Ajans.az Haber Global-a istinadən xəbər verir ki,bu dəfə fərqli bir çörək sexindən tort yeyən 7 nəfər ürəkbulanma, qusma və qarın ağrısı şikayətləri ilə İğdır Dövlət Xəstəxanasına aparılıb. İlkin tibbi yardım göstərilən xəstələrdən 4-ü evə buraxılıb, 3 nəfərin vəziyyəti ağır olaraq qalır və onların müalicəsi artıq üçüncü gündür xəstəxanada davam etdirilir. İlkin müayinə nəticələrinə əsasən, onlara qida zəhərlənməsi diaqnozu qoyulub. Zəhərlənənlərdən biri, azyaşlı uşağı ilə birlikdə tort yedikdən sonra xəstələnən Zeynəb Özdemir, ilk müraciətlərində analiz götürülmədiyini, yalnız üçüncü dəfə xəstəxanaya gələrkən zəhərlənmənin təsdiqləndiyini bildirib. O, qan zəhərlənməsi diaqnozu aldığını, üç gündür antibiotik və serum müalicəsi gördüyünü deyib. Özdemir həmçinin tortu aldığı şirniyyat sexindən şikayət etmək üçün İğdır İl Kənd Təsərrüfatı Müdirliyinə müraciət etdiyini, lakin müraciətinin rəsmən qeydə alınmadığını iddia edib. Onun sözlərinə görə, şəhərdə əvvəlki oxşar zəhərlənmələrdən sonra ciddi gigiyena və təhlükəsizlik yoxlamaları aparılmayıb. Xatırladaq ki, iki həftə əvvəl İğdırda eyni müəssisədən tort alan 79 nəfər kütləvi şəkildə zəhərlənmişdi. Həmin müəssisə fəaliyyətini davam etdirsə də, test nəticələri ilə bağlı ictimaiyyətə hələ də açıqlama verilməyib.