AZ

“Vaşinqton prosesi” sülhlə nəticələnəcəkmi? – Minsk Qrupu bu halda buraxılacaq – MÜSAHİBƏ

Politoloq Fərhad Mehdiyev Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Fərhad bəy, Azərbaycan Prezidenti ilə Ermənistan Baş nazirinin Vaşinqtonda növbəti görüşü olacaq. Sülh sazinin paraflanması, ATƏT-in Minsk Qrupunun buraxılması və birgə memorandumun imzalanacağına dair fikirlər səslənir. Gözləntilər nədən ibarətdir?

- Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmayana qədər ATƏT-in Minsk Qrupu buraxılmayacaq. Bu, Minsk Qrupunda yer alan üç ölkə (ABŞ, Fransa və Rusiya) üçün hadisələrə müdaxilə baxımından rıçaq hesab edilir. Sülh sazişi yoxdursa, onlar bu mexanizmi əllərindən verməyəcəklər. Amerikanın özü belə bu imkanı əldə vermək niyyətində deyil.

ABŞ-də sülhlə bağlı tam əminlik yarandıqdan, yəni “Vaşinqton prosesi” sülhlə nəticələnəcəksə, buna gedəcəklər. Amma bütün bunların fonunda Azərbaycanla Ermənistan liderləri arasındakı görüşün nəticəsi olaraq müəyyən bir memorandumun imzalanması ehtimalı var.

Sözsüz ki, bu, yekun sülh müqaviləsi sayılmayacaq. Sadəcə, bu sənəd tərəfləri sülhə bir az da yaxınalşdıracaq.

- ABŞ Prezidenti Donald Trampın son zamanlar Bakı ilə İrəvan arasındakı sülh prosesinə dair müsbət mesajları var. Ağ Ev rəhbərinin prosesə təsir imkanlarını necə dəyərləndirmək olar?

- Əslində Tramp bu məsələdə heç bir iş görməyib. Sülh sazişi imzalanacaqsa, bu, sırf Azərbaycan Prezidentinin səyləri nəticəsində əldə olunacaq. Yəni, Tramp sülh qurucusu rolunda deyil.

Azərbaycan bu məsələdə Türkiyə ilə birgə hərəkət edir. Bu da Paşinyanın mövqeyinə təsir göstərir. Əslində Ermənistanın başqa şəkildə inkişafı məhz bundan asılıdır. Paşinyan Ermənistanın gələcəyini Azərbaycan və Türkiyə ilə düşmənçilik olmadan, Rusiyanın təsir dairəsindən uzaqda görür.

Zəngəzur dəhlizinin icarə əsasında açılması təklifi də Amerikadan gəlməyib. Azərbaycan və Ermənistan tərəfinin ümumi razılığı ilə belə bir təklifin ortaya çıxdığı ehtimalı var.

- Azərbaycan və Ermənistan arasında ikitərəfli formatda aparılan danışıqlar fonunda tərəflər yekun sülhə nə qədər yaxındır?

- Razılaşdırılması mümkün olan texniki məsələlər hələ də var. Guman ki, indiki şəkildə Bakı və İrəvan arasında ilkin sülh sənədi kimi çərçivə razılaşması əldə oluna bilər. Çərçivə sülh sazişindən sonra xeyli sayda protokollar, memorandumlar imzalanacaq. Çünki hələ də Azərbaycanla Ermənistan arasında sərhəd xətti tam müəyyənləşməyib. Bu da yekun sülh sazişinin imzalanacağı ehtimalını azaldır.

Həmçinin Zəngəzur dəhlizi açılmayıb. Ona görə də yekun sülh sazişinin əldə olunması üçün hələ bir çox məsələ həllini tapmalıdır.

Seçilən
17
teleqraf.com

1Mənbələr