AZ

Gürcüstandan Rusiyaya qarşı bəyanat...-Ukraynaya dəstək...- Putinə söyüşlər səsləndi...-VİDEO

Gürcüstana qarşı genişmiqyaslı hərbi təcavüzdən 17 il keçsə də, Rusiya qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmaqdan və atəşkəs sazişindən irəli gələn digər öhdəlikləri yerinə yetirməkdən imtina edərək beynəlxalq hüququ pozmaqda davam edir. 
 
Moderator.az "Newsgeorgia" nəşrinə istinadla xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bu gün dərc olunmuş bəyanatında deyilir.
 
Xarici İşlər Nazirliyi qeyd edib ki, Moskva təkcə Abxaziya və Sxinvali regionunda/Cənubi Osetiyada hərbi mövcudluğunu saxlamır, həm də işğal olunmuş ərazilərin Rusiyanın siyasi, iqtisadi və hərbi sisteminə inteqrasiyasını gücləndirib. 
 
“Son vaxtlar bu məqsədlə həyata keçirilən çoxsaylı qanunsuz hərəkətlər xüsusi narahatlıq doğurur”, - bəyanatda konkret faktlar göstərilmədən qeyd olunub.
 
Rəsmi Tbilisi qeyd edir ki, Rusiya tərəfi beynəlxalq təşkilatların ərazilərə daxil olmasına mane olur, beynəlxalq təhlükəsizlik mexanizmlərinin işini pozur və qaçqınların öz evlərinə qayıtmasının qarşısını alır.
 
Gürcüstan Xarici İşlər Nazirliyi vurğulayıb ki, bu hərəkətlər Beynəlxalq Cinayət Məhkəməsinin və Avropa İnsan Hüquqları Məhkəməsinin 2021-2024-cü illərdə Rusiyanı beynəlxalq normaları pozan kimi tanıyan çoxsaylı qərarlarını təsdiqləyir.
 
“Xarici İşlər Nazirliyi Rusiya Federasiyasını işğal olunmuş ərazilərin qondarma "müstəqilliyi"ni tanımaq barədəki qanunsuz qərarını ləğv etməyə, Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə hörmət etməyə, 12 avqust 2008-ci il tarixli atəşkəs sazişi üzrə öhdəliklərini yerinə yetirməyə, Gürcüstanın daxilindən qoşunlarını çıxarmağa və daxili köçkün  şəxslər və qaçqınların öz evlərinə dönməsinə mane olmamağa çağırır”, - deyə bəyanatda bildirilir.
 
Tbilisi işğaldan azad edilməsinə yalnız sülh yolu ilə - beynəlxalq tərəfdaşlarla əməkdaşlıqda diplomatik və hüquqi sənədlər vasitəsilə nail olmaq niyyətində olduğunu bəyan edir.
 
Bu kontekstdə Xarici İşlər Nazirliyi Qali və Erqnetidə İnsidentlərin Qarşısının Alınması Mexanizmi (IPRM) çərçivəsində görüşlərin bərpa edilməsinin, həmçinin Cenevrə Beynəlxalq Müzakirələrinin mütəmadi olaraq keçirilməsinin vacibliyini vurğulayıb.
 
Əlavə edək ki, 2008-ci ilin avqustunda Rusiya ilə müharibədə həlak olanların xatirəsinə Gürcüstanın bütün inzibati binalarında və xaricdəki diplomatik nümayəndəliklərində dövlət bayraqları endirilib.
 
Avqustun 8-də bütün Gürcüstanda hökumətin təşkil etdiyi anım tədbirləri keçiriləcək. Müxalifət isə avqustun 7-ni müharibənin başlama tarixi hesab edi və hakimiyyəti Rusiya narrativinə uymaqda ittiham edir.
 
Dünən bir neçə min insan Tbilisidə Rusiya-Gürcüstan müharibəsinin başlanmasının 17-ci ildönümünü qeyd etmək üçün keçirilən yürüşə qatılıb. Yürüş ölkənin ərazi bütövlüyü və azadlığı uğrunda şəhid olanların xatirəsinə ucaldılmış abidənin ucaldıldığı Qəhrəmanlar meydanından başlayıb. Aksiya iştirakçıları Rustaveli prospektindəki parlamentə doğru hərəkət ediblər. Kolonları patrul polisi müşayiət edib.
 
Yürüş iştirakçıları müxtəlif şüarlar səsləndiriblər:  “Qəhrəmanlara eşq olsun”, “Yaşasın qəhrəmanlar”, “Müstəqil Gürcüstana eşq olsun”, “Ukraynaya eşq olsun”, “Çürük Rusiya imperiyasının iflası” və s.Rusiya prezidenti Vladimir Putinə ünvanlanan söyüşlər də eşidilib... 

S.Laçın

 
Seçilən
6
moderator.az

1Mənbələr