AZ

“Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından 14 milyard standart kubmetr qaz və 2 milyon ton kondensat hasil edilib

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 7 avqust, AZƏRTAC

Bu ilin birinci yarısında “Azəri-Çıraq-Günəşli”də (AÇG) 3 neft hasilat, 3 su injektor və 1 qaz injektor quyusu qazılıb tamamlanıb.

AZƏRTAC bp şirkətinin cari ilin birinci yarısının nəticələrinə həsr olunmuş hesabatına istinadla xəbər verir ki, 2025-ci ilin birinci yarısında AÇG-dən Azərbaycan dövlətinə əsasən “Səngəçal” terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 8 milyon kubmetr, ümumilikdə isə 1,5 milyard kubmetr səmt qazı təhvil verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

AÇG yatağındakı sərbəst təbii qaz (STQ) ehtiyatlarının kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatı ilə bağlı işləri irəlilətmək məqsədilə 2024-cü il sentyabrın 20-də AÇG üzrə mövcud hasilatın pay bölgüsü sazişinə (HPBS) yeni bir əlavə imzalanıb.

AÇG yatağının çıxarıla bilən STQ ehtiyatlarının xeyli iri həcmdə - 4 trilyon kubfutadək olduğu düşünülür.

2025-ci ilin birinci yarısında iki prioritet STQ layını hədəfləyən ilkin quyu qazılıb və tamamlanıb. Quyu mövcud “Qərbi Çıraq” platformasından qazılıb. Bu quyu olduqca əhəmiyyətlidir, çünki o, hasilat vasitəsilə qiymətləndirmə aparmağa da imkan verəcək ki, bunun əsasında gələcək işlənmə planlarını qurmaq mümkün olacaq.

Hazırda həmin quyudan ilk qaz hasilatının əldə olunması istiqamətində bütün lazımi sualtı birləşdirmə işləri davam edir.

Birinci yarımildə AÇG və “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, “Şahdəniz” qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.

İlk altı ay ərzində terminal təxminən 106 milyon barel neft və kondensat ixrac edib ki, bu həcmlərin hamısı Bakı-Tbilisi-Ceyhan vasitəsilə nəql edilib.

Qaz terminaldan Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi də daxil olmaqla əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur.

İlk altı ay ərzində terminaldan, həmçinin gündəlik orta hesabla təxminən 74 milyon standart kubmetr (təxminən 2 milyard 616 milyon standart kubfut) “Şahdəniz” qazı göndərilib.

İyunun 2-də “Səngəçal” terminalının investorları “Səngəçal” terminalının elektrikləşdirilməsi (STEL) layihəsini təsdiqlədilər. 230 milyon dollar dəyərində olan bu layihə terminalın “AzərEnerji” ASC-nin idarə etdiyi dövlət elektrik şəbəkəsinə qoşulmasını təmin edəcək. Bunun üçün terminal ərazisinin həm daxilində, həm də ondan kənarda yeni obyektlər, o cümlədən yeni 220/110 kV-luq elektrik yarımstansiyası inşa ediləcək.

STEL layihəsi Cəbrayıl rayonunda 240 MVt AC gücündə günəş elektrik stansiyasının tikintisini nəzərdə tutan “Şəfəq” günəş layihəsi ilə “virtual enerji ötürmə mexanizmi” adlanan yeni kommersiya modeli vasitəsilə sıx əlaqəlidir. Bu mexanizmə əsasən, “Şəfəq” stansiyası elektrik enerjisi istehsal edərək onu Cəbrayıl rayonunda “AzərEnerji”yə verəcək, “AzərEnerji” isə sonra eyni həcmdə elektrik enerjisini Bakı yaxınlığında yerləşən “Səngəçal” terminalına ötürəcək. Hazırkı proqnozlara və planlara əsasən, “Şəfəq” və STEL layihələri birlikdə “Səngəçal” terminalının gələcək istismar dövründə terminal əməliyyatlarından yaranan emissiyaların təxminən 50 faiz azaldılmasına imkan yaradacaq.

Hazırda terminal öz enerji ehtiyacını qarşılamaq üçün yeddi qaz turbinindən istifadə edir. Elektrikləşdirilmədən sonra turbinlər mərhələli şəkildə demontaj olunacaq və bu da istifadə olunmayan yanacaq qaz həcmlərinin ixraca yönəldilməsinə imkan verəcək.

STEL layihəsi “Səngəçal” terminalının operatoru olan bp tərəfindən həyata keçiriləcək və idarə olunacaq. Layihə üzrə tikinti işləri artıq başlanıb və bu işlərin iki mərhələdə başa çatacağı nəzərdə tutulur - 1-ci mərhələ 2027-ci ilin ortalarında, 2-ci mərhələnin isə 2028-ci ilin sonunadək.

