Türkiyənin tanınmış iş adamı, Mazu Yachts şirkətinin sahibi Halit Yukay dənizdə itkin düşüb. O, Türkiyənin şimal-qərbində yerləşən Yalovadan "Graywolf" adlı şəxsi yaxtası ilə Yunanıstana doğru yola çıxıb, lakin bir müddət sonra onunla əlaqə kəsilib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mediası yazıb.
Mənbə qeyd edir ki, Halit Yukayın yaxınları onunla əlaqə qura bilmədikdə təcili yardım xidmətlərinə müraciət ediblər.
Hadisə ilə bağlı Sahil Mühafizə Xidməti axtarış-xilasetmə əməliyyatına başlayıb. Balıkəsir vilayətinin Marmara adası yaxınlığında batmış yaxtanın qalıqları tapılıb, lakin Halit Yukayın özü aşkar edilməyib. Yaxtanı araşdıran dalğıc qrupu onun izlərinə rast gəlməyib.
Müşahidə kameralarının görüntülərində “Graywolf” yaxtasının Yalova limanından ayrıldığı görünür. Balıkəsir səlahiyyətlilərinin məlumatına görə, Yukay avqustun 4-də, gecə saat 23:40 radələrində dənizə çıxıb və Bozcaada istiqamətində hərəkət edib. Avqustun 5-də, saat 14:30-da, bölgədən keçən bir ticarət gəmisinin heyəti dənizdə batmış yaxtaya aid qalıqlar gördüyünü bildirib.
Hazırda axtarışlara helikopter, dalğıc qrupları və 7 su nəqliyyatı vasitəsi cəlb olunub. Hadisə ilə bağlı Marmara prokurorluğu tərəfindən istintaq aparılır.
43 yaşlı Halit Yukay, lüks sinif yaxtalar istehsal edən Mazu Yachts şirkətinin qurucusu və sahibidir.
Bizim.Media