AZ

"Bu halda Rusiya maksimum 20-30 min azərbaycanlı miqrantı qova bilər...”

 
“Ermənistanda Kremlin dəstəyi ilə dövlət çevrilişi üçün ciddi cəhdlər hazırlanır... Digər tərəfdən, ABŞ Paşinyanı dəstəkləyir. Bu dəstək böyük əhəmiyyət kəsb edir, çünki..."
 
Politoloq Zərdüşt Əlizadə Moderator.az-a verdiyi açıqlamada ABŞ-ın moderatorluğuyla Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması halında Rusiyanın atacağı mümkün addımları şərh edib. O, bildirib ki, hazırda Rusiya ani şəkildə Azərbaycana, yaxud Ermənistana qarşı hər hansı bir hərbi təzyiq addımı atmağa hazır deyil:
 
“Bilirsiniz, bu halda Rusiyanın ani olaraq heç bir şey etməsi mümkün deyil. Yəni əməli olaraq, Rusiya gəmilərinin Bakı üzərinə raket zərbələri endirməsi mümkündür və bu halda da heç kim ona qarşı çıxmaq imkanında deyil. Çünki Rusiya faktiki olaraq 'bandit dövləti' kimi fəaliyyət göstərir. Lakin birbaşa Azərbaycana və Ermənistana qarşı hərbi təzyiqlər etmək Moskvaya əl vermir. Hazırda Rusiya Ukraynada törətdikləri vəhşilikləri 'əsaslandırmağa” çalışaraq özünü “sivil” və “mədəni” dövlət kimi təqdim etməyə çalışır çalışır."
 
Siyasi şərhçi Rusiyanın hələlik öz daxili məsələlərinə daha çox fokuslandığını və Ermənistandakı dövlət çevrilişi cəhdlərinin Kremlin dəstəyi ilə hazırlandığını qeyd edib:
 
“Ancaq bu günə qədər Rusiya belə bir addım atmağa hazır deyil. Hələlik Rusiya diqqətini daha çox öz daxili məsələlərinə yönəltmək istəyir. Ermənistanda isə Kremlin dəstəyi ilə dövlət çevrilişi üçün ciddi cəhdlər hazırlanır. Bu prosesdə kilsə, Samvel Karapetyan, köhnə hakimiyyətin – Qarabağ klanının nümayəndələri iştirak edir. Lakin hələlik onların kifayət qədər gücü yoxdur ki, hakimiyyət tərəfdarları, polis və ordu ilə üz-üzə gəlsinlər. Bununla yanaşı, ciddi hazırlıqlar gedir. Məsələn, Robert Köçəryan açıq şəkildə bildirir ki, Paşinyanın hakimiyyətdə qalmasına imkan verməyəcəklər."
 
Politoloq həmçinin, ABŞ-ın Ermənistanın dəstəkləməsinə də diqqət çəkib:
 
“Digər tərəfdən, ABŞ Paşinyanı dəstəkləyir. Bu dəstək böyük əhəmiyyət kəsb edir, çünki Ermənistanın mövcudluğu böyük dövlətlərin himayəsindən asılıdır. Ermənistan başqa cür mövcud ola bilməz. Və Paşinyanı qəbul etməyən rusiyapərəst müxalifətin qarşısında da ABŞ kimi ciddi bir güc durur."
 
Əlizadə Rusiyanın Azərbaycana qarşı maksimum təzyiqinin miqrantların deportasiyası olacağını qeyd edib:
 
"Azərbaycana qarşı isə Rusiya nə edəcəyini bilir. Azərbaycan-Ermənistan  sülh sazişi imzalanacağı halda Moskva Azərbaycana qarşı maksimum nə edə bilər? Sadəcə 20-30 min azərbaycanlı miqrantını öz ərazisindən qovması mümkündür. Necə ki, vaxtilə Rusiya 2500-3000 gürcü miqrantını qovmuşdu... Amma bu addım da Azərbaycan üçün ciddi təzyiq yaratmaz, çünki Azərbaycan bu miqrantları qəbul edib öz ərazisində yerləşdirə bilər."
 
Son olaraq politoloq ABŞ-ın yekun sülh sazişi imzalamasının mümkünlüyünü şübhə altına alıb və Trampın bundan necə faydalana biləcəyinə dair öz fikirlərini bildirib:
 
“Ümumiyyətlə, mən çox istərdim ki, Vaşinqtonda sülh sazişi imzalansın. Lakin mənə elə gəlir ki, sadəcə bir niyyət protokolu və ya memorandum imzalanacaq və Donald Tramp bundan öz siyasi mənfəətini götürərək sülhpərvər imicini gücləndirməyə çalışacaq. Lakin onun birinci və ikinci prezidentlik dövründə dünyada sülh üçün yox, əksinə, müharibələrin qızışdırılmasına səbəb olmuş addımları göz qabağındadır."
 
Sultan Laçın
 
Seçilən
2
moderator.az

1Mənbələr