AZ

“Artıq bir çox ölkələrin diqqəti Vaşinqtonda imzalanacaq razılaşmalara yönəlib” – Politoloq

“Azərbaycan və Ermənistan liderlərinin yaxın günlərdə Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla birgə razılaşma imzalayacağı barədə yayılan xəbərlər Cənubi Qafqazda yeni geosiyasi mərhələnin başlaya biləcəyini göstərir. Bu prosesin regiondakı əsas oyunçulardan biri olan Türkiyənin reaksiyasını necə verəcəyi isə həm regional, həm də beynəlxalq dairələrdə maraqla gözlənilir” – bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Politoloq gesab edir ki, hazırda Türkiyə mediası bu məsələyə geniş yer ayırmasa da, Ankara siyasi dairələrinin bu razılaşmanın məzmununu, xüsusilə də onun Türkiyənin milli və təhlükəsizlik maraqlarına uyğun olub-olmadığını diqqətlə izlədiyi hiss olunur.

“Türkiyə uzun müddətdir ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını dəstəkləyir. Belə bir razılaşma reallaşacağı təqdirdə, bu, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması, sərhədlərin açılması və diplomatik əlaqələrin bərpası üçün yeni fürsət pəncərəsi yaradacaq. Bu, eyni zamanda, Türkiyənin Cənubi Qafqazda mövqelərinin güclənməsinə də xidmət edəcək. Regionun geosiyasi mənzərəsində Türkiyə üçün artıq iki möhkəm dayağın – Azərbaycan və Gürcüstanın – mövcud olduğu məlumdur. Zəif halqa kimi qalan Ermənistanla münasibətlərin normallaşması isə Türkiyənin bu coğrafiyada daha balanslı və effektiv strategiya yürütməsinə imkan verəcək. Bu, həm də Ermənistanın Rusiya asılılığını azaltmaq baxımından əhəmiyyətlidir ki, bu amil həm Türkiyə, həm də Azərbaycan üçün strateji üstünlük deməkdir. Bununla belə, bəzi dairələrdə narahatlıq doğuran məqam, iddialara görə, Zəngəzur dəhlizinin amerikalı şirkətə icarəyə verilməsi ehtimalıdır. Bu addım dəhlizin “Tramp dəhlizi” kimi formalaşması ilə nəticələnə bilər. Ancaq bu məsələyə Ankara daha praqmatik yanaşır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasındakı şəxsi münasibətlər – bir-birini “dostum” deyə çağırmaları – hazırkı mərhələdə bu layihəyə də müsbət yanaşmanı təşviq edir.” – deyə politoloq əlavə edib.

Arzuman Muradlı hesab edir ki, Trampın siyasi gələcəyi də bu prosesə təsir edə bilər.

“Onun ikinci prezidentlik müddəti 2029-cu ildə başa çatacaq və ondan sonrakı dönəmdə Vaşinqtonla Ankara arasında münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyi indidən dəqiq məlum deyil. Buna baxmayaraq, Türkiyənin strateji maraqları kontekstində Zəngəzur dəhlizinin Rusiya nəzarətindən çıxması və ABŞ şirkəti tərəfindən idarə olunması Ankara üçün daha məqbul variant kimi görünür.  Türkiyə tərəfi bu mərhələdə ABŞ-ın təşəbbüskarı olduğu razılaşmanı ehtiyatla, lakin maraqla izləyir və prosesin bölgədə yeni nizam quruculuğuna töhfə verəcəyinə ümid edir. Ankaranın əsas istəyi regionda davamlı sülhün və əməkdaşlığın bərqərar olmasıdır ki, bu da Türkiyənin geosiyasi ambisiyalarına tam uyğundur.”– deyə Arzuman Muradlı əlavə edib.

Seçilən
14
moderator.az

1Mənbələr