AZ

Qafqazın yeni geosiyasi konturları və Rusiyanın Kənarlaşdırılması

Yazını böyüt
Yazını kiçilt

"Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ-a səfəri və Donald Trampla keçirilən görüş adi və formal diplomatik səfər çərçivəsində qiymətləndirilə bilməz. Bu görüş, əslində, dərin və çoxqatlı geosiyasi proseslərin bariz nümunəsidir. Onun fonunda Qafqazın gələcək siyasi xəritəsi, böyük güclərin maraq balansı və regionun strateji gələcəyi yenidən yazılır".

Bunu hafta.az-a açıqlamasında siyasi ekspert Vüqar Dadaşov bildirib.

Onun fikrincə, bu dəfəki danışıqlar artıq klassik Ermənistan-Azərbaycan münaqişəsi çərçivəsindən çıxaraq, qlobal güc mərkəzlərinin - ABŞ, Rusiya, Böyük Britaniya və Türkiyənin - maraqları müstəvisində dəyərləndirilməlidir.

V.Dadaşov qeyd edib ki, regionda sabitliyin təmin olunması, kommunikasiyaların açılması və "Zəngəzur dəhlizi"nin reallaşması yalnız iki dövlətin deyil, bütövlükdə Avratlantik blokunun strateji xəttinə çevrilibdir:

"Böyük güclərin toqquşma nöqtəsinə çevrilmiş Cənubi Qafqaz artıq təkcə regional deyil, qlobal miqyaslı maraqların kəsişdiyi bir düyündür. ABŞ-ın Cənubi Qafqaza xüsusi diqqət ayırması və bu prosesdə açıq şəkildə aparıcı rol oynamağa başlaması, təkcə Rusiyanın bölgədəki təsir imkanlarını zəiflətmir – eyni zamanda, Azərbaycanın enerji, infrastruktur və strateji kommunikasiya siyasətini də beynəlxalq dəstək çərçivəsində legitimləşdirir. Bu kontekstdə Azərbaycan Zəngəzur dəhlizi kimi həm iqtisadi, həm də geosiyasi əhəmiyyət daşıyan bir strateji hədəfi təkbaşına reallaşdırmaqla, böyük dövlətlərin belə risk etmədiyi bir siyasəti uğurla icra etmiş olur. Məlumdur ki, bu dəhliz təkcə Naxçıvanla Azərbaycanın materik hissəsini birləşdirmir – o, Türkiyə ilə Orta Asiya arasında uzanan pan-türk dünyasının iqtisadi və hərbi koordinasiyasını təmin edən arteriya rolunu oynayacaq".

Ekspert Vaşinqton görüşünün nəticələrini bir neçə istiqamətdə təhlil edib:

"Birincisi, Rusiyanın kənarlaşdırılması faktiki reallığa çevrilir. Qarabağ münaqişəsi uzun illərdir ki, Rusiyanın Cənubi Qafqazda qalmasının əsas bəhanəsi idi. Bu problemin ortadan qalxması, Kremlin regiondakı hərbi-siyasi varlığını əsaslandıran zəminin tamamilə yoxa çıxması deməkdir. Beləliklə, sülhə doğru atılan bu addım Rusiyanın regiondakı tarixi dominantlığının bitməsi anlamına gəlir.

İkincisi, Türkiyənin bölgədə möhkəmlənməsi məsələsi. ABŞ-ın prosesə müdaxiləsi əslində, NATO-nun - daha dəqiq desək, Türkiyə və Böyük Britaniyanın - regionda təsir imkanlarının artması ilə nəticələnir. Türkiyə və Azərbaycanın müttəfiqlik münasibətləri fonunda bu proses eyni zamanda vahid türk strateji məkanının formalaşmasına da xidmət edir. Hərbi, siyasi və iqtisadi baxımdan bu, Ermənistan üçün də alternativ bir gələcəyin qapılarını açır.

