ABŞ Maliyyə Nazirliyi İranın maliyyə texnologiyaları, kriptovalyuta və offşor əməliyyatları ilə əlaqəli 11 şirkət və 7 fiziki şəxsə qarşı yeni sanksiyalar tətbiq etdiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə nazirliyin mətbuat relizində məlumat verilib.
Sənəddə qeyd olunur ki, İranın "Fanap" adlı texnoloji holdinqi ilə əlaqəli qurumlar, o cümlədən offşor bank olan "Cyrus Offshore Bank", "Pasargad Arian", "RUNC Exchange System" şirkətləri və digər əlaqəli təşkilatlar sanksiyalara məruz qalıb.
İran şirkətləri və fiziki şəxsləri ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısına daxil edilib. Onlar Tehrana sanksiyalardan yayınmağa kömək etməkdə və beynəlxalq təhlükəsizliyə təhdid yaradan proqramlara dəstək verməkdə ittiham olunurlar.
Yeni tədbirlər çərçivəsində onların ABŞ yurisdiksiyasında olan aktivləri dondurulacaq və ABŞ vətəndaşlarına və şirkətlərinə onlarla əməkdaşlıq etmək qadağan ediləcək.
Xatırladaq ki, iyul ayının sonunda ABŞ hökuməti İrandan olan 50-dən çox fiziki və hüquqi şəxsə, eləcə də bu ölkənin nəzarətində olan 50-dən çox neft tankerinə qarşı sanksiyalar tətbiq etmişdi. Bu, 2018-ci ildən bəri ən böyük sanksiya paketidir.
Bizim.Media