AZ

Azərbaycan Cənubi Qafqazın super gücünə çevrilir – Trampın qərarı həlledici oldu

"Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmadan sonra ABŞ prezidenti Donald Trampın 907-ci düzəlişin qüvvəsinin dayandırılması ilə bağlı sənədə imza atacağı gözlənilir. Bu, son dərəcə mühüm məsələdir. Çünki müharibənin başlanğıcında ABŞ tərəfindən Azərbaycanın əleyhinə son dərəcə ədalətsiz qərar qəbul edilmişdi - bu düzəliş faktiki olaraq Azərbaycana hər cür yardımı qadağan edirdi. Yəni ABŞ tərəfindən Azərbaycana ediləcək maliyyə yardımları, hərbi dəstək, o cümlədən silah alışı və digər strateji əməkdaşlıq imkanları bu düzəlişlə məhdudlaşdırılmışdı. Bu, uzun illər boyu ABŞ-ın Azərbaycana qarşı ədalətsiz və qərəzli münasibətinin açıq nümunəsi idi".

Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib.

Politoloq qeyd edib ki, Donald Trampın hakimiyyətə gəlişindən və Azərbaycan-Ermənistan münaqişəsinin sona çatmasından sonra iki ölkə arasında sülhün əldə olunması fonunda artıq bu düzəlişin qüvvədə saxlanmasına ehtiyac yoxdur:

"ABŞ-dakı ermənipərəst dairələr uzun müddət bu düzəlişin ləğv olunmasının əleyhinə çıxaraq iddia edirdilər ki, Azərbaycanla Ermənistan arasında münaqişə davam edir. Lakin hazırda hətta onların arqumentləri belə əsasızdır. Odur ki, bu düzəlişin ləğvi artıq zərurətə çevrilib.

Bundan əlavə, gözlənilir ki, yaxın günlərdə Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlığa dair xartiyanın hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılmasına dair Anlaşma Memorandumu da imzalanacaq. Bu sənəd Azərbaycan üçün son dərəcə əhəmiyyətlidir, çünki ölkəmizin inkişafı və beynəlxalq münasibətlərdə mövqeyinin möhkəmlənməsi baxımından vacib addımdır".

Zeynal Əmrəliyev vurğulayıb ki, ABŞ-la strateji əməkdaşlıq Azərbaycanı təkcə Cənubi Qafqazın deyil, ümumilikdə Asiya regionunun əsas güc mərkəzlərindən birinə çevirə bilər:

"Dünyanın super gücü ilə bu səviyyədə münasibətlərin qurulması, şübhəsiz ki, yaxın və orta müddətdə Azərbaycanın geosiyasi çəkisini əhəmiyyətli dərəcədə artıracaq.

Hesab edirəm ki, əsas əməkdaşlıq sahələri enerji, nəqliyyat və tranzit marşrutları ola bilər. Həmçinin digər müxtəlif sahələr üzrə də əməkdaşlıq imkanları genişdir. ABŞ Azərbaycana böyük miqdarda investisiya yatıra bilər ki, bu da ölkəmizin davamlı inkişafı üçün son dərəcə önəmli bir məsələdir".

Xatırlatma: 907-ci düzəliş nədir və niyə hələ də gündəmdədir?

907-ci düzəliş (Amendment 907) - ABŞ Konqresinin 1992-ci ildə qəbul etdiyi və Azərbaycan üçün uzun illər ərzində ciddi siyasi əngələ çevrilmiş bir qanun düzəlişidir. Bu sənəd ABŞ hökumətinin Azərbaycana birbaşa dövlət yardımını qadağan edirdi və ABŞ-Azərbaycan münasibətlərində gərginlik mənbəyi olmuşdu.

Düzəliş "Azadlığı Müdafiə Aktı" (Freedom Support Act) çərçivəsində qəbul olunmuşdu. Onun əsas müddəası belə ifadə edilirdi: "ABŞ hökuməti Azərbaycana birbaşa yardım göstərməməlidir, o vaxta qədər ki, Azərbaycan hökuməti Ermənistana və Dağlıq Qarabağa qarşı blokada və güc tətbiqini dayandırmayıb."

Sənədin müəllifləri əsasən erməni lobbisinin dəstəklədiyi senator və konqresmenlər idi. Onlar iddia edirdilər ki, Azərbaycan Ermənistanı və "Dağlıq Qarabağ"ı iqtisadi və humanitar blokadaya alıb. Lakin Azərbaycan tərəfi bu arqumentləri rədd edərək bildirirdi ki, blokada Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə cavab olaraq tətbiq edilib. Rəsmi Bakı bu düzəlişi açıq şəkildə qərəzli və balanssız adlandırırdı: "Ermənistan Azərbaycana qarşı müharibə aparır, amma cəza məhz Azərbaycana tətbiq olunur".

Bu düzəliş nəticəsində ABŞ, digər postsovet ölkələri ilə müqayisədə Azərbaycana xeyli az maliyyə və texniki yardım ayırdı. Siyasi və hərbi əməkdaşlıq da uzun illər zəif səviyyədə qaldı. 907-ci düzəliş ABŞ-ın Cənubi Qafqaz siyasətində balanslı mövqe nümayiş etdirmədiyinin bariz nümunəsi kimi beynəlxalq ekspertlər və yerli siyasi dairələr tərəfindən tez-tez tənqid olunurdu.

Lakin 2001-ci il 11 sentyabr terror aktlarından sonra vəziyyət dəyişdi. ABŞ-ın Əfqanıstanda həyata keçirdiyi antiterror əməliyyatlarında Azərbaycan mühüm strateji tərəfdaş kimi önə çıxdı. Bu kontekstdə, 2002-ci ildə o zamankı prezident Corc Buş 907-ci düzəlişin tətbiqini müvəqqəti olaraq dayandırmaq səlahiyyətindən istifadə etdi. Həmin vaxtdan bəri hər ABŞ prezidenti bu düzəlişin icrasını illik əsasda təxirə salır. Lakin hüquqi baxımdan 907-ci düzəliş hələ də qüvvədədir - sadəcə icrası prezidentin qərarı ilə müvəqqəti olaraq dayandırılır.

Donald Trampın 2025-ci ildə bu düzəlişin qüvvəsinin yenidən dayandırılması ilə bağlı sənəd imzalayacağı xəbərləri onun Azərbaycanla münasibətləri yenidən qurmaq və strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək istədiyinə işarə edir. Bu, həm də Azərbaycanın ABŞ ilə iqtisadi, enerji və hərbi sahələrdə əməkdaşlığını dərinləşdirmək üçün yeni bir mərhələnin başlandığını göstərir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
18
50
olaylar.az

10Mənbələr