“Son vaxtlar müşahidə olunan istilər, şübhəsiz ki, qlobal iqlim dəyişikliklərinin fəsadlarıdır. Temperaturun yüksəlməsi, ilk növbədə, kənd təsərrüfatında ciddi çətinliklər yaradır. Su mənbələri quruyur, quraqlıq artır, şoranlaşma genişlənir. İsti havalar bəzi bitkilərin inkişafını dayandırır. Buxarlanma sürətlənir, bitkilərin suya tələbatı artır. Havaların normadan artıq isti keçməsi meşə yanğınlarına səbəb olur. Çünki uzun müddət yağıntı düşmür, meşələrdə rütubət azalır, ağacların xırda budaqları və quru otlar tezalışan yanar materiala çevrilir. Bu zaman avtomobilin səsboğucusundan çıxan adi bir qığılcım belə böyük yanğına səbəb ola bilər. Bu ilin qış aylarında ABŞ-da baş verən və yüz hektarlarla meşə sahəsinin yanmasına səbəb olan yanğın da məhz bu dediyimiz səbəblərdən törənmişdi”.
Bu fikirləri Aznews.az-a açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.
Qeyd edək ki, son günlərdə havanın temperaturu 40 dərəcəni keçib. Belə ekstremal isti hava şəraiti təkcə insan sağlamlığına deyil, eyni zamanda şəhər mühitinə – asfaltın qızması, havanın çirkli qalması, su qıtlığı və istixana effekti kimi məsələlərə təsir edir. Bəzi ekspertlər bu vəziyyəti iqlim dəyişikliyinin nəticəsi kimi qiymətləndirirlər.
O bildirib ki, kəskin istilər insanlarda və digər canlılarda müxtəlif xəstəliklərin yaranmasına səbəb olur.
“Havanın isti keçməsi meteohəssas insanlar üçün xüsusilə təhlükəlidir. Belə havalarda ürək-damar sistemi xəstəliklərindən, hipertaniyadan əziyyət çəkənlər daha diqqətli olmalıdırlar. Xüsusilə uşaqları açıq havada çox saxlamaq olmaz. Yüksək temperaturun təsiri ilə tənəffüs yollarında iltihab və digər respirator xəstəliklər yarana bilər. Yaxşı olar ki, kəskin istilər zamanı dövlət və özəl qurumlar iş rejimində müəyyən dəyişiklik etsinlər. Elə işlər var ki, onları onlayn rejimdə də aparmaq mümkündür. Zəruri olmayan hallarda işçinin işə gəlməsinə ehtiyac yoxdur, o, onlayn da çalışa bilər. Havanın kəskin isti keçməsi ilə əlaqədar ictimai nəqliyyatın işi düzgün qurulmalı, kondisionerlər işə salınmalıdır. İsti havalarda spirtli içkilərdən uzaq durmaq, bol su içmək məsləhət görülür. Havaların isti və quraqlıq keçməsindən ən çox əziyyət çəkənlər sahibsiz heyvanlardır. Onlar kənd yerlərində su mənbələri tapıb su içə bilirlər, şəhər yerlərində isə bu, onlar üçün çətindir. Nə qida tapa bilirlər, nə də doyunca su içə bilirlər. İsti günlərdə təbiətsevərlər sahibsiz heyvanlara xüsusi qayğı göstərsinlər. Hər kəs yaşadığı həyətdə sahibsiz itlər və pişiklər üçün plastik qablarda su qoysa, yaxşı olar”.
Rəfiqə Namazəliyeva,
AzNews.az