AZ

Trampın "həll etdim" dediyi 2 nüvə dövləti yenidən üz-üzə dayandı - hər an müharibə...


Kəşmir yay istisindən qaçan hindlilər üçün sərin, rahatladıcı bir vahə hesab olunur. Lakin bu ərazi, bəlli olduğu kimi, uzun illərdir Hindistan və Pakistan arasında mübahisə mövzusuna çevrilib. Hindistan zorla bütün Kəşmir üzərində nəzarəti əldə saxlamağa can atır. Belə bir vaxtda Pakistan Kəşmirində minlərlə insan Dehlinin altı il əvvəl Kəşmirlə bağlı atdığı addımı, bu əyalətin statusunu lğəv etməsi qərarını pisləmək üçün mitinq keçirib.

Qonşular onun üstündə iki dəfə döyüşüblər. Bu ilin may ayında isə onlar raket zərbələri və hava bombardmanları mübadiləsi aparıblar. Belə bir vaxtda Pakistan Kəşmirində nümayişçilər 5 avqust 2019-cu ildə Cammu və Kəşmir əyalətinin statusunu ləğv edən və onu birbaşa Dehliyə tabe olan birlik ərazisinə çevirən Hindistanın baş naziri Narendra Modinin əleyhinə şüarlar səsləndiriblər. Nümayişçilər Hindistanın nəzarətində olan Kəşmirin yarı-muxtar statusunun bərpasını tələb ediblər. Onlardan bəziləri isə iki dövlət arasında sərhədi yenidən çəkmək və əhalisinin əksəriyyəti müsəlman olan bütün Kəşmiri Pakistana verilməsi niyyətlərini də açıq şəkildə gündəmə gətiriblər. Təbii ki, bir çox ölkələrdə hər gün etiraz aksiyaları keçirilir. Amma burada nüvə silahına malik iki dövlətin təhlükəsizliyi təhdid altındadır. Xüsusən də nəzərə alınmalıdır ki, Hindistan və Pakistan may ayında bir-birinin mövqelərini raket və hava zərbələri ilə vuraraq, demək olar ki, böyük müharibənin astanasına qədəm qoymuşdular. Toqquşma Kəşmirdə yaraqlıların 26 hindli turisti öldürməsindən sonra baş verib. Dehli həmin vaxt heç bir əsas olmadan Pakistanı günahlandırdı, İslamabad ittihamı rədd etdi. Bu fonda indi də vəziyyət çox təhlükəlidir. Dehli yeni hücumlara dözməyəcəyini və onları cavabsız qoymayacağını bildirir. Əslində isə Pakistanın belə bir niyyəti yoxdur ,sadəcə, Hindistan yeni toqquşmaları təhrik etməyə çalışır. Bu fonda Kəşmirin Pakistan hissəsində sosial və dini qrupların lideri kəşmirlilərə öz müqəddəratını təyinetmə hüququnun verilməsini istəməsi Hindistanı narahat edir. Mitinqdə irəli sürülən yanaşma İslamabadda dəstək tapıb. Pakistan baş nazirinin müavini İshaq Dar kəşmirlilərin Hindistan işğalından azad olmaq istəyini dəstəklədiyini bildirib. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif isə “İstismar günü” ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir: “5 avqust 2019-cu ildən bəri Hindistanın Cammu və Kəşmirin demoqrafik və siyasi mənzərəsini dəyişdirməyə yönəlmiş qeyri-qanuni və birtərəfli addımlarını qəti şəkildə pisləyir və rədd edirik. Bu addımlar Hindistanın qanunsuz işğalı altında olan Cammu və Kəşmirdə beynəlxalq hüquqa, norma və prinsiplərə, eləcə də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə tamamilə ziddir. “İstismar günü” Hindistanın sülh və sabitliyi rədd etməsinin, qəddarlıq və birtərəflilik siyasətini davam etdirməsinin xatırlatmasıdır. Kəşmirlilərin insan hüquqlarının, ləyaqətinin və kimliyinin daimi inkarı Hindistanın qanunsuz işğalını bölgədə sabitlik üçün təhlükəyə çevirir. Hindistan anlayır ki, onun qanunsuz işğalı başqa vasitələrlə davam etdirilə bilməz və bu səbəbdən də son illərdə qəddar siyasətini daha da sərtləşdirib. Bu gün bütün pakistanlılar üçün və sülhsevər insanlar üçün Kəşmir xalqının sarsılmaz dözümünü və qəhrəmanlıq ruhunu salamlayaraq onlara ehtiram göstərmək günüdür. Hindistanın Cammu və Kəşmirdəki qanunsuz işğalı Cənubi Asiyada əsas münaqişə olaraq qalır və Hindistanın təcavüzkar davranışlarının səbəbidir. Hindistanın 2025-ci ilin mayında Pakistana qarşı səbəbsiz hücumu və hərbi məğlubiyyəti bu problemin həllinin beynəlxalq ictimaiyyət üçün təcili prioritetə çevrilməsinin vacibliyini bir daha sübut edir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun şəkildə Kəşmir xalqının iradəsinə və arzularına hörmət etmək Cənubi Asiyada davamlı sülhə gedən yeganə yoldur”.