Üçüncüsü, Ermənistanın iqtisadi transformasiyası və yön dəyişməsi məsələsi. Rusiyadan asılı vəziyyətdə olan Ermənistan iqtisadiyyatı üçün bu proses yeni alternativlər yaradır. İstisna deyil ki, yaxın illərdə Ermənistanın enerji, ticarət və infrastruktur ehtiyaclarının əhəmiyyətli hissəsi Azərbaycan və Türkiyə üzərindən qarşılanacaq. Bu isə Ermənistanın geosiyasi təkamülündə radikal dönüş deməkdir.

Dördüncüsü, Böyük Britaniyanın maraqları və dəhliz üzərində nəzarət məsələsi. Əgər ABŞ bu dəhliz üzərindən qlobal kommunikasiya və təhlükəsizlik xəttini gücləndirirsə, Böyük Britaniya da burada enerji, nəqliyyat və strateji yük daşımaları vasitəsilə iqtisadi və maliyyə maraqlarını qoruyur. Azərbaycan və Türkiyənin dəhlizə nəzarəti bu anlamda həm də Londonun maraqlarına tam cavab verir.

Nəhayət, əldə olunmuş bəyanatlar və diplomatik konturlar açıq şəkildə göstərir ki, Ermənistan-Azərbaycan münaqişəsi faktiki olaraq tarixə qovuşur. Yeni mərhələ sülh, əməkdaşlıq, kommunikasiya və iqtisadi inteqrasiyaya söykənir. Bu isə Cənubi Qafqazın Rusiya orbitindən çıxarılaraq Avratlantik məkana daxil edilməsi prosesini daha da sürətləndirir".

V.Dadaşov bildirib ki, bu gün Azərbaycan, ABŞ və Türkiyə təkcə regionu deyil, bütövlükdə Avrasiya üçün yeni geosiyasi realıqlar yaradır. Bu realıqlar isə illərlə "özünü sahibi" hesab edən qüvvələri arxa plana keçirir:

"ABŞ-ın Cənubi Qafqaza diqqətinin artması yalnız Ermənistan və Azərbaycan arasındakı prosesləri nəzarətə götürmək məqsədi ilə izah edilə bilməz. Əslində, Vaşinqton üçün bu region, qlobal iqtisadi və geosiyasi rəqabətin mühüm arenalarından birinə çevrilib. ABŞ-ın burada əsas strateji hədəfi Zəngəzur dəhlizi üzərində nəzarəti təmin etməklə, Çinlə iqtisadi rəqabətdə üstünlük qazanmaqdır. Çünki bu dəhliz vasitəsilə Türkiyə, Azərbaycan və Orta Asiya ölkələri arasında iqtisadi əlaqələr möhkəmlənir, Pekin isə eyni zamanda öz "Bir Kəmər, Bir Yol" layihəsi çərçivəsində alternativ nəqliyyat marşrutlarını inkişaf etdirir. ABŞ-ın bu dəhlizə nəzarəti, onun Çinlə qlobal iqtisadi mübarizəsində əhəmiyyətli bir addım hesab olunur.

Eyni zamanda, ABŞ regionda İran və Rusiyanın təsirini məhdudlaşdırmaqla, Cənubi Qafqazda öz siyasi və iqtisadi dominantlığını möhkəmləndirməyə çalışır. Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi də bu geniş geosiyasi planın bir hissəsidir".

Ekspertin fikrincə, Vaşinqtonun təşəbbüsü həmçinin, regional münaqişələrin həlli vasitəsilə İran, Rusiya və Çinin təsir dairəsini zəiflətmək və bu ölkələrin Avrasiya üzərində qlobal rəqabətində üstün mövqeyə çıxmaq məqsədini güdür. Onun sözləinə görə ən vacibi isə budur ki, Azərbaycan regionda yaratdığı reallıqlarını və dünyada söz sahibliyini, nüfuzunu dünya nəhəngi məhz ABŞ vasitəsilə həm ABŞ-ın özünə və dünyaya qəbul etdirir.

Seçilən
19
50
hafta.az

10Mənbələr