AZ

Fələyin administrasiyası

Frans Kafkanın “Qəsr” romanı haqqında

Hələliksə ailəlikcə ev dustağıdırlar, təkcə Barnabas yuxarıların hiddətinə tuş gəlməyib. Bütün ailə onun Qəsrdə rəsmən qulluğa götürülməyinə gözünü dikib, ancaq bunu da dəqiq bilmək mümkün deyil. Doğrudur, Barnabasın dəftərxanaya girişi var, ancaq o dəftərxana qonşuluqdakı bir başqa kanselyariyanın, o da özündən daha böyüyünün bir hissəsidir. Bu dəftərxanaya buraxılan kəs o biri kanselyariyalarda nələr baş verdiyindən xəbər tutmur, heç kim öz vəzifəsindən, özünə aid işlərdən başqa bir işə qarışmır. Qəsrdə olanda Barnabas ağzını açıb bir kəlmə də danışmır.

Oğlan artıq Qəsrdə qulluğa girə biləcəyinə inamını itirib, ona görə də məktubları həvəssiz aparıb-gətirir. Olqa lənətə gəlmiş ailəsinin taleyinin Qəsrdən, qardaşının qulluğa götürülüb-götürülməyəcəyindən asılı olduğunu anladığına görə məmurların nökərləriylə tövlədə gizli görüşlər keçirir ki, onlardan nəsə bir xəbər, məxfi məlumat qopara bilsin.

***

K.-nın avaragor qalmasından, həyatını, yaşayışını qura bilməməsindən bezən Frida yenidən əvvəlki işinə qayıtmağı qərara alır, özüylə K.-nın köməkçilərindən birini də aparır ki, bir işə əllərini ilişdirəndən sonra evlənsinlər.

Klammın katibi Erlanger K.-nı gecə mehmanxanadakı otağında qəbul eləmək istəyir. Dəhlizdə bir xeyli adam, o cümlədən K.-nın tanışı mehtər Gerşteker növbə tutub gözləyir. Hamı gecə dəvətindən məmnundur, hamı anlayır ki, Erlanger onları dinləməyi özünə borc bildiyinə görə canına cəfa basıb yuxusuna haram qatır - axı onun xidməti iş cədvəlində Kəndə səfər üçün vaxt ayrılmayıb. Ona görə məmurların bir çoxu belə eləyir - kimisi bufetdə, kimisi otel nömrəsində, kimisi yemək masası ətrafında, kimisi də yataqda sakinləri qəbul eləyir.

Dəhlizdə K. Fridayla rastlaşır, qızın könlünü yenidən almağa çalışırsa da, cəhdi səmərə vermir, Frida onu çıxdaş olunmuş bədnam ailənin qızlarıyla xəyanətinə görə qınayıb K.-dan biryolluq aralanır. Onunla görüşdən sonra K. Erlangerin otağının nömrəsini unudur, çaşıb ayrı otağa girir. Burada başqa bir məmur mürgüləyir. Məmur dinləyici tapdığına sevinib K.-ya “xidməti prosedurun aramsızlığı” mövzusunda mülahizələrini söyləyir.

Az sonra Erlanger onu yanına çağırır. Qapı ağzında dayanıb getməyə hazırlaşan katib deyir ki, Fridanın əlindən süzülən pivələri içməyə alışmış Klamm yeni bufetçi gələndən özünə yer tapa bilmir, bu da onun ağır məsuliyyətli vəzifəni layiqincə yerinə yetirməsinə ciddi əngəl törədir. Odur ki, K. Fridanı geri qaytarsa, bu, onun karyerasının inkişafına müsbət təsir göstərə bilər. Bütün cəhdlərinin havayı olduğunu yavaş-yavaş qanan K. dəhlizdə məlul-məlul boynunu büküb durur.

Səhər saat beşdə mehmanxanada bir canlanma yaranır. Məmurların qapılar arxasından gələn səsləri K.-ya toyuq fermasında dan yeri sökülən vaxt quşların oyanışını xatırladır. Nökərlər arabalarla qalaq-qalaq sənəd gətirib otaqlarda məmurlara paylayırlar. Mehmanxana sahibi K.-nı dəhlizdə görcək onu özgə qoruğuna girmiş danatək qovur. Sən demə, gecə qəbullarının məqsədi bu imiş ki, məmur ağalar gündüz onlarda ikrah doğuran sakinləri qaranlıqda tezbazar yola versinlər. K.-nın Qəsrdən gəlmiş iki katibin qəbulunda olduğunu biləndə mehmanxana sahibi ona pivə salonunda yatmağa rüsxət verir. Burada o, Fridadan sonra bufetçi işləyən alyanaq Pepiylə xeyli söhbətləşir, qız ona həyatından, Fridanın məkrindən gileylənir.

Mehtər Gerşteker K.-ya tövlədə iş təklif eləyir. K. anlayır ki, Gersteker onun vasitəsiylə Erlangerdən nəsə qoparmaq istəyir. Gerşteker niyyətini danmır, K.-nı evinə gecələməyə aparır...

