AZ

AQTA ilə Polşanın Bitki Mühafizəsi və Toxumçuluq üzrə Dövlət Müfəttişliyi arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub

Bakı, 7 avqust, AZƏRTAC

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Polşa Respublikasının Bitki Mühafizəsi və Toxumçuluq üzrə Dövlət Müfəttişliyi arasında onlayn formatda görüş keçirilib.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə hər iki qurumun müvafiq struktur bölmələrinin rəhbər və ekspertləri iştirak ediblər.

Toplantının əsas məqsədi bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin qeydiyyatı, ekspertizası, təhlükəsiz istifadəsi, dövriyyəsinə nəzarət və monitorinq mexanizmləri üzrə qarşılıqlı təcrübə mübadiləsi aparmaq, həmçinin bu sahədə beynəlxalq əməkdaşlığı gücləndirmək olub. Müzakirələr zamanı pestisidlərin və gübrələrin qeydiyyatı prosedurları, tətbiq olunan ekspertiza qaydaları, komponentlərin keyfiyyət və təhlükəsizlik meyarları, ekotoksikoloji və toksikoloji qiymətləndirmə metodları barədə Polşa təcrübəsi təqdim edilib. Həmçinin sənədlərin qiymətləndirilməsi zamanı hansı hallarda ərizələrin rədd edildiyi, düzəlişdən sonra yenidən müraciət imkanı, fərqli formulasiya və konsentrasiyaların qeydiyyatı, feromon və müxtəlif rəngli məhsulların qeydiyyatı prosedurları müzakirə olunub.

Tərəflər etiketləmə, məhsul keyfiyyəti və laborator parametrlərə dair tələblər barədə fikir mübadiləsi aparıblar.

Görüşdə istehsal, saxlanma, satış və istifadəyə dair texniki və normativ tələblər, lisenziya və icazə prosedurları, həmçinin satış məntəqələri və anbarlarda texniki-təhlükəsizlik standartları da nəzərdən keçirilib.

Görüşün yekununda tərəflər bu sahədə əməkdaşlığın genişləndirilməsi, normativ-hüquqi tələblərin uyğunlaşdırılması və gələcəkdə qarşılıqlı təcrübə mübadiləsinin davam etdirilməsi barədə razılığa gəliblər.

Seçilən
26
50
azertag.az

10Mənbələr