AZ

907-ci düzəliş tarixə qovuşur: “Məntiqsiz qərar idi”

“ABŞ-nin Azərbaycana qarşı tətbiq etdiyi “Azadlığı Müdafiə Aktı”na 907 saylı düzəliş çox məntiqsiz bir qərar idi”.

Bu sözləri Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı “Cebheinfo.az”-a açıqlamasında deyib.

Sədr xatırladıb ki, sözügedən qərar 1992-ci ildə qərar qəbul olunub:

“Həmin vaxt guya Azərbaycanın Ermənistanı “blokada”da saxladığını iddia edirdilər. Azərbaycan istisna olmaqla, bütün keçmiş Sovet respublikalarına yardım göstərilirdi. Əslində, həmin dövrdə bizim torpaqlarımız işğal altında idi.

Belə bir şəraitdə ölkəmizə qarşı ağ bir yalan irəli sürdülər və 907-ci düzəlişi qəbul etdilər. Ancaq bu qərar ABŞ-də uzun illər ərzində mübahisə predmeti oldu.

Hər səfərində ABŞ Prezident Administrasiyası buna müxtəlif şəkildə yanaşdı. Dəfələrlə bunu dayandırmaq lazım olduğunu desələr də, addım atmırdılar. Buna baxmayaraq, Ümummilli Lider Heydər Əliyevin 2001-ci ildə ABŞ-yə səfərindən sonra bir yumşalma yarandı.

Nəticədə, hər il 907-ci düzəlişin icrası müvəqqəti olaraq dayandırıldı. Sadəcə sabiq ABŞ prezidenti Co Bayden bunu etməkdən imtina etdi. Bayden ermənipərəst mövqeyini açıq nümayiş etdirərək Ermənistanın yanında olduğunu göstərdi”.

O bildirib ki, 907-ci düzəlişin Azərbaycana ciddi təsiri yox idi:

“Sadəcə mənəvi məsələ idi. Çünki Azərbaycanın ABŞ və ya başqa hansısa ölkənin köməyinə ehtiyacı yoxdur. Yəni 907-ci düzəliş sırf mənəvi və siyasi qərardır. 

Lakin son məlumatlara görə, ABŞ Prezidenti Donald Tramp 907-ci düzəlişin icrasının dayandırılması haqqında sənəd imzalayacaq. Bunun Tramp administrasiyası tərəfindən obyektiv münasibətin göstəricisidir. 

Onlar hər məsələdə ədalətli mövqedən çıxış etməyə və qərəzli olmamağa çalışırlar. Hesab edirəm ki, bu, çox yaxşı təşəbbüsdür. Yəqin ki, Prezident Tramp tərəfindən 907-ci düzəlişin icrası birdəfəlik dayandırılacaq və bu, Konqresdə də təsdiqlənəcək. Artıq onlar da bunun mənasız qərar olduğunu başa düşürlər”.

Siyasətçi onu da əlavə edib ki, 907-ci düzəlişin ləğvi Azərbaycan və ABŞ arasındakı münasibətlərin bir təzahürüdür:

“Co Baydenin prezidentliyi dövründə ABŞ tərəfindən Azərbaycana qarşı açıq-aşkar şəkildə qərəzli siyasət həyata keçirilirdi.O zaman rəsmi Vaşinqton ölkəmizə qarşı düşmən mövqe sərgiləyirdi. Onlar müxtəlif bəhanələr gətirərək Ermənistanı müdafiə edirdilər. Lakin Donald Tramp tərəfindən bu qərəzli siyasətə son qoyulur.

Böyük ehtimalla, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyanın və ABŞ Prezidenti Donald Tramp arasında keçiriləcək görüşdə başqa tarixi nəticələr də əldə olunacaq”.

Həmsöhbətimiz vurğulayıb ki, bu gün Ağ Evdə keçiriləcək sülh müqaviləsi ilə bağlı ciddi addım atıla bilər:

“Düşünürəm ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsi ilə bağlı paraflanma, çərçivə sazişi və ya ümumi bəyanat imzalana bilər.  Nəzərə almaq lazımdır ki, sülh müqaviləsinin imzalanması üçün müəyyən prosedurlar olmalıdır. Eyni zamanda, görüşdə Zəngəzur dəhlizi ilə bağlı da müsbət addımın atılacağı gözlənilir”.

Akif Nağı diqqətə çatdırıb ki, böyük dövlətlər artıq Azərbaycanla hesablaşırlar:

“Demək olar ki, artıq bütün dövlətlər Azərbaycanın regiondakı və dünya siyasi sistemindəki mövqeyi ilə hesablaşır. Dünya ölkələri indiki dövrdə Azərbaycanla bağlı mövqelərinə realist yön verməyə çalışırlar. Hətta İran və Rusiya belə artıq reallıqları dərk etməyə başlayıb”. 

Seçilən
3
cebheinfo.az

1Mənbələr