Bu arada “The Indian Express” nəşri Kəşmirdəki vəziyyətlə bağlı çox qərəzli yanaşmalar sərgiləyir. İddia edilir ki, son altı il ərzində iqtisadi və təhlükəsizlik vəziyyəti yaxşılaşıb. Dehli yerli siyasi partiyalara fəaliyyətlərini bərpa etməyə icazə verib. Amma reallıqda tamam əks mənzərədəir. Kəşmirdə fəaliyyət göstərən Ömər Abdullanın rəhbərlik etdiyi Milli Konfrans Dehli qarşısında Kəşmirin dövlətçiliyinin bərpası məsələsini qaldırıb. Bu demarş Hindistanı qəzəbləndirib və Kəşmirdə daha sərt siyasət yürütməsinə səbəb olub. Belə vəziyyət Hindistan və Pakistan arasında yenidən savaş təhdidi yaradıb. İndi sual yaranır: Hindistan və Pakistan indiyə qədər ortaq məxrəc tapa bilmədiklərinə görə, böyük dövlətlər bu işdə köməklik edə bilərlərmi? “Soyuq müharibə” illərində Sovet İttifaqı və ABŞ barrikadaların əks tərəflərində mövqelər tutmuşdular. Moskva Hindistanı, Vaşinqton Pakistanı dəstəkləyirdi. 1965-ci ildə Hindistan və Pakistan arasında ikinci müharibədən sonra Sovet hökumətinin başçısı Aleksey Kosıgin uğurla vasitəçi rolunu oynadı. Sülh bərpa olundu, Hindistan-Pakistan münasibətləri müəyyən qədər normallaşdı. 1970-ci ilə qədər Şərqi Pakistanda Hindistanın dəstəklədiyi separatçılıq hərəkatı başladı. Nəticədə münasibətlər yenidən pisləşdi. Avstraliya Milli Universitetinin baş elmi işçisi Fredrik Qraer deyir ki, may ayında Hindistan-Pakistan münaqişəsi zamanı Birləşmiş Ştatlar sülh sazişi bağlamağa cəhd edib. Prezident Donald Tramp hətta döyüşü dayandırmaq üçün məsuliyyəti öz üzərinə götürdü. Lakin Hindistan bu iddianı rədd edib. Hindistan rəsmiləri bildiriblər ki, Hindistan və Pakistanın hərbi liderləri bir-biri ilə əlaqə saxlayıb və atəşkəs barədə razılığa gəliblər. Qraer deyir ki, Dehli münaqişə zamanı Pakistanın ordu rəisini qəbul etməsindən çox narazıdır. Buna görə də Yeni Dehli Pakistanla münaqişəni həll etmək üçün ABŞ-a etibar etməyəcək. Qraer iki Cənubi Asiya ölkəsi arasında toqquşmada Çinin rolunu da təhlil edir. Pakistan Çin üçün demək olar ki, müttəfiqdir. Çin Pakistan ərazisi üzərində hava döyüşlərində yaxşı nəticə göstərən yeni döyüş təyyarələrini İslamabada tədarük edib. Ona görə də Pekinin vasitəçi rolunu oynamasına Hindistan qarşıdır. Bu fonda iki nüvə ölkəsi arasında gərginlik artmaqda davam edir.

Nahid SALAYEV

Seçilən
19
baki-xeber.com

1Mənbələr