AZ

ABŞ təşəbbüsü ələ alır, Rusiya Cənubi Qafqazdan çıxarılır – Deputat

Azərbaycan-ABŞ-Ermənistan liderlərinin Vaşinqton görüşü təkcə İrəvanla Bakı arasında sülhün əldə edilməsinə deyil, bütövlükdə Cənubi Qafqazda proseslərin dinc məcraya yönələrək sıx regional əməkdaşlığın yaranmasına xidmət edir.

Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

Onun fikrincə, Vaşinqton görüşü ilk növbədə Ermənistan cəmiyyətinin marağına xidmət edir. “Belə ki, Vaşinqton görüşünün nəticəsi olaraq ABŞ Ermənistanın təhlükəsizliyinin təminatında qarant rolunda çıxış edəcək. Əgər 2020-ci ilədək Ermənistanın bölgədə himayədarı Rusiya idisə, bundan sonra ABŞ olacaq. Çünki Ermənistanın təhlükəsizliyinə dünyada ABŞ-dən başqa heç bir ölkə təminat verə bilməz”, – o qeyd edib.

Vaşinqton görüşündə hansı səviyyədə sənədin imzalanmasına gəldikdə deputat bildirib ki, görüşdə mütləq hansısa sənəd imzalanacaq: “Bu, niyyət, anlaşama protokolu, yaxud memorandumun imzalanması formasında olacaq. Ancaq bu, yekun sülh sazişi olmayacaq. Azərbaycanın dayanıqlı sülhün əldə olunması ilə bağlı digər şərtləri həyata keçmədən yekun sülh sazişindən danışmağa dəyməz. Amma imzalanacaq istənilən sənəd bölgədə yekun sülhün əldə edilməsinə xidmət edəcək.

Belə bir sənədin imzalanması ABŞ-nin də marağındadır. ABŞ dünyadakı münaqişələrdə sülhyaratma həyata keçirmə missiyasını üzərinə götürüb və məqsəd də Donald Trampın Nobel Sülh Mükafatına layiq görülməsinə olunmaqdır. Bunu həm də Trampın Cənubi Qafqazda diplomatik qələbəsi hesab etmək olar. Bu, Trampın Rusiyanı bölgədən sıxışdırıb çıxarması anlamına gələcək. Rusiyanın son vaxtlarda Azərbaycana qarşı qərəzli mövqeyinin kökündə duran məsələlərdən biri də budur. Lakin Rusiyanın bu təzyiqləri və qərəzli davranışı nəticə verməyəcək”.

Prezident İlham Əliyevlə Prezident Donald Tramp arasında baş tutacaq görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin inkişafının müzakirə olunacağını qeyd edən deputat bildirib ki, tərəflər “907-ci düzəliş”in və Zəngəzur dəhlizinin açılması mövzusundan da danışacaq. “Çünki “907-ci düzəliş” Ermənistan-Azərbaycan münaqişəsi fonunda tətbiq olunub və artıq tərəflər sülh sazişi imzalanması ərəfəsində olduğundan ABŞ-Azərbaycan arasındakı iqtisadi əlaqələrin inkişafına mane olan belə bir sənədin ləğvinin zamanı yetişib”, – deputat vurğulayıb.

Zəngəzur dəhlizinin ABŞ-nin nəzarətinə verilməsinə gəldikdə deputat deyib ki, bu, istisna deyil. “Bu daha çox Ermənistana aid olan məsələdir.

Burada mühüm məqam ondan ibarətdir ki, 10 noyabr 2020-ci ildə Azərbaycan-Rusiya-Ermənistan arasında imzalanan üçtərəfli bəyanata əsasən Zəngəzur dəhlizinə Rusiya nəzarət etməli idi. Lakin Ermənistan tərəfi qətiyyətli şəkildə Rusiyanın bu dəhlizə nəzarət etməsinə qarşı çıxır. ABŞ Silahlı Qüvvələrinin Zəngəzur dəhlizinə nəzarət etməsi o qədər inandırıcı görünməsə də, hansısa özəl şirkətə verilməsi istisna deyil”, – o bildirib.

Zəngəzur dəhlizinin qlobal miqyasda geostrateji mənzərəni dəyişdiyini qeyd edən deputat bildirib ki, bu səbəbdən də bütün güclər bu dəhlizə nəzarət etmək uğrunda mübarizə aparır: “Qərbdən Şərqə, Şimaldan Cənubi gedən ən qısa səmərəli yol Cənubi Qafqazdan keçdiyindən Rusiya, İran, Avropa, ABŞ, Çin və digərlərinin bu dəhlizdə maraqlarını təmin etmək üçün çalışır. Cənubi Qafqazdan keçən dəhlizin şaxələndirilərək bütün bölgə ölkələrinin sıx əməkdşalığının təmin edilməsinə ehtiyac var. Zəngəzur dəhlizi də bunun tərkib hissəsidir. ABŞ bölgədə təşəbbüsü ələ almaqla, həm də Rusiya və İranı zərərsizləşdirməklə Zəngəzur dəhlizində maraqlarını təmin etmək niyyətindədir”.

Seçilən
8
6
moderator.az

7Mənbələr