TBİLİSİ, 8 avqust. TELEQRAF
Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Rusiyanı işğal etdiyi Abxaziya və Cənubi Osetiya bölgələrinin müstəqilliklərinin tanınması barədə qeyri-qanuni qərarını ləğv etməyə çağırıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu çağırış XİN-nin avqust müharibəsinin 17-ci ildönümü ilə bağlı yaydığı bəyanatında yer alıb.
Bildirilib ki, Gürcüstan münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır və bu istiqamətdə diplomatik, hüquqi alətlərlərdən istifadə etməklə və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşıqda davamlı addımlar atır.
“Rusiya 12 avqust 2008-ci il tarixli atəşkəs haqqında sazişi yerinə yetirməkdən və işğalçı qüvvələri Gürcüstan ərazisindən çıxarmaqdan imtina edir, Gürcüstanın bölgələrinin Rusiyanın siyasi, iqtisadi, hərbi və sosial sisteminə inteqrasiyası məqsədilə beynəlxalq normalara zidd addımlar atmaqda davam edir. Son vaxtlar bu məqsədlə həyata keçirilən çoxsaylı qanunsuz hərəkətlər xüsusi narahatlıq doğurur”, - bəyanatda deyilir.
Rəsmi Tbilisi Rusiyanı Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşmağa, atəşkəs haqqında sazişin öhdəliklərini yerinə yetirməyə, qoşunlarını Gürcüstan ərazisindən çıxarmağa, məcburi köçkünlərin və qaçqınların öz evlərinə qayıtmasına mane olmamağa çağırıb.
Xatırladaq ki, Rusiya işğal etdiyi Gürcüstanın iki bölgəsinin müstəqilliklərini 2008-ci ilin avqustun 26-da tanıyıb. Həmin vaxtdan Tbilisi Moskva ilə diplomatik əlaqələrə son qoyub.