Myanma prezidenti vəzifəsini icra edən Myin Şve 74 yaşında vəfat edib. Bu barədə “Associated Press” agentliyi bildirib.
Məlumata görə, o, Neypyidodakı hərbi hospitalda dünyasını dəyişib.
Myin Şve Parkinson xəstəliyi və əlaqəli nevroloji problemlər səbəbindən bir ildən çox müddətdə müalicə alırdı.
Myanmanın baş naziri və ali baş komandanı Min Aun Hlaynın prezident postuna keçəcəyi gözlənilir.
Myin Sve 2021-ci il fevralın 1-də ölkədə hərbi çevriliş baş verəndə prezident səlahiyyətlərini icra etməyə başlayıb. Hərbçilər fövqəladə vəziyyət elan edib və ovaxtkı prezident Vin Myin və hakim Demokratiya Uğrunda Milli Liqanın lideri Aun San Su Çyi, eləcə də digər yüksək vəzifəli məmurlar 8 noyabr 2020-ci il tarixində "parlament seçkilərini saxtalaşdırdıqlarına" görə həbs ediliblər.
Rizvan CƏFƏROV,
“Azərbaycan”