AZ

"Vaşinqton görüşünün əsas nəticələrindən biri Rusiyanın bu prosesdən kənarda qalması olacaq..."

“Çünki Ermənistan artıq Azərbaycanın mövqeyini qəbul edir və onun şərtləri ilə razılaşır. Həmçinin, Türkiyənin, Qərbin və Amerika tərəfinin fəallığı da bu prosesi dəstəkləyir..."
 
"Rusiya prosesdən kənarda qalır, Zəngəzurla bağlı razılaşma yaxınlaşır..."
 
Azad Vətən Partiyasının sədri Akif Nağı avqustun 8-də Vaşinqtonda keçiriləcək Əliyev-Tramp-Paşinyan görüşü ilə bağlı Moderator.az-a açıqlama verib.
 
Görüşün gözlənilməz olması və məntiqi...
 
Partiya sədri bildirib ki, sabah Birləşmiş Ştatlar paytaxtında prezident Donald Trampın təşəbbüsü ilə keçiriləcək İlham Əliyev və Nikol Paşinyan arasındakı görüş müəyyən mənada gözlənilməz olub. Lakin o bu prosesin hansısa bir məqamda yekunlaşmasının vacib olduğunu da vurğulayıb:
 
“Bir tərəfdən, Azərbaycan və Ermənistan rəhbərləri arasında hələ də tam həll olunmamış məsələlər mövcuddur, amma digər tərəfdən, tərəflər arasında artıq müəyyən razılaşmalar əldə edilib. Artıq sülh müqaviləsinin mətni hazırdır və Zəngəzur dəhlizi ilə bağlı ilkin anlaşmalar da mövcuddur."
 
Rusiya prosesdən kənarda...
 
Siyasətçinin sözlərinə görə, görüşün əsas nəticələrindən biri Rusiya tərəfinin bu prosesdən kənarda qalması olacaq:
 
“Rusiyanın artıq Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə qatılmaq üçün heç bir mənəvi haqqı qalmayıb. Rusiyaya dəfələrlə güzəştlər edilib, onun regionda maraqları nəzərə alınıb, amma buna rəğmən, bu gün Kreml Azərbaycana qarşı sərt mövqe tutmağa davam edir. Bu isə Rusiyanın prosesdən kənarda qalmasına gətirib çıxarıb. Rusiya öz davranışları ilə bu nəticəyə səbəb olub və bunda yalnız özünü günahkar bilməlidir."
 
Yeni mərhələ: ABŞ, Qərb və Türkiyənin fəallığı...
 
Yeni mərhələnin xüsusiyyəti olaraq Akif Nağı qeyd edib ki, artıq tərəflərin Rusiya və ABŞ-a münasibətdə balanslaşdırılmış mövqe tutmağa çalışmaları halı mövcud deyil:
 
“Əvvəlki danışıqlarda həm rəsmi Bakı, həm də İrəvan tərəfindən Rusiya və ABŞ-a münasibətdə balanslaşdırılmış bir mövqe tutulurdu. Hazırkı vəziyyət isə regionda daha sabit bir sülhün yaranmasına şərait yaradır."
 
Bundan əlavə, Zəngəzur dəhlizi ilə bağlı razılaşmanın yaxın zamanda əldə ediləcəyini deyən partiya sədri prosesin gedişi haqqında da fikirlərini bildirib:
 
“Zəngəzur dəhlizi ilə bağlı ilkin razılaşma gözlənilir. Ermənistandan bu mövqedə ciddi irəliləyişlər var, çünki Ermənistan artıq Azərbaycanın mövqeyini qəbul edir və onun şərtləri ilə razılaşır. Həmçinin, Türkiyənin, Qərbin və Amerika tərəfinin fəallığı da bu prosesi dəstəkləyir."
 
Yekun nəticələr...
 
Akif Nağı görüşün nəticələrinə dair gözləntilərini də açıqlayıb:
 
“Bütün bu əlamətlər göstərir ki, ABŞ prezidentinin təşəbbüsü ilə keçiriləcək Vaşinqton görüşü nəticəsində artıq uzun müddətdir gözlənilən müəyyən nəticələr əldə ediləcək.”
 
Sultan Laçın
 
Seçilən
9
moderator.az

1Mənbələr