Bakı-Tbilisi-Ceyhan boru kəməri şirkətinin (BTC Ko.) səhmdarları: bp (30,10 faiz), SOCAR (32,97 faiz), MOL (8,90 faiz), TPAO (6,53 faiz), Eni (5,00 faiz), “TotalEnergies” (5,00 faiz), İTOÇU (3,40 faiz), ONGC Videş (3,10 faiz), “EksonMobil” (2,50 faiz) və İNPEKS (2,50 faiz) şirkətləridir.

2025-ci ilin birinci yarısında BTC üzrə əməliyyat xərclərinə təxminən 60 milyon dollar, əsaslı xərclərə isə 30 milyon dollar vəsait xərclənib.

1768 kilometr uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2025-ci ilin iyun ayının sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 605 milyon ton (təqribən 4,6 milyard barel) xam neft nəql edilib və “Ceyhan”da 6007 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

İlk altı ay ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 13 milyon ton (təxminən 106 milyon barel) xam neft və kondensat “Ceyhan” terminalında 145 tankerə yüklənib və yola salınıb.

“Şahdəniz”də iştirak payları belədir: bp (operator – 29,99 faiz), LUKOYL (19,99 faiz), TPAO (19,00 faiz), Cənub Qaz Dəhlizi (16,02 faiz), NİKO (10,00 faiz), MVM (5,00 faiz).

2025-ci ilin birinci yarısında “Şahdəniz” üzrə fəaliyyətlərə təxminən 1 milyard 282 milyon dollar əməliyyat xərcləri və təxminən 472 milyon dollar əsaslı xərclər çəkilib. Bu xərclərin böyük əksəriyyəti “Şahdəniz” 2 layihəsinə aid olub.

“Şahdəniz” qaz yatağının işlənməsinin növbəti mərhələsi olan Şahdəniz Kompressiya (ŞDK) layihəsi üçün Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədi üzrə ictimaiyyətlə məsləhətləşmələrin müddəti aprel ayında bitib və sənədin yekun versiyası may ayında hökumət tərəfindən təsdiqlənib.

Bunun ardınca, iyunun 3-də “Şahdəniz” konsorsiumu ŞDK layihəsi üçün yekun investisiya qərarını elan edib.

2,9 milyard dollar dəyərində olan ŞDK layihəsində məqsəd yataqdakı aşağı təzyiqli qaz ehtiyatlarını əlçatan etməklə onların hasilatını təmin etmək və beləliklə yataqdan maksimum qazvermə əmsalına nail olmaqdır. Layihənin yataqdan təxminən 50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan yaradacağı gözlənilir.

Layihə çərçivəsində yeni bir kompressiya obyektinin – elektriklə işləyən, heyətsiz kompressiya platformasının (və ya Əsasən Heyətsiz Qurğu (eNUI)) inşası nəzərdə tutulur. Layihə, həmçinin “Şahdəniz” müqavilə sahəsində quraşdırılacaq bir sıra əlaqədar obyektləri, eləcə də “Şahdəniz Alfa” (ŞDA) və “Şahdəniz Bravo” (ŞDB) platformalarında və “Səngəçal” terminalında mövcud infrastruktur üzərində aparılacaq bir sıra işləri əhatə edir.

Tikinti işlərinin 2025-ci ilin sonlarında başlanacağı planlaşdırılır. Tikintinin 2029-cu ildə başa çatması ilə ŞDK platformasının həmin ildə ŞDA-dan, 2030-cu ildə isə ŞDB platformasından hasil edilən qaz həcmlərini kompressiya etmək üçün qəbul etməyə hazır olacağı planlaşdırılır.

Birinci yarımildə “Şahdəniz” yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam edib.

İlin ilk altı ayında yataqdan ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 14 milyard standart kubmetr qaz və təxminən 2 milyon ton (təqribən 16 milyon barel) kondensat hasil edilib.

Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə təxminən 77,2 milyon (ildə təqribən 28,2 milyard) standart kubmetrdir.

2025-cü ilin birinci yarısında “Şahdəniz 2” layihəsi çərçivəsində qərb-cənub cinahından beşinci quyu işə salınıb və qalan quyularda sualtı işlər üzrə fəaliyyətlər davam edib.

