Məktəblərdə dərs prosesinin başa çatması ilə uşaqların gündəlik həyatında ciddi dəyişiklik baş verir. Bu müddətdə təhsil və dərs yüklərindən azad olan uşaqlar istirahətə, əyləncəyə və asudə vaxtlarını sərbəst keçirməyə daha çox vaxt ayırırlar.
Lakin yay tətili valideynlər və cəmiyyət üçün yalnız istirahət deyil, eyni zamanda məsuliyyət dövrüdür. Çünki uşaqların yay aylarında necə vaxt keçirmələri onların fiziki və psixoloji sağlamlıqlarına, gələcək inkişafına və sosial bacarıqlarına birbaşa təsir edir.
Asudə vaxt, sadəcə, boş vaxt deyil, düzgün istiqamətləndirildiyi halda uşağın şəxsiyyətinin formalaşması, bacarıq və maraqlarının üzə çıxması üçün böyük imkan yaradan mərhələdir. Əgər bu vaxt məqsədsiz, nəzarətsiz və qeyri-sağlam mühitdə keçirilərsə, uşaqlarda məsuliyyətsizlik, texnologiyaya asılılıq, passivlik və sosial təcrid kimi halların yaranması qaçılmaz olur. Xüsusən son illər internetin, smartfonun həyatımıza geniş daxil olması ilə uşaqların əksəriyyəti boş vaxtlarını onlara sərf edirlər. Saatlarla əldə smartfon hərəkətsiz qalmaq, real ünsiyyətdən uzaq düşmək və virtual aləmə qapılmaq həm psixoloji balansın pozulmasına, həm də fiziki aktivliyin azalmasına səbəb olur.
Yay aylarında uşaqlar üçün ən faydalı məşğuliyyətlərdən biri müxtəlif tematik yay düşərgələridir. Bu düşərgələr uşaqlara yeni dostlar tapmaq, komanda ilə işləmək, təbiətlə tanış olmaq, oyun və idmanla məşğul olmaq, həm öyrənmək, həm də əylənmək imkanı verir. Yaradıcılıq dərnəkləri – rəsm, musiqi, teatr, elmi-texniki kurslar isə uşaqlarda gizli istedadların üzə çıxmasına və inkişafına zəmin yaradır. Bu fəaliyyətlər uşağın özünə inamını artırır, vaxtı düzgün bölməyi və məsuliyyətli davranmağı öyrədir. Yadımdadır ki, biz yay tətilindən qayıdanda məktəbdə ilk inşa mövzumuz "Mən yay tətilimi necə keçirdim" olurdu. Yazacağımız həmin mövzu daha geniş, səyahət baxımından daha zəngin olsun deyə çox yerlərə getməyə can atırdıq. Hətta bəzən inşamızın daha maraqlı olması üçün getmədiyimiz yerləri də mövzuya daxil edirdik.
Ailənin bu prosesdə rolu əvəz-olunmazdır. Valideynlər uşaqların yay aylarında nə ilə məşğul olduqlarını diqqətlə izləməli, onlara sərbəstliklə yanaşı, sağlam istiqamət də verməlidirlər. Evdə təşkil olunan birgə oyunlar, kitaboxuma saatları, gəzintilər və ailəvi səyahətlər uşağın yaddaşında unudulmaz xatirələr buraxmaqla yanaşı, ailə bağlarını da gücləndirir. Düzdür, bəzi hallarda valideynlər iş rejiminin sıxlığı səbəbindən övladları ilə yetərincə vaxt keçirə bilmirlər. Amma onun da çarəsi var. Bu zaman uşaqların yaxın qohumların yanında və ya etibarlı tədris və mədəniyyət mərkəzlərində yönəldilmiş fəaliyyətlərlə məşğul olması təmin olunmalıdır.
Uşaqlar üçün yay həm də fiziki aktivlik dövrüdür. İdman meydançaları, parklar, velosiped və skuter gəzintiləri uşağın sağlam böyüməsi üçün əvəzsiz vasitələrdir. Hərəkətsizlik və qapalı mühitdə qalmaq uşaqların böyümə prosesinə mənfi təsir göstərir. Odur ki, valideynlər və yerli icra orqanları bu cür açıq havada fəaliyyət imkanlarını genişləndirmək üçün şərait yaratmalı, parkların təhlükəsizliyinə və təmizliyinə xüsusi diqqət yetirməlidirlər.
Bununla yanaşı, yay aylarında uşaqların təhlükəsizliyi də diqqət mərkəzində olmalıdır. Nəzarətsiz anlar, dəniz və su hövzələrində ehtiyatsız davranış, yol kənarında oynamaq və ya naməlum şəxslərlə ünsiyyət kimi hallar təhlükəli nəticələr doğura bilər. Bu səbəbdən uşaqlara yaşlarına uyğun təhlükəsizlik qaydaları izah olunmalı, sərbəstlik verilsə də, onlar müəyyən çərçivədə müşahidədən kənar qalmamalıdırlar.
Cəmiyyət olaraq da bu məsələdə birgə məsuliyyət daşıyırıq. Dövlət qurumları, bələdiyyələr, QHT-lər və təhsil müəssisələri yay aylarında uşaqlara yönəlik maarifləndirici və faydalı layihələr həyata keçirməli, hər bir uşağın sağlam və təhlükəsiz mühitdə inkişaf etməsi üçün tədbirlər görməlidirlər. Xüsusilə aztəminatlı ailələrin uşaqları üçün pulsuz və ya güzəştli yay proqramları təşkil edilməlidir.
Yay mövsümü uşaqlar üçün, sadəcə, dərs ilindən sonra yaranmış bir fasilə deyil, həm də onların həyatında yeni biliklər və bacarıqlar qazanmaq, həyat təcrübəsi toplamaq üçün fürsətdir. Bu fürsəti düzgün qiymətləndirmək isə valideynlərin, müəllimlərin və bütövlükdə cəmiyyətin vəzifəsidir. Çünki bu günün uşaqları sabahın qurucularıdır.
Nərminə ƏSGƏROVA,
"Azərbaycan"