CNN telekanalı ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında mümkün görüşdən sonra Rusiyanın Ukraynaya qarşı müharibəsinin necə başa çata biləcəyi ilə bağlı beş ssenari təqdim edib.
Bizim.Media həmin ssenariləri təqdim edir.
1-ci ssenari – Atəşkəs
CNN bu variantı çox az ehtimal olunan sayır. Analitiklərin fikrincə, Rusiya hücum tempini qoruduğu müddətdə dayanmayacaq. Telekanalın proqnozuna görə, oktyabr ayına qədər Rusiya ordusu Pokrovsk, Konstantinovka və Kupyansk şəhərlərini ələ keçirə bilər.
2-ci ssenari – Uzadılmış danışıqlar
Bu halda Moskva işğal etdiyi əraziləri möhkəmləndirmək imkanı əldə edir və 2026-cı ildə yeni hücuma hazırlaşa bilər. Eyni zamanda, bu nəticələrin diplomatik tanınması üçün danışıqlar aparıla bilər. Həmçinin Kiyevdə rusiyayönlü namizədin hakimiyyətə gətirilməsi cəhdi də mümkündür.
3-cü ssenari – “Ukrayna dözür”
Bu ssenaridə Avropa İttifaqı Kiyevi dəstəkləməyə davam edir, Rusiya isə əhəmiyyətli uğur qazana bilmir. Bu hal Kremlə danışıqlara başlamaq üçün təzyiq yarada bilər.
4-cü ssenari – Ukrayna və NATO üçün fəlakət
ABŞ-ın yardımını dayandırması və Avropa İttifaqının resurslarının kifayət etməməsi bu ssenarinin əsas elementləridir. Rusiya ordusu Dnepropetrovsk və Zaporojye vilayətlərində strateji üstünlük qazanır və Ukrayna Silahlı Qüvvələrinə ağır zərbələr endirir. Zelenskinin səfərbərliyi artırmaq cəhdi ölkə daxilində siyasi böhrana səbəb olur.
5-ci ssenari – Putin üçün fəlakət
Bu variant Rusiyanın resurslarının tükənməsi, sanksiyaların güclənməsi, Çinlə münasibətlərin soyuması və elita daxilində narazılığın artması kimi amilləri əhatə edir. Nəticədə Rusiya ordusu Ukraynadan Sovetlərin vaxtilə Əfqanıstandan çıxması kimi geri çəkilə bilər.
CNN vurğulayır ki, bu ssenarilərin heç biri Ukrayna üçün ideal deyil, yalnız sonuncu variant Ukrayna üçün ümidverici sayılır. Eyni zamanda, kanal bildirir ki, heç bir ssenari təkcə Putin və Trampın iradəsi ilə həyata keçə bilməz.
Ukraynanın birbaşa iştirakı olmadan sülh mümkün deyil.
Bizim.Media