadiq oz ağıllı və düşünülmüş addımları ilə atamızın güvənini qazanmışdı.
Atamız Xubyar meşə gözətçisi idi və dövlətin ona verdiyi torpaq payında taxıl, kartof əkir, torpağı öküzlə şumlayırdı. Sadiq də, uşaq olmasına baxmayaraq, 3-cü, 4-cü sinifdə oxuyanda kotanla yer şumlayır, atamıza kömək edirdi, gecə-gündüz onun üçün eyni idi. Nə zaman istəsən, hara desən gedirdi, təkcə atı və itinin yanında olması yetərli idi ki, Sadiq yola rəvan olsun. Atamızı vaxtsız itirdik, biz üç bacıdan sonra doğulmuşdu Sadiq, evimizin sonbeşiyi idi. Buna baxmayaraq, Sadiq bacılarına həm ata, həm qardaş olmağı bacardı, anamızın qayğısını çəkirdi, amma vətəni hər şeydən üstün tutdu. Sadiqin hər zaman dediyi bir söz vardı: “Xocalının qisasını almayınca bizim özümüzə kişi deməyə haqqımız yoxdur. Torpaqlarımızı işğaldan azad etməyincə bizim yasamağa belə haqqımız yoxdur. O həmişə bu ruhda yaşayırdı. Sadiqin şəhid olması bizim üçün gözlənilməz deyildi. Çünki onun ürəyini tanıyırdıq və heç zaman düşmənin qabağından geri çəkilməyəcəyini bilirdik. Necə yaşayırdısa, eləcə də Şəhidlik zirvəsinə ucaldı - qəhrəmanlıqla! Ruhun şad olsun, Qəhrəman qardaşım!”
Gizir Sadiq Azayev Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin Azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. “Sadiq bizim ailəmizdə ən kiçik övlad olduğuna görə hər kəsin sevimlisi idi. Mən bir bacı kimi deyə bilərəm ki, Sadiqi itirməklə sanki bir neçə insanı birdən itirdim. Atamız olmadığı üçün bizə ata, qardaş və övlad olmağı bacarırdı. O qədər səmimi və xoşxasiyyət insan idi ki, heç kəsin qəlbinə dəyməzdi. Qoymazdı ki, kimsə ondan incisin. Sadiqin çox gözəl yoldaşlığı vardı və heç vaxt qoymazdı yoldaşları darda qalsın. Sadiqlə bağlı xoş xatirələr o qədər çoxdur ki, nə qədər danışsam da bitib-tükənməz. Hələ uşağlıqda qoçaq-qorxmaz uşaq idi. Biz onu hərbiyə yola salanda dedi ki, gedirəm Vətəni müdafiə etməyə. “Mən hərbidə işləyən müddətdə müharibə olmasa, torpaqlar alınmasa müqaviləmi yeniləyəcəm. Ta ki torpaqlar alınana kimi işləyəcəm, amma müqaviləsi bitmədən müharibə başladı və qardaşım canından artıq sevdiyi Vətəni uğrunda şəhid oldu. Arzuları vardı. O ən böyük arzusuna çatdı və torpaqlar işqaldan azad oldu, özü isə şəhadətə yüksəldi.
Bir bacı olaraq qardaşımla fəxr edirəm. Qürur duyuram ki, mənim belə bir igid, qəhrəman qardaşım var. Qardaşım şəhid Azayev Sadiq Xubyar oğlunun adı gələndə gözlərim dolsa da, qəlbim sızlasa da, amma qürur hissi də keçirirəm. İnsan azad doğulur, arzu ilə yaşayır, həsrət ilə ölür deyirlər. Sadiq həsrətlə olənlərdən yox, 30 illik həsrətlərə son qoyaraq şəhid olanlardan oldu. Bu ad hər kəsə nəsib olmadı, amma mənim qardaşım bu adı qazandı və bir ömür boyu hər kəsin fəxrlə danışacağı bir qəhraman oldu”.
Natəvan xanım üçün qardaşı haqqında danışmaq çətin olsa da, onun qəhrəman adına söykənib ürəyindəkiləri dilə gətirdi.
Badamı var,
Gözləri badamı var.
Qardaş, dur gir qapımdan
Desinlər adamı var...
Qardaşı nə qədər haraylasalar da səslərinə səs verən yoxdur. Torpağın dili olsaydı, Sadiqdən nələr danışmazdı, nələr...Bir igidi qucadığı üçün Vətən torpağı da xoşbəxtdir.
Yaraları qan verir Sadiqin üç bacısının, yalnız qardaşlarının uca şəhidlik adı ilə təsəlli tapırlar.
İradə SARIYEVA
Quba-Bakı