AZ

Rusiyada artan milliyyətçilik və sərtləşən miqrasiya siyasəti: Azərbaycan diasporası hədəfdə? – ÖZƏL

"Sovet hakimiyyəti dağıldıqdan, yəni Rusiya müstəqillik əldə etdikdən sonra ilk illərdə miqrantlara qarşı daha yumşaq tədbirlər həyata keçirilirdi. Lakin son dövrlərdə biz artıq miqrantlara qarşı sərt siyasətin şahidi oluruq. Bu isə Rusiya hakimiyyəti daxilində milliyyətçi ritorikanın güclənməsi ilə birbaşa əlaqəlidir".

Bu sözləri mövzunu Olaylar.az-a şərh edərkən siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, hazırda Rusiyada milliyyətçilik kifayət qədər güclənib və bu, ölkə daxilindəki siyasi ritorikaya ciddi təsir edir: "Hakimiyyətdə təmsil olunan şəxslər artıq realist siyasət aparmırlar. Onlar ölkədə baş verən bir çox neqativ hadisələrin səbəbini miqrantlarda görür və onlara qarşı konkret diskriminasiya siyasəti həyata keçirirlər. Bu isə nə normaldır, nə də rasional. Hazırkı dövrdə Rusiyanın bu istiqamətdə atdığı addımlar ilk növbədə elə ölkənin öz iqtisadiyyatına ziyan vurur. Çünki Rusiyanın insan resursları kifayət qədər azdır. Ölkədə rus millətindən olanların sayı azalmaqda davam edir və bu, demoqrafik problemlərlə bağlıdır. Rusiyada doğum səviyyəsi kəskin şəkildə enib, əmək qabiliyyətli əhalinin sayı isə sürətlə azalır. Bu isə keçmiş Sovet ölkələrindən, o cümlədən Mərkəzi Asiyadan və Cənubi Qafqazdan Rusiyaya miqrasiya axınının davam etməsinə səbəb olan əsas amillərdəndir".

Z. Əmrəliyevin sözlərinə görə, keçmiş sovet ölkələrindən gələn miqrantların sayı artdıqca, milliyyətçi ritorika daha da güclənir və bu da bir növ öz-özünü bəsləyən bir prosesə çevrilir. Azərbaycanla Rusiya arasında son dövrlərdə baş verən bəzi hadisələr də bu kontekstdə mühüm rol oynayır. Belə ki, Rusiyada Azərbaycan vətəndaşlarını və ümumilikdə Azərbaycan diasporunu hədəfə almağa çalışan qüvvələr mövcuddur və bu istiqamətdə konkret addımlar atılır.

Siyasi şərhçi vurğulayıb ki, belə bir böyük ölkədə Azərbaycan diasporasına ciddi zərər vurmaq və onu sıradan çıxarmaq asan məsələ deyil. Çünki Azərbaycan diasporası Rusiyada mühüm mövqeyə malikdir. Onlar həm ölkə iqtisadiyyatında, həm də ictimai-siyasi mühitdə əhəmiyyətli rol oynayırlar.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
53
olaylar.az

1Mənbələr