AZ

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Avqustun 8-i Azərbaycanın Milli Qəhrəmanı, təyyarə bələdçisi Hökumə Əliyevanın doğum günüdür.
 
Moderator.az xatırladır ki, Hökumə Cəlil qızı Əliyeva 1991-ci ildə Kəlbəcər rayonu, Susuzluq kəndində anadan olub.
 
1993-cü ildə kəndlərinin ermənilər tərəfindən işğal olunması səbəbi ilə Bərdə rayonunun Qaradəmirçi kəndində müvəqqəti məskunlaşıb.
 
1996-cı ildə isə Rusiyaya köçüb və Volqoqrad vilayətində bir müddət yaşayıb. Hökumə burada 1-ci sinifdən 6-cı sinfə qədər şəhərin 78 nömrəli məktəbində təhsil alıb. Daha sonra ailəsi Gəncəyə köçüb və Hökumə burada təhsilini davam etdirib. Gəncə şəhərindəki V.Veysəlov adına 30 nömrəli tam orta məktəbi bitirdikdən sonra 612 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub.
 
Hökumə Əliyeva öz təhsilini magistr və doktorantura pillələrində davam etdirib.
 
2016-cı ildən etibarən Azərbaycan Hava Yollarında əvvəlcə tərcüməçi kimi, sonra isə stüardessa kimi işləməyə başlayıb.
 
Hökümə Əliyeva 2024-cü ilin dekabr ayında AZAL-a məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğradığına görə həlak olub.
 
O, son dəqiqələrdə sərnişinləri sakitləşdirmək üçün səsləndirdiyi "Hər şey yaxşı olacaq" ifadəsi ilə yaddaşlarda silinməz iz qoyub.
 
Bundan sonra Hökumə Əliyeva 2024-cü il dekabrın 29-da II Fəxri xiyabanda dəfn olunub.
 
O, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Hökumə Cəlil qızı Əliyeva "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus "Embraer 190" tipli sərnişin təyyarəsi Bakı-Qroznı (Rusiya Federasiyası) reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatlarının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiyinə görə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
 
Rejissor və ssenarist Ziya Şıxlinski 2025-ci ildə Hökumə Əliyevanın həyatından bəhs edən "Hökumə - kədərim mənim" adlı qısametrajlı sənədli film çəkib. Əmək fəaliyyəti ilə bağlı əşyaları Milli Azərbaycan Tarix Muzeyinə verilib. Digər əşyaları ailəsinin evində təşkil olunacaq ev-muzeyində sərgilənir. Polşada adına təqaüd proqramı təsis edilib. Qazaxıstanda istehsal olunan zirehli hərbi ambulansa onun adı verilib.
Seçilən
10
3
moderator.az

4Mənbələr