AZ

Köhnəlmiş işıq dirəkləri təhlükə saçır Səssiz təhdid küçələrimizdə

ain.az bildirir, Bizimyol portalına istinadən.

Şəhərimizin küçə və prospektlərini gecə işıqlandıran dirəklər yalnız rahatlıq və estetik deyil, həm də təhlükəsizlik deməkdir. Ancaq bir çox ərazidə bu dirəklər artıq illərin yükünü daşıya bilməyəcək qədər köhnəlib, paslanıb və bəzən az qala aşmaq üzrədir.

Bütün bunlar isə şəhər sakinləri üçün səssiz, amma real bir təhdidə çevrilib.

Ən acınacaqlı vəziyyət isə köhnə məhəllələrdə və şəhərin mərkəzindən kənar qalan bölgələrdə müşahidə olunur. Buradakı işıq dirəklərinin bəziləri sovet dövründən qalma olub, nə texniki baxışdan keçib, nə də yenilənib. Pas içində olan, aşağı hissədən çürüyən bu metal dirəklər azacıq küləkdə belə əyilir, bəziləri isə artıq yola doğru meyillənib. Qəzalı vəziyyətdə olan dirəklərin bir neçəsi son aylarda güclü külək zamanı aşıb və ətrafdakı nəqliyyat vasitələrinə, hasarlara, bəzən isə piyada yollarına ciddi ziyan vurub.

Qəzalı işıq dirəkləri xüsusilə məktəbə yaxın ərazilərdə, uşaq meydançalarının yanında və piyada keçidlərinin yaxınlığında olduqda daha böyük təhlükə yaradır. Əlil arabasında hərəkət edən şəxslər, yaşlılar və körpəsini arabada aparan valideynlər belə ərazilərdə ciddi risk altındadır.

Sürücülər üçünsə bu dirəklər yalnız fiziki maneə deyil, həm də psixoloji təzyiqdir. İşıq dirəyinin bir qədər əyildiyini görən sürücü istər-istəməz ehtiyat edərək zolaqdan çıxır, bəzən qəfil manevr edir və bu da qəza riskini artırır.

İctimaiyyət sual edir: Bu dirəklərin vəziyyətinə kim cavabdehdir? Aidiyyəti qurumlar vaxtaşırı baxış keçirdiklərini iddia etsələr də, real vəziyyət başqa mənzərə sərgiləyir. Əgər baxış keçibsə, bu qədər qəzalı vəziyyətdə olan dirəklər necə gözə dəyməyib? Əgər bu dirəklər dəyişdiriləcəksə, niyə hələ də qəzalı olanları qalmaqdadır?

Unutmayaq ki, təmir olunmamış bir işıq dirəyi sadəcə texniki problem deyil, potensial bir faciənin səbəbidir. Tək bir insanın belə zərər görməsi isə hər hansı qənaətə və ya laqeydliyə haqq qazandıra bilməz.

Leyla Mirzə, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
bizimyol.info

1Mənbələr