Avropada 10.000-dən çox otel Booking.com-un son 20 il ərzində bazarı təhrif etdiyini və “ən yaxşı qiymət” (qiymət pariteti) şərtlərindən sui-istifadə etdiyini əsas gətirərək, onlayn səyahət platformasına qarşı genişmiqyaslı məhkəmə iddiası qaldırır.
Ulusal.az xəbər verir ki, iddia Avropa İttifaqında otelləri təmsil edən Hotrec (Avropa Otellər, Restoranlar və Kafelər Assosiasiyası) tərəfindən yönləndirilir. Qurum otellərin iddiaya qoşulması üçün son tarixi yüksək marağa görə 29 avqust 2025-ə qədər uzadıb.
Bu sinif iddiası, Böyük Britaniya da daxil olmaqla 30 milli otel assosiasiyası tərəfindən dəstəklənir və Avropanın qonaqpərvərlik sahəsində indiyədək açılmış ən böyük kollektiv iddia hesab olunur.
Hotrec-in bəyanatına görə, otellər Booking.com-un otellərə tətbiq etdiyi qeyri-qanuni “ən yaxşı qiymət” şərtləri səbəbilə maliyyə itkilərinə görə kompensasiya tələb edirlər. Bu müddəalar otellərin digər platformalarda və ya öz saytlarında daha ucuz qiymətlər təklif etməsini məhdudlaşdırırdı.
Otellər bildirir ki, Niderland mənşəli Booking.com, həmçinin “pulsuz sərnişin” (free rider) adlandırılan halların qarşısını almaq üçün bu şərtlərdən istifadə edib. Bu halda, müştəri oteli Booking.com vasitəsilə tapır, lakin sifarişi birbaşa otellə edərək platformanın komissiyasından yayınır.
Hotrec qeyd edib ki, hüquqi prosesə qoşulan otellərin sayı durmadan artır. Bu, sənayenin rəqəmsal bazarlarda ədalətsiz praktikalarla mübarizəyə hazır olduğunu nümayiş etdirir.
İddia 2004–2024-cü illər arasındakı dövrü əhatə edir və Booking.com-un Avropa İttifaqının Rəqəmsal Bazarlar Aktı ilə uyğunlaşmaq məqsədilə “ən yaxşı qiymət” müddəasından imtina etməsindən sonra irəli sürülüb.
Hotrec bildirir ki, iddia Avropa Ədalət Məhkəməsinin 2024-cü ildə verdiyi qərardan sonra başlanıb. Məhkəmə həmin müddəaların Aİ rəqabət qanunvericiliyinə daxil olduğunu, lakin onların effektlərinin ayrıca qiymətləndirilməli olduğunu bəyan etmişdi.
Booking.com-dan cavab
Şirkət elektron poçt vasitəsilə yayımladığı açıqlamada Hotrec və digər assosiasiyaların bəyanatlarını “səhv və yanıltıcı” adlandırıb və hüquqi iddia ilə bağlı rəsmi bildiriş almadığını bildirib.
Booking.com əlavə edib ki, keçmiş “ən yaxşı qiymət” şərtləri əslində rəqabəti təşviq edib və otelçilərə sərfəli qiymətlər təklif etməyə imkan verib. Şirkət 2024-cü il sorğusuna istinad edərək bildirib ki, otel sahiblərinin 74%-i Booking.com-un bizneslərini daha gəlirli etdiyini deyib.
Lakin sənaye daxilində fərqli fikirlər də var. Fransanın Umih assosiasiyasının otel bölməsinin rəhbəri Veronique Siegel bildirib:
“Booking bazara nəzarət etdikcə, komissiya faizlərini artırmaq və otelçilərin gəlir marjlarını sıxışdırmaq imkanı əldə etdi.”
O qeyd edib ki, müştərinin 100 avro ödədiyi otaqdan otel sahibinə ən yaxşı halda 75 avro qalır, bu isə işçi maaşları və investisiyalar üçün kifayət etmir.
Bütün bu narazılıqlara baxmayaraq, Booking.com hələ də bir çox kiçik və müstəqil otellər üçün yeganə onlayn əlçatanlıq və görünürlük vasitəsidir.
Hotrec və Qərbi İsveçrə Tətbiqi Elmlər Universitetinin birgə araşdırmasına görə, Booking Holdinq 2024-cü ildə Avropa bazarının 71%-nə nəzarət edir. Bu, 2019-cu ildəki 68,4% göstəricidən daha yüksəkdir. Şirkətin bazar dəyəri hazırda 170 milyard dollar təşkil edir — bu, hətta Volkswagen-dən 3 dəfə çoxdur.
Düsseldorfun Heinrich Heine Universitetinin Rəqabət Hüququ İnstitutunun direktoru Rupprecht Podszun bu işi “rəqəmsal platformanın bütöv bir sektora necə nəzarət edə biləcəyinin klassik nümunəsi” adlandırıb.
O bildirib ki, məhkəmə prosesi uzun çəkəcək, zərərin necə ölçüləcəyi isə ən mürəkkəb suallardan biridir.
“Bu iddia otellərin üsyanıdır. Onlar deyir: ‘Bizə istədiyinizi edə bilməzsiniz.’”
İddianın nəticəsi yalnız Booking.com üçün deyil, eyni zamanda bütün rəqəmsal platformalar üçün presedent ola bilər. Avropada rəqəmsal bazarlarda ədalət və şəffaflıq uğrunda mübarizə yeni mərhələyə qədəm qoyur.