İsrail baş naziri Benyamin Netanyahu Hindistanın ingilisdilli xəbər agentliyi olan "CNN-News18" tərəfindən yayımlanan açıqlamalarda Qəzzadakı müharibə ilə bağlı strateji baxışını açıqlayıb.
Hafta.az bu haqda yəhudi mediasına istinadla xəbər verir.
Beynəlxalq narahatlıqlara toxunan Netanyahu İsrailin “Qəzzanı ilhaq etməyəcəyini və əraziyə nəzarəti dəqiqləşdirilməmiş keçid hakimiyyətinə verməyi planlaşdırdığını” vurğulayıb.
O, İsrailin əsas məqsədlərini təkrarlayıb:
"HƏMAS"ın tamamilə məhv edilməsi və qalan bütün girovların qeyd-şərtsiz geri qaytarılması. Baş nazir bildirib ki, terrorçular silahlarını yerə qoysalar və Qəzzada saxlanılan girovları azad etsələr, münaqişə tez bir zamanda bitə bilər.
Netanyahu daha əvvəl Hindistanın İsraildəki səfiri J.P. Sinqx ilə görüşərək iki ölkə arasında ikitərəfli əlaqələrin, xüsusən də müdafiə və iqtisadi sahədə gücləndirilməsini müzakirə edib.
İsrailin təhlükəsizlik kabineti bu gün- avqustun 7-də Qəzzada növbəti addımları müzakirə edəcək.