Eyyub Hüseynov: ""Kontakt Home" istehlakçını dinləmir, boykot edilməlidir!"
Şikayətçinin sözlərinə görə, 2023-cü ildə “Kontakt Home”dan “Beko” markalı kondisioner alıb. Cihaz qısa müddət işlədikdən sonra sıradan çıxıb: “Keçən il kondisioner işləmədiyi üçün mağazanın ustası gəlib baxış keçirdi. Lakin cihazın tutumunu nəzərə almadan ona normadan 2 dəfə çox qaz vurdu. Bu isə texniki baxımdan ciddi səhvdir və kondisionerin sıradan çıxmasına səbəb oldu”.
Rəşid İbrahimov bildirib ki, bir həftə ərzində dəfələrlə “Kontakt Home”a müraciət etsə də, heç bir nəticə əldə olunmayıb.
Tribunainfo.az xəbər verir ki, şikayətçi Vüqar İskəndərov da problemini sosial şəbəkələrdə ictimailəşdirib. O deyib ki, “Kontakt Home” mağazalar şəbəkəsinin göstərdiyi xidmət və məhsullarının keyfiyyətsizliyi ilə bağlı şikayətlər səngimir. O bildirib ki, “Kontakt Home”dan aldığı kondisioner çatdırılıb, lakin hələ də gəlib quraşdıran olmayıb: “Müştəri xidmətlərindən tutmuş kondisioner ustasına qədər hamı çox peşəkar şəkildə yalan danışır”.
Ötən həftələrdə isə müştəri Həvva Mehdiyeva bildirib ki, aldıqları kondisioner zədəli olub. Ancaq “Kontakt Home” müştərinin probleminə baxmayıb. Ümumiyyətlə, bu mağazalar şəbəkəsindən sosial şəbəkələrdə tez-tez şikayətlərə rast gəlmək olur. Bu dəfə isə mövsümlə bağlı olaraq daha çox kondisionerdən narazılıq olub.

Eyyub Hüseynov
Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a danışıb. Qurum sədri qeyd edib ki, artıq 10 ilə yaxındır “Kontakt Home” mağazalar şəbəkəsi ilə bağlı şikayətlər fasiləsiz olaraq daxil olur: “Hər gün bu qurumdan müxtəlif şikayətlər alırıq. Sonuncu belə müraciət Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Şəhid Məmməd Zamanlı küçəsində yaşayan İsmayılov Rauf İsa oğlundan gəlib. O, 2023-cü ilin aprelində ”Kontakt Home"un Bakıxanov-2 filialından 1 ədəd künc divanı, 1 ədəd ortalıq stolu və 8 ədəd oturacaq stulunu kreditlə alıb. Müqaviləyə əsasən, 2 il müddətinə hər ay 145 AZN ödəməli idi. Məhsulların nağd qiyməti 2300 AZN olduğu halda, kredit nəticəsində ümumilikdə 3500 AZN ödəməli olub. Bu da 1200 AZN artıq ödəniş deməkdir. Bunu təsdiqləyən möhürlü qəbzləri də mövcuddur.
Şikayətçi ilk 7 ay ödənişlərini vaxtında etsə də, əməkhaqqında gecikmə səbəbindən təxminən 9-10 günlük yubanmaya yol verib. O, bu barədə rəhbərliklə danışıb və ona problem olmayacağı bildirilib. Lakin 29 aprel 2025-ci ildə sonuncu ödənişi edərək 3500 AZN-lik borcu tam bağladıqdan sonra 5 iyul 2025-ci ildə ona zəng edərək guya 883 AZN “dəbbə pulu” borcu olduğu deyilib. Hətta "başınız pis ağrayacaq" kimi təhdidlər səsləndirilib, nalayiq ifadələrlə təhqir olunub.
Qeyd edim ki, qurumumuza daxil olan şikayətlərin ümumilikdə 80 faizi danışıqlar yolu ilə həll olunur, amma “Kontakt Home” ilə bağlı müraciətlərin cəmi 1 faizini bu yolla çözmək mümkün olur. Lakin bu şirkətlə bağlı şikayətlər çox mürəkkəbdir. Gülməli odur ki, "Kontakt Home" çox aqressiv reklam kampaniyaları aparır. Müştəri pulu verib malı alırsa, hər şey yaxşıdır. Amma pul verməyənlərə qarşı sərt münasibət göstərilir. Sonrakı mərhələdə isə istehlakçıların şikayətlərinə baxmaq, onları dinləmək kimi normal iş prinsipləri yoxdur.
Bir müddət əvvəl “Kontakt Home” “Music Gallery” mağazalar şəbəkəsini alıb və bundan sonra həmin mağaza ilə bağlı da şikayətlər daxil olmağa başlayıb.
Son 8 ildir ki, şikayətlərin sayına görə "Kontakt Home" birinci yerdədir. Əksər şikayətlər kreditlə alınan məhsullarla bağlıdır. Krediti tam ödəyən, amma cüzi gecikməyə görə yüksək məbləğdə cərimələnən, daha sonra məhkəmə qərarı ilə borclandırılan çoxlu sayda istehlakçı var".
AİB sədri əlavə edib ki, bu qədər şikayətə baxmayaraq, “Kontakt Home”un hüquqşünası və mətbuat katibi ilə yalnız bir dəfə görüşmək mümkün olub: “Əvvəllər İqtisadiyyat Nazirliyi yanında fəaliyyət göstərən, hansı ki, indi Prezident yanında olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti adlanan qurumun rəhbərliyi ilə dəfələrlə görüşlərimiz olub, xahişlər etmişik. Amma hələ də nəticə yoxdur”.
Sonda Eyyub Hüseynov istehlakçılara çağırış edib: “Mən istehlakçıları boykota səsləyirəm. O yalançı və aqressiv reklam kampaniyalarına inanmasınlar, reallığı nəzərə alsınlar, aldadıcı vədlərə uymasınlar”.