AZ

Donald Trampın İlham Əliyevi ABŞ-a dəvət etməsi dövlətimizə və Prezidentimizə olan ehtiramdan xəbər verir

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın dəvəti əsasında bu ölkəyə işgüzar səfərə gedib. Dövlət başçımızı “Joint Base Andrews” hərbi hava bazasında rəsmi şəxslər qarşılayıblar.

Hələlik Prezident İlham Əliyevin səfəri ilə bağlı ictimaiyyətə əlavə məlumat verilməsə də, bütövlükdə bu səfər bir çox ciddi mətləblərdən xəbər verir.

Hər şeydən öncə qeyd edək ki, dünyanın bir nömrəli super gücü olan ABŞ-a rəhbərlik edən Trampın İlham Əliyevi ölkəsinə dəvət etməsi, dövlətimizə, onun Prezidentinə olan etimad və ehtiramdan xəbər verir. Bu dəvət birmənalı şəkildə onu deməyə əsas verir ki, bu gün Azərbaycan dövləti, onun maraqları və yürütdüyü siyasət ABŞ tərəfindən də qəbul edilməkdə, təqdirlə qarşılanmaqdadır. Başqa sözlə desək, Donald Trampın Prezident İlham Əliyevə ünvanladığı dəvət  ABŞ-ın belə Azərbaycanla hesablaşdığını, dövlətimizin mövqeyinə ehtiramla yanaşdığını göstərir.

Trampın məlum dəvəti, həm də ABŞ-ın ölkəmizlə ikitərəfli əlaqələri genişləndirmək istəyi kimi də xarakterizə edilə bilər. Ağ Evin tətbiq etdiyi yüksək gömrük rüsumları səbəbilə bir sıra ölkələrlə ABŞ-ın münasibətlərinin gərginləşməsi fonunda reallaşan bu səfər ikiqat əhəmiyyət kəsb edir. Məlum səfər sübut edir ki, Asvropanın, Latın Amerikasının və Uzaq Şərqin nəhəng ölkələri ilə münasibələri kəskinləşdirməkdən çəkinməyən ABŞ, Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir, bu əməkdaşlığı genişləndirməyə çalışır. Bu isə dövlətimizin artmaqda olan beynəlxalq nüfuzunun göstəricisidir.

Nəhayət, Prezident İlham Əliyevin ABŞ səfəri Ağ Evin Cənubi Qafqazlardakı iqtisadi proseslərlə yanaşı, həm də siyasi proseslərdə aktiv iştirak etmək niyyətindən xəbər verir. Ağ Ev yaxşı başa düşür ki, regionun lider dövləti olan Azərbaycanın razılığı olmadan bu coğrafiyada ciddi uğur əldə etmək mümkün deyil. Məhz bu səbəbdən də Tramp rejimi Azərbaycanla münasibətləri inkişaf etdirməkdə, bu münasibətləri yeni mərhələyə yüksəltməkdə maraqlıdır.

İnamla demək olar ki, Prezident İlham Əliyevin ABŞ səfəri ölkəmiz üçün mühüm uğurlarla yadda qalacaq, yeni nailiyyətlərə zəmin hazırlayacaq.

Seymur ƏLİYEV

 

Seçilən
3
moderator.az

1Mənbələr