Ajans.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bu mühüm sənəd Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona səfəri zamanı – avqustun 8-də rəsmiləşdiriləcək. Azərbaycan və ABŞ liderləri arasında qurulan strateji tərəfdaşlığın növbəti göstəricisi sayılan bu addım, üç onillikdən artıq müddətdə qüvvədə olan bir haqsızlığı aradan qaldıracaq. Xatırladaq ki, ABŞ Konqresi 1992-ci ildə Ermənistanın Azərbaycana qarşı təcavüzü fonunda, rəsmi Bakının guya Yerevana “blokada” tətbiq etdiyi iddiası ilə Azərbaycana birbaşa dövlət yardımını qadağan edən 907-ci düzəlişi qəbul etmişdi. Sonrakı illərdə bir sıra ABŞ prezidentləri bu düzəlişin icrasını müvəqqəti olaraq dayandırsa da, Co Bayden administrasiyası onu yenidən gündəmə gətirərək Azərbaycana siyasi təzyiq vasitəsinə çevirməyə çalışmışdı.