Bakı, 8 avqust , AZƏRTAC
Biz Azərbaycanla Ermənistan arasında razılaşma imzalamaq və sülh sazişinin başlanğıcı üçün burada olacağıq.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Dövlət katibi Marko Rubio EWTN kanalına müsahibəsində deyib.
O bildirib ki, geniş anlamda ABŞ Prezidenti Donald Tramp sülhə və sülhün prezidenti olmağa sadiqdir.
“Beləliklə, biz gördük ki, Hindistan və Pakistan müharibə edəndə biz məsələyə birbaşa daxil olduq və Prezident bu sülhü təmin edə bildi. Bu yaxınlarda isə Kamboca və Tailandla oldu. Biz Azərbaycan və Ermənistanla bağlı saziş imzalamaq və sülh müqaviləsinin başlanğıcı üçün burada olacağıq. Yeddi milyon insanın həlak olduğu 30 illik müharibənin həlli üçün Konqo və Ruandanı buraya gətirə bildik. Aydındır ki, iş görmək lazımdır - sülh daimi deyil. Həmişə işləmək və bunu saxlamaq lazımdır”, - deyə Rubio əlavə edib.