“Xankəndi” sualtı tikinti gəmisi hazırda istismarda olan bütün “Şahdəniz 2” və AÇG sualtı hasilat obyektlərinə texniki xidmət, yoxlama və müdaxilə ilə bağlı ümumi işlərə dəstək verməyə davam edib. Regionda tətbiq edilən vahid gəmi strategiyasına uyğun olaraq “Xankəndi” gəmisi dənizdəki bütün tikinti, quraşdırma, müayinə, təmir və texniki xidmət işləri və fövqəladə hallara cavab tədbirləri üçün əsas gəmi kimi istifadə olunur ki, bu da bp və tərəfdaşlarının əməliyyatlarının daha təhlükəsiz və daha səmərəli olmasına xidmət edir.

“Şahdəniz 2” layihəsi çərçivəsində görülən işlər “Xənkəndi” gəmisinin əsas iş həcmi olmaqda davam edir. Burada əsas diqqət layihə üzrə qalan quyuların təhvil verilməsinə yönəlib. Gəmidən və qazma qurğularından səmərəli istifadəni təmin etmək məqsədilə fəaliyyətlərin optimallaşdırılması və quyuların işə salınması müddətinin sürətləndirilməsi üçün inteqrasiya olunmuş qrafik hazırlanıb.

İlin ilk altı ayında “Şahdəniz Alfa” platformasının qazma qurğusu yenidən aktivləşdirilmə rejimində olub.

“İstiqlal” və “Heydər Əliyev” qazma qurğuları “Şahdəniz 2” layihəsi çərçivəsində quyular üzrə işləri davam etdirib.

İkinci rüb ərzində “İstiqlal” qazma qurğusu qərb-cənub cinahında SDF04 quyusunda işlər həyata keçirib. “Heydər Əliyev” qazma qurğusu isə şərq-şimal cinahında SDH04 quyusunun qazma işlərini davam etdirib.

Ümumilikdə “Şahdəniz 2” çərçivəsində 22 quyu qazılıb. Bunlara yatağın şimal cinahında beş quyu, qərb cinahında beş quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu və şərq-şimal cinahında üç quyu daxildir.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKş) sərmayədarları bunlardır: bp (29,99 faiz), Cənub Qaz Dəhlizi (21,02 faiz), LUKOYL (19,99 faiz), TPAO (19,00 faiz), NİKO (10,00 faiz).

İlin birinci yarısında CQBK-nin əməliyyat xərcləri təqribən 36 milyon dollar, əsaslı xərclər isə təxminən 12 milyon dollar olub.

CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

İlin ilk altı ayı ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 62,4 milyon kubmetr olub.

“Şəfəq-Asiman” dəniz blokunda TPAO-nun qoşulması ilə layihəni irəli aparacaq ən uyğun variantın müəyyənləşdirilməsi üçün blokun bundan sonrakı qiymətləndirilməsi sürətləndiriləcək. Bu məqsədlə “Aşağı Suraxanı” layına bir quyunun qazılması da daxil olmaqla əlavə qiymətləndirmə işləri həyata keçiriləcək. Bu fəaliyyətlərə imkan yaratmaq üçün, həmçinin HPBS-nin kəşfiyyat dövrü uzadılıb və bp bu dövr üçün operator olaraq qalır.

İkinci rübdə bp həmçinin “Qarabağ” neft yatağının işlənməsi üzrə mövcud Risk Xidməti Sazişinə (RXS) və Əşrəfi – Dan Ulduzu – Aypara (ADUA) sahəsinə aid hasilatın pay bölgüsü sazişinə (HPBS) qoşulub.

bp bu iki sazişin - RXS və HPBS, hər birində SOCAR-dan 35 faizlik iştirak payı alıb. bp, həmçinin hər iki müqavilə üzrə operator olacaq. Bu sazişlər Xəzərdə mövcud infrastrukturdan ən səmərəli şəkildə istifadə etməyə imkan yaradacaq yeni işlənmə variantlarını müəyyənləşdirmək istiqamətində bp-nin SOCAR-la əməkdaşlığında yeni perspektivlər açır.

2025-ci ilin ikinci rübünün sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2395 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100 faiz yerli vətəndaşlardan ibarətdir.

bp öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksəksəviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.

Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün bp və tərəfdaşları mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni imkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.

2025-ci ilin birinci yarısında bp və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda təxminən 0,7 milyon dollar vəsait xərcləmişlər. İlk altı ay ərzində bu layihələrə hazırda davam edən 17 təhsil proqramı və yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 1 layihə daxil idi.

Bundan əlavə, bp ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə ilin birinci yarısında təxminən 0,4 milyon dollar vəsait xərcləyib.

Bunlara hazırda davam edən 19 təhsil təşəbbüsü, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 1 layihə, ətraf mühit üzrə 5 təşəbbüs və müxtəlif mövzularda 7 konfrans və seminara dəstək, yəni ümumilikdə 32 layihə daxildir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
80
50
azertag.az

10Mənbələr