AZ

Rahil Məmmədov: "Onlar barədə hamının məlumatı var"

"Çətin oyun oldu”.

İdman.biz Teleqraf-a istinadən xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın futbolçusu Rahil Məmmədov evdə Kipr "Omoniya"sına 0:4 hesabı ilə uduzduqları UEFA konfrans Liqasının III təsnifat mərhələsinin ilk matçından sonra jurnalistlərə açıqlamasında deyib.

30 yaşlı müdafiəçi komandasının yorğun olduğunu bildirib: “Çünki “Aris”lə son oyunda qırmızı vərəqə almışdıq, eləcə də Yunanıstandan bura uzun yol qət etmişdik”.

O, cavab görüşündə geridönüşə inandığını söyləyib: “Futbolda hər şey mümkündür, mən inanıram. Çətin rəqib olduqlarını bilirdik, futboldur, belə alındı. Cavab oyununa hazırlaşacağıq”.

Məmmədov Polşa “Radomyak”ından ayrılmasının səbəbini belə izah edib: “Klubumu dəyişmək niyyətində idim. “Araz-Naxçıvan” məni ən çox istəyən klub idi. Komandada məni yaxşı qarşıladılar. Futbolçuların çoxunu da əvvəldən tanıyıram”.

O, milli komandadan hər zaman dəvət gözlədiyini vurğulayıb: “Millidə oynamağı həmişə istəyirəm. Formada olsam və dəvət alsam, gedib kömək edəcəyəm”.

Məmmədov DÇ-2026 seçmə mərhələsindəki rəqiblər barədə də söz açıb: “Rəqiblərimiz elə komandalardır ki, onlar barədə hamının məlumatı var. Bu oyunlarda öz gücümüzü verəcəyik. Hazırlıqlı olub-olmadığımızı oyunlarda görəcəyik. Futbolda işlər hər zaman yaxşı olmur. AFFA-da da köklü dəyişikliklər olub…”

O, azarkeşlərdən dəstək istəyib: “Mənim performansım bir az aşağı ola bilər. Özümdən daha da yaxşısını gözləyirəm. İndiyə kimi bizi dəstəkləyən azarkeşlərə, sayları az olsa da, təşəkkür edirəm. Onların sağlam tənqidlərini qəbul edirəm”.

İdman.biz

Seçilən
22
1
idman.biz

2Mənbələr