İngiltərənin “Vest Hem” klubu ötən il ağır yol-nəqliyyat hadisəsi keçirmiş yamaykalı mərkəz hücumçusu Maykl Antonio ilə yollarını ayırıb.
Arena.az bu barədə İngiltərə klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
35 yaşlı futbolçu ilə başa çatmış müqavilənin müddətinin yenilənmədiyi bildirlib. Bununla yanaşı, Premyer Liqa təmsilçisi 2024-ci ilin dekabrında ciddi avtoqəzadan sonra futbolçuya reabilitasiya prosesində dəstək və kömək göstərməyə davam edəcəyini də açıqlayıb. Bu mənada futbolçuya klubda alternativ rol verilməsi planlaşdırılıb.
Xatırladaq ki, Maykl Antonio ötən ilin sonunda dəhşətli avtoqəza keçirmişdi. Ondan sonra futbolçunun ən azı bir il yaşıl meydanlardan kənarda qalacağı barədə xəbərlər yayılmışdı. Əməliyyat olunmuş 34 yaşlı hücumçunun ümumiyyətlə karyerasını bitirməsi gözlənilir.
Maykl Antonio 2015-ci ilin sentyabrdan “Vest Hem”də çıxış edirdi. Yamaykalı hücumçunun “çəkicdöyənlər”lə müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi.
2024/2025-ci illər mövsümündə Antonio İngiltərə klubunun heyətində 15 oyun keçirib, 1 qol vurub, 1 məhsuldar ötürmə verir.
Antonio “çəkicdöyənlər”in heyətində ümumilikdə 323 oyuna çıxıb, 83 qol və 41 məhsuldar ötürmə ilə fərqlənib. Yamaykalı hücümçu “Vest Hem”lə Avropa Liqasını qazanıb.
Maykl Antonio 2021-ci ilin sentyabrında debüt etdiyi Yamayka yığmasının heyətində 21 oyun keçirib, 5 qol vurub, 1 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 35 yaşlı yamaykalı mərkəz hücumçusu Maykl Antonionu transfer dəyərini 700 min avro məbləğində qiymətləndirir.
