Smartfonlardan tutmuş televizora qədər ekran qarşısında həddindən artıq vaxt keçirmək uşaq və yeniyetmələrin ürək-damar sağlamlığına ciddi təsir göstərə bilər.
Ulusal.az xəbər verir ki, bu barədə Amerika Ürək Assosiasiyasının jurnalında qeyd olunub. Araşdırmanı danimarkalı tədqiqatçılar aparıb.
Mindən çox iştirakçının təhlili göstərib ki, ekran vaxtının hər əlavə saatı kardiometabolik riski – yüksək qan təzyiqi, insulin müqaviməti və xolesterol problemlərinin inkişaf ehtimalını əhəmiyyətli dərəcədə artırır. Belə ki, 10 yaşlı uşaqlar üçün hər saat risk indeksinə 0,08 standart əyilmə (məlumat bazasındakı ölçülərin mərkəzdən nə qədər kənarlaşdığına dair statistik göstəricidir) əlavə edib, 18 yaşlılar üçün bu göstərici 0,13 olub. Bu isə o deməkdir ki, günün beş-altı saatını “ekrana bağlayanlar”da bu risk 40-60 faiz arta bilər.
Bildirilir ki, bu vərdiş yuxuya da xüsusi təhlükə bəxş edir. Qeyd olunur ki, 10 yaşlı uşaqlar arasında ekran vaxtı ilə risk arasındakı əlaqənin təxminən 12 faizi yuxusuzluqla izah edilib.
Bundan əlavə, tədqiqatçılar yeniyetmələrin qanında gələcək ürək-damar problemlərinin erkən biomarkeri ola biləcək ekran fəaliyyəti ilə əlaqəli unikal “metabolik barmaq izini” müəyyən ediblər.
Alimlər vurğulayırlar ki, uşaqlıqda formalaşan vərdişlər onilliklər ərzində sağlamlığa təsir edə bilər. Buna görə də, ekran vaxtını məhdudlaşdırmaq və yuxu cədvəlini saxlamaq profilaktikanın tərkib hissəsi olmalıdır.