ain.az, Gununsesi portalına istinadən məlumat yayır.
Narkomaniya təkcə fərdi deyil, həm də sosial və qlobal problemdir. Bu bəla ilə mübarizə uzun illərdir aparılsa da, nəticələr çox vaxt istənilən səviyyədə olmur.
Bəs narkotik probleminin tamamilə aradan qaldırılması niyə bu qədər çətindir?
Mövzu ilə bağlı Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Emil Maqalov Gununsesi.info–ya açıqlamasında bildirib ki, narkotik probleminin tamamilə aradan qalxması bir neçə əsas səbəbdən real görünmür:
“Əvvəla, insan psixologiyası və asılılıq faktoru bu məsələdə əsas rol oynayır. Tarix boyu insanlar ağrıdan, dərddən və ya reallıqdan qaçmaq üçün müxtəlif maddələrə yönəliblər. Narkotik maddələr də bu ehtiyacdan yaranaraq istifadə olunmağa başlayıb.
Digər tərəfdən, narkotik ticarəti milyardlarla dollar dövriyyəsi olan qlobal bir sənayedir. Bu qeyri-qanuni ticarətdən bəzi kriminal qruplar və korrupsiyalaşmış məmurlar da qazanc əldə edir. Yəni burada təkcə sosial deyil, həm də böyük iqtisadi maraqlar var.
Bundan əlavə, təchizat və tələbat balansı da problemin davamlılığını təmin edir. Məsələn, bir ölkədə narkotikə qarşı sərt tədbirlər görülsə belə, başqa bir ölkədə istifadə artdıqda problem yenidən canlanır. Bu da göstərir ki, bu məsələdə qlobal yanaşma olmadan davamlı nəticə əldə etmək çətindir”.
Ekspertin sözlərinə görə, maarifləndirmə, xüsusilə gənclər arasında təhsilin və məlumatlandırmanın artırılması narkotikə meyli azalda bilər:
“Asılılığın xəstəlik kimi qəbul olunması və bu istiqamətdə reabilitasiya xidmətlərinin genişləndirilməsi insanlar üçün real çıxış yolu yarada bilər.
Qanunvericilik səviyyəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi və narkotik istehsalının məhdudlaşdırılması da mübarizəyə töhfə verə bilər. Eyni zamanda, idman, sənət, təhsil, din və mənəviyyat əsaslı alternativ həyat tərzlərinin təşviqi ilə narkotikə olan ehtiyac və maraq da azala bilər.
Dünyada narkotik tamamilə yox olmayacaq, amma cəmiyyətlərin güclü iradəsi, maarifləndirmə və birgə səyləri ilə bu problemin qarşısını ciddi şəkildə almaq mümkündür. Bu da gələcək nəsillərin narkotikdən daha az təsirlənmiş bir dünyada yaşaya biləcəklərinə ümid yaradır”.
Şəbnəm Rəhimova
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.