Bu epizodda əsərin əlyazması qırılır. Romanın sonluğuyla bağlı müxtəlif versiyalar var. Mərhum filoloq alim Paşa Əlioğlu bu ehtimallar haqda belə yazır: “Əsərin iki sonluğu olacağını görürlər. Birincisi: K. Qəsrə heç bir yol olmadığını görüb təslim olur. İkincisi: K. Kənddə yaşamaq hüququ qazanır. Qəsrə gedən yolda nəyəsə nail olur. Lakin bu hüquq təslim olub qüvvəsini itirmiş, ölməkdə olan bir adama verilir... Məncə, bu iki sonluğun heç biri əsərin məntiqinə uyğun deyil. Əsər məhz sonluqsuz olmalı idi. Bu natamamlıq son səhifələri düşmüş əlyazmanın natamamlığı deyil, romanın məzmunu ilə bağlı yarımçıqlıqdır. K.-nın çıxılmazlığı, vəziyyətinin bütün faciəviliyi sonluqsuz əsərdə daha düzgün əksini tapıb. Eyni zamanda, natamam əsərin ümumiyyətlə təqdim olunmaq haqqına, belə bir sonluqsuz faciənin oxucuya təqdim edilə bilmək hüququna malik olub-olmaması Kafkada böyük şübhələr oyadırdı (bu, onun bir sıra başqa əsərlərinə də aiddir). Buna görə də o, natamam olacaq əsərini natamam saxlasa da (yarımçıq romanın son cümləsi yarımçıq qalıb, lakin bu, onun bitəcəyini sübut etmir), ölümündən sonra çap etdirilməsinə razı olmadı”.

***

Qəsrin nəyi simvolizə elədiyi bu günəcən müzakirə, mübahisə mövzusudur. Kimi bunu yerüstü bürokratiyanın, konkret desək, Avstriya-Macarıstan imperiyasında qurulu saat kimi işləyən total nəzarət aparatının, əzici, rəhmsiz dövlət mexanizminin rəmzi (repressiyaların şıdırğı vaxtı anadan olmuş bir sovet ədəbiyyatçısı demişdi ki, biz Kafkanın yuxularını çin çıxarmaq üçün dünyaya gəlmişik), kimi də amansız kosmik idarəçilik sisteminin, hətta Allahın obrazı kimi qavrayır. Birinci baxış, zənnimcə, romanı konkret ictimai-siyasi dövrün reallıqları çərçivəsinə salmaqla Kafka yaradıcılığının miqyasını kiçiltmək, əhəmiyyətini azaltmaq olar.

İkinci yanaşmaya gəlincə bu, Kafkanın ümumi yaradıcılığı kontekstində həqiqətə çox yaxın yozum kimi görünür, ancaq kiçicik bir düzəlişlə: Kafkanın düşüncə sistemində Allah deyə bir qüvvə yoxdur, hətta onun adına Allah desələr də. Bizə tanış olan Tanrı obrazı yer üzünə, insanlara Günəş kimi sevgi, mərhəmət, nur saçan xilaskar bir qüdrətdir, Kafkanın fövqəlbəşər qüvvəsi isə bəşər övladlarını Ay kimi soyuq, yalançı, saxta parıltısıyla aldadan İblis, Şeytan, Fələk obrazına daha çox bab gəlir. O qüvvə qurtarıcı yox, əzici, dağıdıcı; cəfakeş, əzabkeş yox, cəfa çəkdirən, ağrı, əzab verən qüvvədir.

Bu, başqa məsələ ki, yer üzündə açılan hər tüfəng, atılan hər top göylərin hökmünü yerinə yetirməyə hazır şeytan qurğusu kimi, başqa sözlə, yer administrasiyası (Kənd) göy administrasiyasının (Qəsr) icraçı orqanı, yaxud filialı kimi də təqdim oluna bilər. Əslində, romanda elə belədir, Kəndin vəzifəli, səlahiyyətli şəxsləri Qəsrdən təyin olunur, bütün əmrlər, sərəncamlar yuxarıdan verilir. Gerçəkdən, ikinci yozum birinci yozumu nəinki istisna eləmir, əksinə, onu da içinə alır.

Xəfifcə toxunduğumuz iki populyar yanaşmadan başqa populyar olmayan bir yozum da var ki, ona cidd münasibət bəsləməyi doğru saymıram: guya Kafkanın Qəsrə yol tapmağa can atan qəhrəmanı Avropa sivilizasiyasına inteqrasiya olunmağa çalışan, özlərini qoca qitədə qərib sayan yəhudilərin ümumiləşdirilmiş obrazıdır. Hərçənd bu yozumun da özünə görə yaşamaq haqqı var...

Romanın qəhrəmanı K.-nın yerölçən olması da, zənnimcə, rəmzi məna daşıyır: ayağımız yer tutandan hamımız yer ölçürük. İndi artıq insanın addımlarını sayan qol saatları da icad olunub, odur ki, ömrümüzü addım-addım ölçməklə addımlarımızı ömrümüzün boyuna tuta bilərik.

K.-ya ayrılan iki köməkçini xeyir-şər mələkləri kimi qələmə verənlər də var. Mənə elə gəlir mələklərə Kafka teatrının səhnəsində rol nəzərdə tutulmayıb, K.-ya təhkim olunmuş bir cüt köməkçi fələyin hər bir canlıya hələ ana bətnindəykən qarovulçu qoyduğu iki instinktin rəmzidir. Freyd bunlara Eros-Tanatos deyərdi, ancaq bunlar bir-birinə qarşı duran iki ayrı ehtiras növü də deyil, özünüqoruma instinkti adında bir bölünməz bioloji silahın, ikibaşlı qılıncın bir ucuna ehtiras, o biri ucuna qorxu deyilən iki başı, bir cüt qütbüdür.

O köməkçilər bundan irəli “Məhkəmə” romanının qəhrəmanı Yozef K.-nı da doğum günündən (həbsi ona ad günündə elan olunmuşdu) edamınacan müşayiət eləmişdilər. Özü də qarı Fələyin bu məkrli casusları insanı ölümünə təkcə yola salmırlar, həm də aparırlar. Oynada-oynada gözübağlı aparırlar, çapa-çapa könüllü aparırlar, elə aparırlar ki, məxluqat öz sonuna bayram ziyafətinə tələsən kimi tələsir...

F.Uğurlu

Seçilən
42
yeniazerbaycan.com

1Mənbələr