İspaniyanın "Alaveş" klubu heyətini hücumçu Mariano Diasla gücləndirib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, dominikanlı forvardla iki illik müqavilə imzalanıb. 32 yaşlı futbolçu yeni klubuna azad agent statusunda keçib.
Dias bir ildən artıq müddətdə klubsuz idi. O, 2023-cü ilin yayında “Sevilya”nı tərk etdikdən sonra azad agent kimi qalmışdı. Bu müddət ərzində onun bazar dəyəri Transfermarkt portalına görə 800 min avroya qədər enib.
Futbolçu peşəkar karyerasına “Badalona” və “Real Madrid”in akademiyalarında başlayıb. 2017–2018-ci illərdə Fransanın “Lion” klubunda çıxış etdikdən sonra, “kral klubu” onu geri transfer etmişdi. 2023-cü ildə isə “Sevilya”ya keçid etmişdi.
“Alaveş” ötən mövsüm La Liqanı 15-ci pillədə başa vuraraq elitada qalmağa nail olub. Komanda 42 xal toplayaraq, düşmə zonasındakı 18-ci yerdən cəmi 2 xal irəlidə mövsümü tamamlayıb.